Beş il fərqlə ardıcıl ikinci dəfə ifrat sağçı namizəd Marin Le Pen “Respublika, irəli!” (La République en Marche!) partiyasının lideri Emmanuel Makrona uduzdu.
“Report” xəbər verir ki, aprelin 24-də Fransa növbəti beş il üçün yeni-köhnə prezidentini seçdi – rəqibi Le Penin 41,46 faiz səsinə qarşı 58,54 faiz səs toplayan Emmanuel Makronu seçdi. Bu ikili artıq 2017-ci il prezident seçkilərinin ikinci turunda mübarizə aparmışdılar və o zaman Makron Le Pendən az qala iki dəfə çox səs (33,90 faiz qarşı 66,10 faiz) toplamışdı.
CNN-in məlumatına görə, Makronun qələbəsi onu son 20 ildə yenidən seçilən ilk Fransa lideri edib ki, bu da özü-özlüyündə maraqlı faktdır.
Makron qələbə nitqində artıq partiyasından seçilmiş prezident yox, hamı üçün prezident olacağını bildirib.
O, Le Peni dəstəkləyənlərə də müraciət edərək bildirib ki, bir prezident kimi ifrat sağçılara səs verməyə məcbur olanların qəzəb və parçalanmalarına cavab tapmalıdır. “Bu, mənim və ətrafımdakıların məsuliyyəti olacaq”, - E.Makron söyləyib.
“Avropa İttifaqı (Aİ) və müttəfiqlərinin bəzi ciddi qlobal problemlərlə, xüsusən də Ukraynadakı müharibə ilə mübarizədə liderlik etmək üçün Parisə güvəndiyi bir vaxtda Le Penin prezidentliyi Fransanın Aİ və Qərblə münasibətlərini əsaslı şəkildə dəyişəcəkdi”, - CNN qeyd edir.
Le Penin rəhbərlik etdiyi sağçıların hakimiyyətə gəlməsi təkcə Fransanın xarici siyasətini deyil, həm də ölkənin bütün "daxili mətbəxi"ni dəyişəcəkdi.
BBC-nin məlumatına görə, Le Pen 2017-ci ilin seçkiləri ilə müqayisədə çıxışlarının yönünü dəyişərək sərt anti-immiqrasiya siyasətindən enerji daşıyıcılarının qiymətlərinin və inflyasiyanın artması kimi iqtisadi məsələlərə çevirib. “Lakin onun partiyasının anti-immiqrasiya əhval-ruhiyyəsinin və ifrat sağçı siyasətinin mahiyyəti dəyişməz olaraq qalır. Belə ki, o, immiqrasiyanın məhdudlaşdırılması ilə bağlı referendum keçirməklə sığınacaq hüququndan sui-istifadəni dayandıracağını, ictimai yerlərdə və məktəblərdə hicab taxmağı qadağan edəcəyini vəd edir”, - BBC bildirir.
Ümumiyyətlə, hicab məsələsi prezident seçkilərinin ikinci turu ərəfəsində keçirilən debatlar zamanı Fransa vətəndaşları arasında böyük müzakirələrə səbəb olub. Xatırladaq ki, Makron debatda belə bir addımın ölkə konstitusiyasına zidd olduğunu və vətəndaş müharibəsinə gətirib çıxaracağını söyləmişdi.
Maraqlıdır ki, fransızların bir çoxu tərəf seçməkdən ümumiyyətlə imtina ediblər və bu, çox güman ki, namizədlərdən heç birini ölkə lideri kimi görməmək istəyi ilə izah oluna bilər. Belə ki, “Ipsos” bitərəflərin faizini 28,2% kimi qiymətləndirib və bu rəqəm cari ilin seçkilərinin birinci turunun göstəricisindən 1,9 faiz, 2017-ci ilin seçkilərinin ikinci turunun göstəricisindən isə 2,7 faiz çoxdur.
Makronun işi – geridə qalan 5 ilə görə haqq qazanmaq və ən yaxşılara qadir olduğunu sübut etməkdir. Çətin olsa da, Fransa əhalisinin sağlam düşüncəsi qalib gəldi: onlar ümidi ekstremist inanclardan üstün tutdular və Makrona özünə haqq qazandırmaq şansı verdilər. Çünki Fransanın həm daxili, həm də xarici siyasəti baxımından iki pisin arasında Makron daha yaxşısı idi.