Fransada prezident seçkilərinin ikinci mərhələsi ərəfəsində ölkənin hazırkı Prezidenti Emmanuel Makron ilə bu posta namizəd Marin Le Pen arasında mübarizə ən həssas mövzulardan birinə - dinə toxunmaqla daha da kəskinləşib.
“Report” xəbər verir ki, ötən gün Fransa televiziyasında prezidentliyə namizədlər arasında həlledici duel zamanı islamofobiyada ittiham olunan Le Pen ictimai yerlərdə hicab taxmağı qadağan etmək istəyini bildirərək, necə deyərlər, maskasını çıxarıb.
“Mən ictimai yerlərdə hicab taxmağın qadağan edilməsinin tərəfdarıyam. Açıq danışıram, hesab edirəm ki, hicab islamçılar tərəfindən yeridilmiş uniformadır. Onu geyən bir çox qadının, bunu deməyə cəsarətləri olmasa da, seçimləri yoxdur: geyinməyənlər necə təhqir olunduqlarını və “təmiz” olmamaqda ittiham olunduqlarını bildirirlər. Ölkəmizdə belə vəziyyətin olması dözülməzdir. Biz bu qadınları islamçılardan azad etməliyik, ona görə də hesab edirəm ki, ictimai yerlərdə hicabı qadağan etməliyik”, - Le Pen debat zamanı deyib.
Bu bəyanatın təəccüblü tərəfi ondadır ki, BBC-nin 2020-ci ildə dərc olunmuş məqaləsinə əsasən, Avropa ölkələri arasında ən çox müsəlman əhaliyə sahib olan da elə Fransadır: ölkə əhalisinin təxminən 8,8%-i, daha dəqiq şəkildə rəqəmlərlə ifadə etsək, 5,7 milyondan çox insan müsəlmandır.
Lakin qeyd etmək lazımdır ki, debatlardan sonra heç də bütün seçicilər bu cür bəyanata qarşı üsyan etməyib və “Le Pen tərəfdarı” mövqeyini qoruyub saxlayıblar. “Hətta indi də deyə bilmərəm ki, Makrona, yoxsa Le Penə səs verəcəyəm, lakin hesab edirəm ki, bu debatda qalib tərəf Marin Le Pen oldu”, - seçicilərdən biri bildirib. Eyni zamanda, başqa bir seçici BBC-yə belə deyib: “Mən bu adama nifrət edirəm və mən onun (Makronun – red.) əleyhinə səs verirəm”.
Lakin heç də bütün fikirlər Makronun əleyhinə olmayıb. “Le Pen Makrona baxanda daha az etibarlıdır və geosiyasi şəraitə görə biz Avropanı nəzərə almalıyıq, mən Makrona səs verəcəyəm”, - digər müsahib söyləyib.
“Belə gözəl ölkəyə sahib olduğumuz üçün nə qədər şanslı olduğumuzu unuduruq. İfrat partiyalardan biri qalib gəlsə, bu, daha çox nifrət yaradacaq, nifrət daha artıq nifrət doğuracaq”, - seçicilərdən biri bildirib.
Qeyd edək ki, Makron özü də Le Peni çox sərt şəkildə qınayıb və bildirib ki, o, bu cür hərəkətləri ilə Fransa konstitusiyasına zidd gedir və vətəndaş müharibəsi təxribatı yaradır.
“Bu sual dinlə bağlıdır. Hicab və ya yaylıq – bunlar dini əlamətlərdir. Mən respublikamızda dünyəvilik olması ilə bağlı 1905-ci ilin qanununun tərəfdarıyam. Amma dünyəvilik dinə qarşı mübarizə deyil. İctimai yerlərdə heç bir dini əlaməti qadağan etməyəcəyəm, istər yaylıq olsun, istərsə də kipa. Bu yolla getsəniz, ictimai yerlərdə bütün dini əlamətləri qadağan etməli olacaqsınız”, - Makron vurğulayıb. Le Pen onun sözünü kəsərək “Siz mənim təklifimi oxumamısınız” deyə etiraz edəndə isə Makrondan çox sərt cavab alıb: “Xeyr, oxumamışam, amma mən Fransa konstitusiyasını oxumuşam”.
Ümumiyyətlə, bu, Le Penin ilk islamofob çıxışı deyil. 2015-ci ildə ifrat sağçı Milli Cəbhə Partiyasının lideri Marin Le Pen küçədə dua edən müsəlmanların yaratdığı mənzərəni Parisin nasistlər tərəfindən işğalı ilə müqayisə etdiyi üçün artıq mühakimə olunub. O zaman məhkəmə ona bəraət qazandırıb.
Burada təbii sual yaranır: demokratik, özünə hörmət edən bir ölkə üçün əhalinin hər hansı bir təbəqəsinin öz inancına sahib olub, öz dininə etiqad etməsini qadağan etmək və bunu müvafiq atributlarla ifadə etmək nə dərəcədə “tolerant və dünyəvi”dir?
Bəli, radikal islamçılar təbəqəsi var ki, qadınları başlarını örtməyə, onların iradəsinə zidd olaraq müəyyən hərəkətlər etməyə məcbur edirlər. Amma qadınların böyük qismi özləri bu yolu seçirlər. Elə isə ictimai yerlərdə hicab taxmağı qadağan etmək fikrindənsə, məcburi hicab tax(dır)mağın əleyhinə qanun qəbul etmək daha yaxşı olmazmı?