Fransa və İranın dəstəklədiyi Livan – iki Həsən bir Azərbaycana qarşı - ŞƏRH

Fransa və İranın dəstəklədiyi Livan – iki Həsən bir Azərbaycana qarşı - ŞƏRH İran inqilab Keşikçiləri Qvardiyasının (Sepah) bir sıra törəməsi var. Onlardan biri də Livandakı “Hizbullah”dır. Livandakı ermənilərin Azərbaycan və Türkiyəyə düşməni mövqeyi ilə seçildikləri gizli deyil. Oradakı erməni kilsənin keşişlər antitürk, anti-Az
Analitika
7 Avqust , 2023 15:26
Fransa və İranın dəstəklədiyi Livan – iki Həsən bir Azərbaycana qarşı - ŞƏRH

“Hizbullah” lideri Həsən Nəsrullah bu dəfə Güney Azərbaycan türklərinə müraciət etməklə gündəmə gəlib.

İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin Güney Azərbaycanın Ərdəbil əyalətindəki nümayəndəsi Həsən Amuli sonuncu cümə namazlarından birində Həsən Nəsrullah ilə görüşündən bəhs edib. İmam cümə “Hizbullah”ın liderini uzun-uzadı tərifdən sonra deyib ki, Nəsrullah “İrandakı azərilərə də salam göndərib”.

Onun sözlərinə görə, “şeyx” müqavimət cəbhəsinin (İranın nəzarəti altında olan təşkilatların, o cümlədən “Hizbullah”ın fəaliyyəti belə adlanır) ötən illərlə müqayisədə daha güclü olduğunu deyib.

Ərdəbilin imam cüməsinin sözlərinə görə, “şeyx” Güney Azərbaycanla maraqlanaraq, azərbaycanlıları İranın ali rəhbəri ayətullah Xameneinin tapşırıqlarına əməl etməyə, sui-qəsdlərdə iştirak etməməyə çağırıb.

Güney Azərbaycan türkləri min illərdir bu ölkədə vardırlar. Yəni İranın əsil sahibləridir. Şeyx Həsən Nəsrullah onları niyə indi yada salıb? İndiyədək Güney azərbaycanlıların hansı mədəni problemlərinin həllinə yardım edib? Bir müsəlman olaraq Azərbaycan türkcəsində məktəbin yoxluğuna etiraz etməyib. Urmiya gölünün quruması ilə bağlı bir söz belə dilinə gətirməyib. Azərbaycan türkləri İran KİV-də, televiziya kanallarındakı verilişlərdə, habelə Güney Azərbaycan türklərinin sosial-iqtisadi, mədəni problemlərinə İran hakimiyyətinin laqeyd münasibətinə istənilən formada münasibət bildirməyib.

Başqa sözlə, Həsən Nəsrullahın Güney azərbaycanlıları yada salması heç də onlara sevgi və sayğıdan irəli gəlmir...

Ümumiyyətlə, nəzərə alaq ki, “Hizbullah” İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) törəmələrindən biridir.

Livanda özünü dünya müsəlmanlarının təəssübkeşi və hamilərindən sayan “Hizbullah” indiyədək Azərbaycan Respublikasının haqlı işi ilə bağlı fikir bildirməyib. Bu azmış kimi, onun lideri Həsən Nəsrullah Azərbaycan torpaqları işğal alında olanda Ermənistanın havadarı rolunda çıxış edənlərdən idi. Həmin illərdə Azərbaycanın media nümayəndələri ilə görüşdə işğalçıları müdafiə etməsi kimi faktlar bunu təsdiqləyir.

44 günlük Vətən müharibəsində Ermənistana İranla yanaşı Livan da yardım edib. Bu hökumət Ermənistanın Azərbaycanla sərhədyanı bölgələrdə törətdiyi təxribatlarda rəsmi İrəvanın müdafiəçisi rolunda çıxış edib.

Livan hökumətində turizm naziri olanda erməni Avetis Qidanyan türklərə münasibətini belə açıqlamışdı:

“Mən türklərin Livana gəlməsini qadağan edə bilmərəm. Ancaq mən onları hava limanında da salamlamaq istəmirəm”.

Livandakı hökumət üzvlərinin o cümlədən ermənilərin Türkiyə və Azərbaycana qarşı çıxışlarına dair çoxlu nümunələr göstərmək olar.

Bu təşkilat 1982-ci ildə İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdəki qoşunu və kəşfiyyat orqanı sayılan “Qüds”ü yaradıb. Təşkilatın ideologiyasının əsasında Xomeyni ideyaları durur. Başqa sözlə o, Tehran rejimin siyasi-hərbi formasıdır. ABŞ, Böyük Britaniya, Avstraliya, Ərəb Dövlətləri Liqası, Misir, İsrail, qismən Avropa İttifaqı ölkələri onu terrorçu olaraq tanıyır.

Təşkilatı əsasən, İran hakimiyyəti maliyyələşdirir. Başlıca maliyyə mənbəyi isə narkotik maddələrin qanunsuz dövriyyəsindən əldə edilən gəlir sayılır.

Yeri gəlmişkən, Həsən Amuli Azərbaycan Respublikası barədə bağlı cəfəng çıxış və moizələri ilə məşhurdur. O, Güney azərbaycanlıların da milli mədəni haqlarını belə müdafiə etməyib. Odur ki, iki Həsənin bir Azərbaycan haqqında mövqeyi bir-birindən heç nə ilə fərqlənmir. O zaman sual yaranır: Nəsrullahın yadına Güney Azərbaycan türkləri niyə düşüb? Məlum olduğu kimi İranda keçirilən etiraz aksiyalarında onlar “Azadlıq, Ədalət, Milli hökumət!” şüarını irəli sürüb. Belə ehtimal etmək olar ki, İran hakimiyyəti bunu “Qadın, Həyat, Azadlıq!” tələbindən daha təhlükəli sayır. Odur ki, Nəsrullahın “salamı” və Güney azərbaycanlıları tərifi daha çox xəbərdarlığa oxşayır. Belə güman etmək olar ki, Nəsrullah bununla “Xameneiyə qarşı, rejim əleyhinə çıxış etsəniz, qarşınızda “Hizbullah”ı görəcəksiniz” ismarışını göndərib. Bu hərbi-siyasi qruplaşmanın 41 illik fəaliyyətinə əsasən belə qənaətə gəlmək olar. Belə ehtimal etmək olar ki, “Hizbullah” gələcəkdə Güney Azərbaycandakı etiraz aksiyalarının yatırılmasında iştirak edəcək.

Odur ki, Amuli məlum ismarışla İranda keçiriləcək etiraz aksiyalarının yatırılması üçün istifadə ediləcək qüvvəyə diqqəti yönəldib. Bəsic, Sepah, hərbçi, polis xalqa qarşı çıxmaq istəməyəndə Tehranın yardımına “Hizbullah” çatacaq. 41 ildir onu boş yerə bəsləməyib. “Şeyxin” “tapşırığı” buna işarədir. Fransanın yardım etdiyi Livan hökuməti və İranın bəslədiyi “Hizbullah” azərbaycanlılara münasibətdə səmimi ola bilməz.

Son xəbərlər

Orphus sistemi