Fransanın Paralimpiya ayıbı - anti-Azərbaycan isterikası bitmir - ŞƏRH

Fransanın Paralimpiya ayıbı - anti-Azərbaycan isterikası bitmir - ŞƏRH Fransada anti-Azərbaycan isterika bitib-tükənmir. Emmanuel Makron hökuməti bir daha nümayiş etdirdi ki, onun üçün heç bir dəyər, əxlaq məsələsi qalmayıb. Bu dəfə Paralimpiya Yay Oyunlarının açılış mərasimində təşkilatçılar qərəzlilik nümayiş etdirib, mənə
Analitika
30 Avqust , 2024 12:48
Fransanın Paralimpiya ayıbı - anti-Azərbaycan isterikası bitmir - ŞƏRH

Fransada anti-Azərbaycan isterikası bitib-tükənmir. Emmanuel Makron hökuməti bir daha nümayiş etdirdi ki, onun üçün heç bir dəyər, əxlaq məsələsi qalmayıb. Yay Olimpiya Oyunlarında olduğu kimi, Paralimpiya Oyunlarının açılış mərasimində də təşkilatçılar qərəz və mənəvi yoxsulluqlarını nümayiş etdiriblər. Onlar paralimpiadanın açılış mərasiminin salamlama mərhələsində Azərbaycanın adını çəkməyi özlərinə layiq bilməyiblər. Erməni lobbisindən "yemlənən" fransızlar bununla da fiziki qüsurlu idmançılara qarşı ayrı-seçkiliyə yol veriblər.

Olimpiya Oyunları tarixən təkcə idman tədbiri deyil, həm də xalqlar arasında münasibətlərin yaxşılaşdırılması üçün bir fürsət kimi qəbul edilib. Oyunlar müxtəlif millətlərin və mədəniyyətlərin nümayəndələrini bir araya gətirir, sülh, dostluq və həmrəylik ideallarını təbliğ edir, diplomatiya və beynəlxalq əməkdaşlıq üçün mühüm platformaya çevrilir. Bundan əlavə, sülh, dostluq, həmrəylik və ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə ideallarını təbliğ edir. Lakin Makron hökuməti növbəti dəfə sübut etdi ki, Fransa bütün bu xüsusiyyətlərdən məhrumdur və ya bunları icra etməyə qadir deyil.

İrqçilik, milli, dini və ya cinsi ayrı-seçkiliyin hər hansı forması qadağandır. Paris-2024 olimpiadasının məqsədi də bu olmalı idi. Amma həm Olimpiya Oyunlarının açılış mərasimi, həm də dünənki biabırçılıq göstərdi ki, tədbirin keçirildiyi ölkə bu sülh, dostluq, həmrəylik və ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizə prinsiplərindən uzaqdır.

Yerli telekanallarla nümayiş etdirilən sonuncu kadrlar prosesin arxasında siyasi isteblişmentin durduğunu təsdiq edib. Qeyd edək ki, bundan əvvəl Yay Olimpiya Oyunlarının açılışı zamanı şərhçilər Azərbaycanın ünvanına hədyanlar yağdırıb, idman yarışmasına siyasi don geyindirmişdilər. Eyni zamanda, qorxaqlara xas xüsusiyyətlə təhqiredici ittihamlarla çıxış etmişdilər. Bu cür münasibət prinsipcə qəbuledilməzdir, xüsusən də Paralimpiya Oyunları kontekstində. Burada milli mənsubiyyətindən asılı olmayaraq, hər bir idmançı öz mətanətinə və idmana sadiqliyinə görə tanınmağa layiqdir və təkcə etik standartların pozulması deyil, həm də təhqirdir. Axı bu Paralimpiya Oyunlarıdır! Onun bütün iştirakçıları məhdud imkanlara malik əsl qəhrəmanlardır! Fransızların etdikləri isə sadəcə olaraq iyrəncdir!

Bu dəfə nümayiş olunanlar Fransa siyasi isteblişmentinin mənəviyyatsızlığını, bütün mənəvi dəyərlərdən məhrum olduğunu göstərir.

Sual olunur, Azərbaycana qarşı belə münasibətin səbəbi nədir? Nifrətin və kinin həddi o həddə çatıb ki, heç bir dəyər belə diqqətə alınmır. Aydındır ki, Parisin bu ehtiyatsız və tamamilə anlaşılmaz siyasətinin önündə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi, Fransa kolonializminə qarşı mübarizəsi və müstəqil siyasəti dayanır.

İki ölkə arasında gərginliyin təşəbbüskarı da Fransadır. Azərbaycan tarixən Fransa ilə dostluq və ikitərəfli münasibətləri genişləndirmək xətti götürüb. Bu ölkə hətta keçmiş Qarabağ münaqişəsinin nizamlanmasını həyata keçirən ATƏT-in artıq tarixə qovuşmuş Minsk qrupunun həmsədr dövləti olub. Lakin Qarabağ zəfərindən sonra rəsmi Paris birtərəfli qaydada Ermənistanın tərəfində dayanır, onu “fransızların ürəyinə yaxın ölkə” adlandırır və əzabkeş ölkə kimi təqdim etməyə çalışır.

O ki qaldı prezident Emmanuel Makrona, Fransa lideri son addımla ənənəsinə sadiq qaldığını sübut etdi. Sanki prezident və komandası əlindən gələni etdi ki, XXXIII Yay Olimpiya Oyunları dünya tarixinə rəzalət oyunları kimi düşsün. Fransızlar ənənələrinə sadiq qalaraq mötəbər idman yarışına siyasət qatmaqdan çəkinmədilər.

Hakimiyyətin biabırçılığı tək bununla kifayətlənmir. Yarışlar göstərdi ki, hakimiyyət oyunların təşkilində fiasko yaşadı. Miqrantlar və evsizlər şəhərdən qovulsa belə, biabırçılıqlar bitib-tükənmədi. İdmançılar qidadan tutmuş bütün təşkilati işləri sərt tənqid etdilər. Məsələn, Böyük Britaniya nümayəndə heyətinin bəzi idmançıları Olimpiya Kəndində ərzaq qıtlığı ilə üzləşdiklərini açıq bildirdilər. Fransanın “L'Equipe” qəzetinin məlumatına görə, səhər yeməyi zamanı idmançıların çoxluğu səbəbindən restoranda məhdud sayda ərzaq olub. Almaniyanın otüstü hokkey komandasının üzvləri hesab edirlər ki, Parisdəki Olimpiya Kəndində idmançılar üçün şərait çox arzuolunmazdır. Yay Olimpiya Oyunlarının açılış mərasiminə bir neçə saat qalmış vandallar Fransanın yüksək sürətli dəmir yolu şəbəkəsinə hücum etdilər. Nəticədə yüzminlərlə yerli sakin və Parisə gələn qonaqlar çətin vəziyyətdə qaldılar.

Kuryozlar sırasında Cənubi Koreya idmançılarının səhvən Şimali Koreya kimi təqdim edilməsi də olub. Cənubi Koreyanın İdman Nazirliyi bununla bağlı “hökumət səviyyəsində Fransaya ciddi şikayət” verib.

Qonaqların əsas problemindən birinin də nəqliyyatla bağlı olduğu bildirilir. Hava limanlarından xüsusi transferlər olmayıb, metronun bir çox stansiyasında eskalatorlar işləməyib. Olimpiada zamanı 15 milyon turisti qəbul edən Parisdə sürücü çatışmazlığı, metro və qatarlarda gecikmələr səbəbindən ictimai nəqliyyatda ciddi sıxlıq yaranıb.

Hələ olimpiada başlamazdan əvvəl ekspertlər Fransa hakimiyyətinin bu irimiqyaslı tədbirə hazırlığına şübhə ilə yanaşırdılar. Ümumiyyətlə, Paris Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazır deyildi və tədbirin açılış mərasimi bunu açıq şəkildə göstərdi. Fransanın olimpiya biabırçılığı özünü bütün "şöhrəti" ilə büruzə verdi və Ermənistana məhəbbət belə Parisi qazandığı bu "şöhrət"dən xilas edə bilməyəcək.

Beləliklə, Azərbaycanın maraqlarına qarşı absurd sarkazmı işə salan Paralimpiya Oyunlarının təşkilatçıları əndazələri aşdılar və mənəvi-əxlaqi keyfiyyətlərinin tamamilə tükəndiyini sübut etdilər.

Son xəbərlər

Orphus sistemi