Ermənistanda hələ də Fransa ilə hərbi sahədə əməkdaşlığın ölkəyə uğur gətirəcəyinə ciddi-cəhdlə inanırlar. Müdafiə naziri Suren Papikyanın Parisə səfəri zamanı fransız həmkarı ilə görüşü və imzaladığı müqavilələr baş nazir Nikol Paşinyan hakimiyyəti tərəfindən növbəti şouya çevrilib. Regionun əsas silah, xüsusən də HHM (hava hücumundan müdafiə) sistemlərinin satışını həyata keçirən Rusiyanın belə bir razılaşmaya seyrçi qalmayacağı gün kimi aydın idi. Ermənistanla Fransa arasında hərbi əməkdaşlıq və silah satışına dair imzalanan müqavilənin mürəkkəbi qurumamış Moskvadan cavab gəldi. Kreml hələ ki, İrəvanı regional layihələrdən uzaqlaşdırmaq qərarına gəlib. Fransa ilə imzalanan müqavilənin nə dərəcədə ciddi olduğu, Ermənistana hansı faydaları olacağına nəzər salaq.
Parisdə imzalanan sənədə əsasən, Fransa Ermənistana 3 ədəd “GM200” radarı “3PK Mistral” sistemi satmaqla yanaşı, xüsusi təyinatlıların hazırlanmasında peşəkar kömək edəcəyini də boynuna götürüb. Müqavilədən də göründüyü kimi, nəzərəçarpacaq irimiqyaslı silah satışından söhbət getmir. Sadəcə olaraq, məsələ siyasiləşdirilib və Fransa Ermənistan vasitəsilə Rusiyanı regiondan qovmaq, öz silahlarının region ölkələri arasında PR-ını aparmaq niyyətini güdür. Təsadüfi də deyil ki, müqavilə imzalanan gün Fransanın “Le Monde” qəzeti “Ermənistan bir neçə yüz milyon avronu necə ödəyəcək?” başlıqlı məqalə də dərc etmişdi.
Paşinyan hökuməti isə hələ də eyforiyadadır və Parislə imzalanan müqaviləni analoqu olmayan uğur kimi təqdim edir. Amma Fransanı Rusiyanın alternativi kimi təqdim etmək böyük səhvdir. 2020-ci ildə Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra Ermənistanın silah arsenalı və ehtiyatı kifayət qədər azalıb. Bu boşluğu doldurmaq isə külli miqdarda vəsait və vaxt tələb edir. İrəvana bu işdə isə uzun illər Moskva yardım əlini uzadıb. Fransa ilə imzalanan müqavilə isə kiçikhəcmli satışı nəzərdə tutub və irihəcmli təchizatla bağlı maddə gözə görünmür. Bunun isə obyektiv və subyektiv səbəbləri var. Qərbin, xüsusən də Fransanın əsas hədəfi Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Bu səbəbdən də hazırda Yelisey sarayı özünü Ermənistan üçün Kremlin alternativi kimi təqdim edir. Bu eyforiyaya qapılan İrəvan hökuməti isə reallığı nəzərdən qaçırır. Lakin Emmanuel Makron hökuməti heç bir halda Ermənistanı lazım olan silah-sursatla təchiz etməyəcək. Bu işi yalnız Rusiya, qismən də İran reallaşdıra bilər. Fransanı regiona gətirməklə Ermənistan Rusiya ilə ipləri tam qoparıb. İranın da regionda xarici qüvvələrə qarşı münasibəti aydındır. Eyforiyaya qapılan Nikol Paşinyan isə Amerikanın “The Wall Street Journal” nəşrinə müsahibəsində isə lap əndazədən çıxaraq, KTMT ilə münasibətlərin sona çatdığına və Rusiya hərbi bazalarının ölkədən çıxarılacağının gündəmə gələcəyinə dair siqnallar verib.
Bundan əlavə, Ermənistana silah daşınması məsələsini də unutmaq olmaz. Bu ölkəyə silahın quru yolu ilə daşınması üçün iki alternativ var: İran və Gürcüstan. İranın Qərb silahlarının ölkəsindən keçəcəyinə razılıq verəcəyini düşünmək sadəcə sadəlövhlük olardı. Gürcüstanın isə Azərbaycanla ciddi dostluq münasibətlərini nəzərə alsaq, uzunmüddətli tranzitə icazə verməyəcəyini düşünmək olar.
İndi isə, yuxarıda da qeyd etdiyimiz kimi, Moskvanın İrəvanı beynəlxalq layihələrdən təcrid etməsinə toxunaq. Elə bu gün Rusiyanın baş nazirinin müavini Aleksey Overçuk qeyd edib ki, Ermənistan hazırda Şimal-Cənub dəhlizinin bir hissəsi deyil. Paşinyan hökuməti Meğridən keçən yolun tikintisi ilə bağlı dəqiq cavab verməyib. Göründüyü kimi, İrəvanın bir neçə ildir böyük ümidlə baxdığı Şimal-Cənub dəhlizi layihəsi artıq suya düşmək üzrədir. Kreml yumşaq dillə desək, Ermənistanı bu layihədən uzaqlaşdırır. Azərbaycanın isə son günlər İranla apardığı danışıqlar və əldə edilən razılıq Overçukun fikrini daha da möhkəmləndirir. Elə rusiyalı rəsmi də qeyd edib ki, Azərbaycan və İran faktiki olaraq Ermənistandan yan keçməklə Araz çayının cənub sahili boyunca uzanacaq avtomobil yolunun tikintisinə başlayıblar və eyni istiqamətdə dəmir yolunun da tikintisinə dair memorandum imzalayıblar. Bu isə o deməkdir ki, layihə Ermənistandan yan keçəcək. İqtisadiyyatına can vermək, 30 ildir regiondakı beynəlxalq layihələrdən uzaq qalan İrəvan bu dəfə də şansını qaçırmış sayılır. Azərbaycanın İranla təməlini qoyduğu layihə ilə Meğri və Zəngəzurdan keçəcək olan layihə arasında cüzi fərq var. Belə ki, Meğridən keçməsi planlaşdırılan dəmir yolunun uzunluğu 42 km idisə, İran ərazisindən keçən dəmir yolunun uzunluğu cəmi 50 km-dir. Arada cəmi 8 km fərq var və beynəlxalq layihə üçün bu o qədər də əhəmiyyətli rəqəm və maliyyə sayılmır.
Rusiyanın Fransa radarlarına və ümumiyyətlə Fransanı regiona gətirməyə cəhd edən Ermənistana iqtisadi cavabı bununla da bitmir. Təsadüfi deyil ki, elə bu gün Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbəri vəzifəsini icra edən Ruslan Davıdov bildirib ki, Rusiya Azərbaycanla “Sadələşdirilmiş Gömrük Dəhlizi” layihəsini həyata keçirməyi planlaşdırır. Bu layihə Rusiya ticarətinin şərq və cənub ölkələrinə doğru yenidən istiqamətləndirilməsidir. Rusiyanın dost ölkələrlə bağlanmış beynəlxalq müqavilələr çərçivəsində yüklərin daşınmasının sürətləndirilməsi üçün nəzərdə tutulan ən perspektivli layihələr sırasında “Sadələşdirilmiş Gömrük Dəhlizi” layihəsi xüsusi yer tutur. Maraqlıdır ki, Rusiya bu günə qədər Azərbaycan, İran, Suriya, Özbəkistan, Çin və Türkiyə ilə adıkeçən layihəni reallaşdırmaq niyyətindədir. Yenə də Ermənistanın adı siyahıda yoxdur. Ermənistan bu dəfə də kənardan baxıb köks ötürməklə kifayətlənməli olacaq.
Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, Overçuk və Davıdovun açıqlamaları Paşinyanın Tbilisidə keçirilən IV İpək Yolu Beynəlxalq Forumu çərçivəsində çıxışı ilə eyni vaxta təsadüf edir. Forumda çıxış edən Nikol Paşinyan daha çox iqtisadiyyatdan, iqtisadi sahədə əməkdaşlıqdan, regiondakı yolların blokdan çıxarılmasından uzun-uzadı danışıb. Rəsmi Moskva isə iki rəsmisi ilə onun arzusunun hələ uzun müddət ürəyində qalacağına işarə edib.
Göründüyü kimi, Rusiyanı Fransa ilə əvəz etmək, Fransanın çirkin və məkrli planlarına qucaq açmaq Ermənistana çox baha başa gəlir. Düşünürük ki, bu, hələ başlanğıcdır. Əsas həngamə Ermənistan Rusiya hərbi bazalarını ölkədən çıxarmaq üçün hərəkətə keçəndə qopacaq…
Kamil Məmmədov