Fransanın Yaxın Şərq uğursuzluğu - diplomatlar Makronu ittiham edir - ŞƏRH

Fransanın Yaxın Şərq uğursuzluğu - diplomatlar Makronu ittiham edir - ŞƏRH Fransa müasir dünyada ən uğursuz dövlət kimi xarakterizə edilməkdədir. Prezident Emmanuel Makronun və komandasının yarıtmaz və uğursuz siyasətinin nəticəsidir ki, ölkə bütün əvvəlki mövqelərini, beynəlxalq nüfuzunu itirir. Afrikada keçmiş müstəmləkələrdən
Analitika
15 Noyabr , 2023 16:20
Fransanın Yaxın Şərq uğursuzluğu - diplomatlar Makronu ittiham edir - ŞƏRH

Fransa Prezidenti Emmanuel Makron və komandasının yarıtmaz, uğursuz siyasətinin nəticəsidir ki, hazırda bu ölkə əvvəlki mövqelərini, beynəlxalq nüfuzunu itirib. Afrikada keçmiş müstəmləkələrdən qovulması azmış kimi, indi də Yaxın Şərqdəki uğursuzluqları rəsmi Parisi çətin vəziyyətə salıb. Belə ki, Fransa hökumətinin oktyabrın 7-dən HƏMAS-ın İsrailə hücumu ilə başlayan müharibəyə ikili yanaşması bu ölkədə ciddi fəsadlara yol açıb. Beşinci respublikanın ən uğursuz lideri Makron hökumətinin birtərəfli qaydada İsraili müdafiə etməsi cəmiyyəti az qala ikiyə bölüb.

Çoxmilyonluq ərəb icması da fransızlardan proseslərə obyektiv yanaşma tələb edir. Siyasi dairələrdə belə bir fikir var ki, uğursuzluqdan dərs çıxarmayan hakimiyyətin Yaxın Şərqdə növbəti fiasko ilə üzləşə biləcəyi realdır. İş o yerə çatıb ki, Yaxın Şərq və Şimali Afrika ölkələrində rəsmi Parisi təmsil edən 10-dan artıq səfir prezidenti İsrailin HƏMAS-a qarşı müharibəsində birtərəfli qaydada müdafiə etdiyinə görə sərt tənqid ediblər. Bununla bağlı müvafiq məktuba imza atan diplomatlar etirazlarını Xarici İşlər Nazirliyi (XİN) və Yelisey sarayına ünvanlayıblar.

“Le Fiqaro” məktuba istinadən yazır ki, bu müraciəti məktubdan çox etiraz notası adlandırmaq daha düzgün olardı. Onların qənaətincə, Fransa İsrail və Fələstin arasında balanslı siyasət əvəzinə birtərəfli siyasət yürüdür. Müraciəti oxuyan, lakin adı açıqlanmayan fransalı diplomatın sözlərinə görə, Fransaya regionda etimad azalıb. Bütün bu problemlərin səbəbkarı isə prezident və komandasıdır. Məhz onların uğursuz və yarıtmaz siyasətinin nəticəsidir ki, ölkə Şimali Afrikadan qovuldu, indi də eyni taleni Yaxın Şərqdə yaşaya bilər...

Fransız səfirlər gərək onu da deyərdilər ki, Fransa hakimiyyəti eyni taleni Cənubi Qafqazda da yaşaya bilər. Bəllidir ki, Ermənistanı birtərəfli qaydada müdafiə edən, onu silahlandıran Paris bölgədə Rusiya ilə soyuq savaşa girərək hər vəchlə onu bölgədən çıxarmağa çalışır. Ermənistan da bu təhlükəli planın icraçısı rolunda çıxış edir. Ümid edək ki, fransalı səfirlərin Makrona və Xarici İşlər Nazirliyinə ünvanladığı növbəti “nota məktubu” Ermənistanla bağlı olacaq. Onlar gözəl bilirlər ki, 200 illik himayəçisi olan Rusiyaya xəyanət edən dövlət, xalq onlara da eyni mövqe nümayiş etdirə bilər. Moskva ilə münasibətləri minimuma endirən İrəvanın eyni addımı Parisə qarşı da atacağı şübhəsizdir. Bu baxımdan, Fransa diplomatiyası indidən uğursuzluğu qarşılamağa hazır olmalıdır. Yəni Ermənistan istənilən an Parisi Moskva və yaxud bir başqası ilə əvəzləyə bilər.

Beləliklə, fransalı diplomatların etiraz məktubu problemlərin ciddiliyindən xəbər verir. Məsələ ondadır ki, qanunverici orqanda təmsil olunan deputatlar da bir neçə ay bundan əvvəl müvafiq müraciətlə çıxış ediblər. Müxtəlif siyasi qrupları təmsil edən 94 deputatın imzası ilə Makrona edilən açıq müraciətdə Fransanın Afrikadakı məğlubiyyətindən ciddi narahatlıq ifadə olunmuşdu. Müstəmləkə təfəkkürlü deputatların narahatlığı ondan ibarət olub ki, Afrikadan qovulma ölkənin gəlirlərinə ciddi təsir edəcək. Həqiqətən də belə olub. Məsələn, Nigerin faydalı qazıntıları, xüsusən də uran Fransa büdcəsini illərdir milyardlarla avro vəsaitlə təmin edib. Bundan məhrum olan Makron bu səbəbdən də üzünü Qazaxıstana tutub.

Senatorların məktubdakı yekdil fikri bundan ibarətdir ki, ümumilikdə, Afrika ölkələrinin hamısı Parisin qitədəki varlığına açıq və ya gizli şəkildə etiraz edir. Onlar bu qitədə yayılan anti-Fransa tendensiyasını ölkələrinin imperialist maraqları ilə deyil, Makron rejiminin qitədəki uğursuz siyasəti ilə əlaqələndirirlər. Senatorların müraciətində Fransanın Afrikada Rusiyaya, Çinə və ABŞ-yə uduzması faktı da etiraf olunub.

İndi isə səfirlər dilə gəlib. Fransa XİN-in üç sabiq əməkdaşı səfirlərin imza atdığı “etiraz notası”nı presedentsiz addım kimi dəyərləndirib. Yelisey sarayı və XİN diplomatik yazışmanı şərh etməkdən boyun qaçırıb və bunu məxfiliyi qoruyub saxlamaqla əlaqələndirib. Bildiriblər ki, bu müraciət çoxsaylı məktublardan biridir və onu xarici siyasəti müəyyən edən prezident, baş nazir və xarici işlər naziri cavablandıra bilər.

Qeyd edək ki, bu məktubdan əvvəl “Le Monde” nəşri də diplomatların etirazları barədə bəhs edib.

Proseslərin gedişi onu deməyə əsas verir ki, Fransa hakimiyyətini qarşıda ciddi problemlər gözləyir. Deputatlar, ardınca da səfirlərin hakimiyyətə etirazları artıq gərginliyin pik həddə çatdığının göstəricisidir. Hakimiyyət anlamalıdır ki, ölkədəki bir qrup erməni icmasının səsi və maliyyəsi əsas deyil. Rəsmi Paris bu siyasətindən əl çəkməsə, Afrikadan sonra digər bölgələrdən də onu qovacaqlar.

Son xəbərlər

Orphus sistemi