Fransa Prezidenti Emmanuel Makron hakimiyyətinin azərbaycanlı jurnalist Aygün Həsənovaya qarşı hikkəsi davam edir. Ötən gün ölkənin bir sıra informasiya vasitələri söz mətbuat və fikir azadlığı kimi demokratiyanın başlıca prinsiplərini tapdayıblar.
Qeyd edək ki, Aygün Həsənova bu il dekabrın 3-də yerli əhalinin azadlıq hərəkatını işıqlandırmaq məqsədi ilə 200 ilə yaxındır Fransa müstəmləkəsi olan Yeni Kaledoniyaya ezam olunub. Ancaq hava limanında onun əraziyə girişinə imkan verilməyib, guya vizasının olmaması bəhanə gətirilib. Polis onu həbslə hədələyərək üçüncü ölkəyə deportasiya edib. Halbuki, Yeni Kaledoniya hələ də Fransa ərazisi sayıldığından və ölkə qanunları orada da qüvvədə olduğundan Aygün Həsənovanın Şengen vizası bu ərazi üçün keçərli sayılır.
Belə çıxır ki, Fransada müstəmləkə torpaqlarına qanunların tətbiqi ilə bağlı ayrı-seçkilik mövcuddur. Başqa sözlə, Avropa İttifaqının üzvü olan Fransa ərazisində qanunlar bütün vətəndaşlara, mühacirlərə, ziyarətçilərə şamil olunduğu halda, müstəmləkə ərazilərinə tətbiq edilmir.
Bu, Yelisey sarayının ölkə vətəndaşları saydığı müstəmləkə torpaqlarının sakinlərinə qarı diskriminasiya siyasəti sayıla bilər.
Afrikadan sıxışdırılıb qovulmaqda olan Fransa Cənubi Qafqazda da öz hikkəsini həyata keçirməyə çalışır. Onun yeni müstəmləkəçilik siyasətinə qarşı isə təkcə Azərbaycan çıxır. Ona görə də rəsmi Paris Ermənistandan Azərbaycana təzyiq vasitəsi olaraq istifadə edir. Fransa hakimiyyəti təkcə siyasi sahədə deyil, hərbi istiqamətdə də bu ölkəni silahlandırmaqla Cənubi Qafqazda hərbi gücünü nümayiş etdirməyə çalışır.
Bu günlərdə isə Fransa mediasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşına, eləcə də azərbaycanlı jurnalistlərə qarşı qarayaxma kampaniyası aparılır. Bu da Emmanuel Makron hakimiyyətinin yürütdüyü anti-Azərbaycan siyasətinin tərkib hissəsidir.
Uzun illər Fransanı demokratik dəyərlər üçün mərkəz sayıblar. Qərbdə mətbuatın azad olduğu, onun hakimiyyətin əlində alət olmadığı təbliğ və təlqin edilib. Avropa ölkələrindən olan təlimçlər keçirdikləri məşğələlərdə peşə etikası, vərdişi və təəssübkeşliyinin üstünlüklərindən danışıblar. Heç şübhəsiz, dünyanın hər yerində jurnalistin peşəsinin tələblərinə üstünlük verməsi vacibdir. O, istənilən hadisəni obyektiv, qərəzsiz, tərəfsiz işıqlandırmalıdır. Bu, jurnalistikanın başlıca prinsipidir.
Müstəmləkə torpaqlarında baş verən hadisələr, insan hüquqları və azadlıqları bir dövlətin daxili işi sayılmır. Bu baxımdan, Aygün Həsənova da Yeni Kaledoniyada yerli əhalinin vəziyyəti barədə məlumat toplamaq, oradan müxtəlif istiqamətlərdə reportaj hazırlamaq məqsədi ilə öz peşə borcunu yerinə yetirib.
Fransa KİV-lərinin əməkdaşları dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərirlər. Onlara qarşı istənilən arzuolunmaz davranış bütün mütərəqqi təşkilatlar, dövlətlər tərəfindən pislənir, söz, mətbuat və fikir azadlığının boğulması kimi dəyərləndirilir.
Avropalı təlimçilər onu da bildirir ki, ölkələrindəki mətbuat orqanları müstəqildir və hakimiyyətin sifarişlərinə əməl etmilərlər. Ancaq Fransa KİV-də Aygün Həsənovaya qarşı qarayaxama kampaniyası bunun əksini isbatlayır. Məlum olur ki, Fransa kimi demokratiyaya iddialı bir dövlətdə söz və fikrə sayğı heç də deyilən qədər deyil.
Fransa mediası azərbaycanlı jurnalistin ünvanına şər-böhtan yazmaqla Azərbaycan jurnalistlərinin peşəkar nüfuzuna xələl vurur, şərəf və ləyaqəti aşağılayır. Bu, diffamasiyadır.
Odur ki, Qərb mətbuatı haqqında deyilənlər heç də birmənalı olaraq demokratiyanın başlıca prinsiplərinə söykənmir. Təəssüf ki, bu ölkədə hakimiyyətin sifarişlərini icra edən mətbu orqanlar var. Bu mənada, “Şarl Hebdo” (“Charlie Hebdo”) jurnalının müsəlmanları və bir sıra siyasi xadimləri təhqir etməsi də hakimiyyətin sifarişi kimi qəbul edilə bilər. Çünki Makron hakimiyyəti hikkəli və kinli siyasəti ilə Fransada demokratik dəyələri çoxdan tapdayır.