Son illərdə Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən birini neokolonializmlə mübarizə təşkil edir. Uzun illər haqsızlığa məruz qalan rəsmi Bakı bu gün haqqı tapdanan xalqları müdafiə edir, onların azadlıqları üçün çalışır.
Bu istiqamətdə atılan mühüm addımlardan biri 2023-cü ildə Bakı Təşəbbüs Qrupunun (BTQ) yaradılması olub. Qrupun məqsədi dünyanın müxtəlif bölgələrində müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verməkdir. Yarandığı gündən etibarən BTQ müstəmləkəçiliyə qarşı mübarizədə fəal iş aparır. Bu baxımdan, 2023-cü ilin sentyabrında BMT-də "Dekolonizasiya: Sakit inqilab" mövzusunda keçirilən konfransı, həmin ilin oktyabrında qrupun təşəbbüsü ilə 14 ölkənin, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin, həmçinin Korsikanın təmsilçilərinin iştirak etdiyi "Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik" adlı beynəlxalq konfrans, noyabr ayında "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf" mövzusunda konfranslar xüsusi əhəmiyyətə malikdir.
Bu il iyunun 24-də isə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında "Müstəqilliyə və fundamental azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin rolu" adlı beynəlxalq konfrans baş tutdu.
Yeri gəlmişkən, elə bu gün Bakıda BTQ-nin təşkilatçılığı ilə “Afrikada Fransanın neokolonializm siyasəti” mövzusunda beynəlxalq konfrans keçirilir. Konfransda Afrika ölkələrinin, xüsusilə Seneqal, Burkina-Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublikası, Mavritaniya, Zimbabve, Niger, Fransa və onun idarəçiliyi altında olan Mayot adasının nümayəndələri iştirak edirlər.
Adıçəkilən təşəbbüslər fərqli xalqların Fransa müstəmləkəçiliyindən xilas olmasında mühüm rol oynayır.
BTQ oktyabrın 2-də azadlıq mübarizəsində qazandığı uğurla əlaqədar kanak xalqına təbrik ünvanlayıb. Bəyanatda Fransa tərəfinin Kanak xalqının bir sıra tələblərini yerinə yetirməyi öhdəsinə götürməsi Parisin müstəmləkəçilik siyasətinə qarşı aparılan mübarizənin uğuru kimi qiymətləndirilib.
Əsas vurğu ona edilib ki, Yeni Kaledoniyada Fransa müstəmləkəçiliyi, habelə kanak xalqının hüquq və azadlıqlarının Makron iqtidarı tərəfindən kobud pozulmasına etiraz əlaməti olaraq bir neçə aydır dinc aksiyalar keçirilir. Bu aksiyalar nəticəsində 10-dan artıq mülki şəxs Fransa təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib, yüzlərlə adam həbs edilib. Eyni zamanda Kanak xalqının azadlıq cəbhəsi olan FLNKS-in əsas fiqurları, xüsusilə hərəkatın lideri Kristian Teyn qanunsuz həbs edilərək Lyon şəhərinə köçürülüb.
Bakı Təşəbbüs Qrupu, həmçinin ilk gündən bu siyasi məhbus ailələrinə dəstək verdiyini və dəstək verməkdə davam edəcəyini qeyd edib.
Sonrakı proseslər də göstərdi ki, Bakının təşəbbüsü nəticəsiz qalmır. Dinc etiraz aksiyalarını yerli xalqlara atəş açmaqla susdura bilməyəcəyini nəhayət dərk edən Makron iqtidarı kanak xalqı qarşısında geri çəkilmək məcburiyyətində qaldı. Belə ki, 1998-ci ildə Fransa hökuməti ilə FLNKS arasında imzalanmış Numea sazişindən bəri ilk dəfə Fransa tərəfi kanak xalqının bir sıra tələblərini yerinə yetirməyi öhdəsinə götürdü.
Bundan başqa, Yeni Kaledoniyanın ardınca digər müstəmləkələrdə etiraz dalğasının baş qaldırması və sürətlə genişlənməsi Fransa hökumətini bir sıra güzəştlərə getməyə məcbur etdi.
Belə ki, bundan sonra Koloniyaların məsələləri ilə Dənizaşırı ərazilər üzrə nazir deyil, Baş nazir özü birbaşa məşğul olacaq. Fransa Milli Assambleyası və Senatının sədrləri dialoqun qurulması məqsədi ilə tezliklə Yeni Kaledoniyaya səfər edəcəklər. Baş nazir və dənizaşırı ərazilər naziri yanında formallaşdırılmış nazirliklərarası nümayəndə heyəti Yeni Kaledoniya ilə danışıqlar aparacaq (əvvələr kanak xalqı ilə dialoqdan imtina edirdilər). Eyni zamanda, dövlət başçısı ilə razılıq əsasında Yeni Kaledoniyada 2024-cü ilin sonunda keçirilməsi nəzərdə tutulan əyalət seçkiləri 2025-ci ilin sonuna qədər təxirə salınıb. Fransa parlamentinin palataları bununla bağlı qərar qəbul edəcəklər. Həmçinin, Yeni Kaledoniyada seçki kütləsinin sayının qanunsuz artırılması ilə bağlı 2024-cü ilin may ayında qəbul edilmiş konstitusiya qanunu Fransa Konqresinə səsverməyə təqdim edilməyəcək. Fransanın dövlət başçısı bunu noyabr ayında rəsmən bəyan edəcək. Bu, o deməkdir ki, Fransa hökuməti bundan sonra Yeni Kaledoniyaya məqsədli şəkildə kənardan köçürdüyü miqrantlara səsvermə hüququ verə bilməyəcək.
Beləliklə, Fransanın kanak xalqına etdiyi güzəştlər ciddi uğurdur. Bu, göstərir ki, Yelisey Sarayının müstəmləkəçilik siyasətinə qarşı mübarizə davam etməlidir. Belə olarsa, gələcəkdə daha ciddi uğurlar əldə edilə bilər.
Yeni Kaledoniyada seçkilərin təxirə salınması xüsusi qeyd olunmalı məqamdır. Görünür, Fransa hökuməti başa düşüb ki, indiki məqamda seçkilərin keçirilməsi daha ciddi problemlərə səbəb ola bilər. Ona görə də geri addım atıb. İstisna deyil ki, 2025-ci ildə planlaşdırılan seçkilər o zaman yenidən təxirə salınacaq.
Fransanın Baş naziri Mişel Barnier bildirib ki, guya Yelisey Sarayı Yeni Kaledoniya xalqının çəkdiyi əzab və iztirablardan xəbərdardır. O, Fransa hökumətinin kanakların yanında olduğunu söyləyib. Halbuki bu, siyasi manipulyasiya vasitəsindən başqa bir şey deyil. Birincisi, Fransa hökuməti heç bir haqla kanakların yanında olduğunu deyə bilməz. Bu, ən azından siyasi əqidəsizlikdir. İkinci bir tərəfdən, unudulmamalıdır ki, müstəmləkəçilik siyasətinə səbəb olan elə Fransa hökuməti özüdür. Fransadakı Emmanuel Makron hökuməti özünün siyasi maraqları naminə başqa xalqları əzməkdən çəkinmir. Fərqli xalqları tamamilə özündən asılı vəziyyətə salmaq, sonra isə onlara cüzi azadlıq vermək heç bir halda humanizm deyil.
Beləliklə, Yelisey Sarayı faktiki olaraq məğlubiyyətini etiraf edib. Görünür, kolonializmə məruz qalan xalqların haqlı etirazları artıq Fransa hökumətini narahat etməyə başlayıb.
Əlbəttə, kanak xalqının bu uğuru Fransa müstəmləkəçiliyindən əziyyət çəkən digər xalqlar üçün də həm örnək, həm də stimuldur. Düşünmək olar ki, gələcəkdə rəsmi Parisin kolonialist siyasətinə qarşı mübarizə daha da güclənəcək. Bu isə perspektivdə Fransanın öz xarici siyasət kursuna korrektələr etməsi ilə nəticələnə bilər.