Fransanın Azərbaycanafob siyasətini doğuran səbəblər - ŞƏRH

Fransanın Azərbaycanafob siyasətini doğuran səbəblər - ŞƏRH Zəngin müstəmləkə keçmişinə malik bir sıra dövlətlər, xüsusən də, Fransa müstəmləkə təfəkküründən qurtula bilmədiyi bəllidir. Riyakar və çirkin siyasətə qarşı çıxan dövlətlər mütəmadi olaraq hədəfə alınır, hər cür təzyiqlər edilir. Parisin müstəmləkəsi al
Analitika
18 Dekabr , 2023 17:29
Fransanın Azərbaycanafob siyasətini doğuran səbəblər - ŞƏRH

Zəngin müstəmləkə keçmişinə malik bir sıra dövlətlərin, xüsusən də Fransanın müstəmləkə təfəkküründən qurtula bilmədiyi bəllidir. Riyakar və çirkin siyasətə qarşı çıxan dövlətlər mütəmadi olaraq hədəfə alınır, onlara qarşı hər cür təzyiqlər edilir. Parisin müstəmləkəsi altında inləyən, müstəqillik uğrunda mübarizə aparan dövlətlərin azadlıq mübarizəsinə, təəssüflər olsun ki, beynəlxalq birlik lazımi dəstək və həmrəylik nümayiş etdirməkdən çəkinir.

Faktdır ki, bu gün Azərbaycan Qoşulmama Hərəkatına (QH) üzv dövlətlərin problemlərinin həllində ciddi dəstək tribunasına çevrilib. 2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə QH-yə sədrliyi həyata keçirib.

Hərəkata sədrliyi dövründə həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri də məhz neokolonializmlə mübarizə məsələsi olub. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, dekolonizasiya mühitində yaranmış Qoşulmama Hərəkatı bu mövzuya xüsusi önəm ayırmalıdır. Ölkə Prezidenti Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırış da edib. Məhz Bakıda keçirilən tədbirdə Fransa müstəmləkəsini sərt tənqid edən Bakı Bəyannaməsi qəbul olundu, tədbirin davamı kimi Cenevrədə beynəlxalq konfrans keçirildi. Görünür, bu səbəbdən də erməni lobbisinin təsiri altında olan fransalı siyasilər, rəsmi orqanlar Azərbaycanı hədəfə alan bəyanat və təşəbbüslərlə çıxışlarının sayını artırıblar. Erməni lobbisindən yemlənən bir qrup fransız ictimai-siyasi xadim, o cümlədən Paris meri Ann İdalqo 2024-cü ildə BMT-nin İqlim sammitinin (COP29) Azərbaycanda keçirilməsi qərarına etiraz əlaməti olaraq gülünc müraciətlə çıxış ediblər. Bu, Fransa cəmiyyətinin irqçi, islamofob və Azərbaycanofob mahiyyətini bir daha nümayiş etdirir.

Problemlər içində çabalayan şəhərin problemlərini həll etmək əvəzinə, Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən Paris meri tək deyil. İrqçi müraciəti imzalayanlar arasında Ann İdalqo, Valeri Pekres, Bruno Reteyo kimi “tanış” simalar var. Valeri Pekres düz iki il əvvəl Fransa prezidentliyinə namizəd olarkən özü ağılda olan Bruno Reteyo ilə birlikdə qanunsuz olaraq Qarabağa soxularaq indi Bakıda həbsxanada çay içərək Azərbaycan məhkəməsinin qərarını gözləyən Araik Arutunyan və David Babayanla görüşmüşdü. Artıq belə irqçilərin ayaqları bir daha Azərbaycan torpaqlarına dəyməyəcək. Ann İdalqo isə bu il “humanitar” yük karvanı ilə Laçın yolu tərəfə gəlib timsah göz yaşı axıdaraq ucuz şou düzəldirdi. Azərbaycan və Ermənistanın 2023-cü il dekabrın 7-də birbaşa danışıqlarla əldə etdiyi razılıqlar, o cümlədən Ermənistanın Azərbaycanın COP29 namizədliyini dəstəkləməsi fonunda fransız merlərin belə bir müraciətə imza atması siyasi klounluqdur. Ann İdalqo bu cür sarsaq işlərlə məşğul olmaq əvəzinə, gedib Parisin bərbad vəziyyətdə olan olimpiya oyunlarına hazırlığı ilə məşğul olsun.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar keçirilən müşavirədə Qərb ölkələrinin Azərbaycana qarşı qərəzli əsassız ittihamlarını sərt tənqid edib. Dövlət başçısı konkret olaraq Fransada bəzi siyasi liderlərin ermənilərdən daha çox erməni olmağa çalışdıqlarına toxunub. "Düzdür, antiterror əməliyyatından sonra bəzi Qərb ölkələri Azərbaycana əsassız ittihamlar irəli sürmüşdür. Bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa qarşı, işğalçılara qarşı antiterror əməliyyatı keçirərək beynəlxalq hüququn aliliyini özü bir daha təmin etmişdir və eyni zamanda bütün humanitar normalara riayət edərək öz suverenliyini bərpa etmişdir. Bəzi Qərb ölkələri, onların arasında təbii ki, ənənəvi olaraq Fransa bununla barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Ancaq Fransada bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Ancaq onlar da bu vəziyyətlə barışmağa məcbur olacaqlar", - dövlət başçısı bildirib.

Beləliklə, qeyd etdiyimiz kimi, Fransa ciddi narahatdır. Bakıda keçirilən beynəlxalq tədbirlər, ardınca da, Cenevrədə keçirilən “Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans öz bəhrəsini verib. Əksəriyyət Fransanın keçmiş və indiki koloniyalarında hələ də davam etdirdiyi yeni kolonializm siyasətinin ağır fəsadları barədə danışıblar. Xüsusilə, qeyd olunub ki, Fransa keçmiş müstəmləkələrinin daxili işlərinə kobud şəkildə müdaxilə edir, bu ölkələrdə stabilliyin pozulması siyasətini həyata keçirir, eyni zamanda hazırda müstəmləkə altında saxladığı ölkələrdə fundamental insan hüquqlarını kobud şəkildə pozur, bu xalqların təbii sərvətlərini qanunsuz olaraq istismar edir. Konfrans iştirakçıları Azərbaycanın gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası - COP29-a ev sahibliyi etmək missiyasını da müdafiə ediblər.

Son xəbərlər

Orphus sistemi