2020-ci il İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın əsas prioriteti Cənubi Qafqazda sülh və sabitliyin, həmçinin əməkdaşlıq mühitinin təmin olunmasıdır. Rəsmi Bakı bunun üçün bütün səylərini ortaya qoyur. İstər hərbi, istərsə də diplomatik müstəvidə irəli sürülən təşəbbüslər birbaşa olaraq sülh sazişinin imzalanmasına hesablanıb.
Etiraf etmək lazımdır ki, bu istiqamətdə müəyyən nəticələr əldə olunub. Həm rəsmi Bakı, həm də İrəvan irəliləyişin olduğunu, konsensusun mümkünlüyünü bildiriblər. Lakin bütün bunlara baxmayaraq, 44 günlük savaşın üzərindən 3 il keçməsinə rəğmən, hələ də Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmayıb. Bunun obyektiv və subyektiv səbəbləri var. Məsələyə təsir edən əsas məqamlardan biri də üçüncü güclərin Ermənistanı silahlandırmasıdır. Fransa da belə dövlətlər sırasında ilk yerlərdədir.
Rəsmi Parisin İrəvanı silahlandırmasına dair kifayət qədər faktlar var. Bu il oktyabrın 23-də Ermənistanın müdafiə naziri Suren Papikyanın fransalı həmkarı Sebastian Lekornu ilə imzaladığı hərbi əməkdaşlıq sazişinə görə, Ermənistan Fransanın “Thales” müdafiə qrupundan üç “Ground Master 200” (GM200) radar sistemi də alacaq. Bu radar sistemi PUA, helikopter, qanadlı raketlər kimi təhlükələri aşkar etmək və izləmək qabiliyyətinə malikdir. “Ground Master 200” müasir radar sistemi 250 km uzaqlığında hava hədəflərini aşkar etmək imkanına malikdir.
Parisin İrəvanı silahlandırması, şübhəsiz ki, Yelisey sarayının Cənubi Qafqazla bağlı maraqlarından xəbər verir. Fransa regionda təsir gücünü artırmağa çalışır. Və başa düşür ki, bunu ancaq gərginlik yaratmaqla edə bilər. Sülhün təmin olunması nəinki onun, istənilən üçüncü gücün bölgəyə müdaxiləsinin qarşısının alınması deməkdir. Fransa məhz bundan narahatdır və ona görə də Ermənistanı silahlandıraraq, bir növ “musiqini sifariş edir”.
Rəsmi Bakı Parisin İrəvanı silahlandırmasına dəfələrlə münasibət bildirib. Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World" telekanalına müsahibəsində deyib ki, Fransanın hərəkətlərində müşahidə etdiyimiz Ermənistanın silahlandırılması proqramı, bu ölkədə revanşist əhval-ruhiyyənin qızışdırılması, əks-effekt verir.
Onun sözlərinə görə, Fransa hökumətinin Cənubi Qafqaz regionunda son məqsədlərini başa düşmək çətindir.
“Biz bildirdik ki, başqa dövlətlər öz geosiyasi intriqalarını və daxili siyasi gündəmlərini Cənubi Qafqaz regionuna ixrac etməməlidirlər”, - H.Hacıyev vurğulayıb.
Fransanın Cənubi Qafqazla bağlı mövqeyi aydındır. Yada salmaq yerinə düşər ki, bu dövlət ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi 30 il ərzində Bakı ilə İrəvan arasında sülhün təmin olunmasına heç bir töhfə verməyib. Əksinə, mümkün qədər prosesi uzatmağa çalışıb. Hətta 44 günlük döyüşlərdən sonra da Fransa prezidenti Emmanuel Makron hökuməti bölgədə “suları bulandırmağa” cəhd edib. Ermənistanın silahlandırılması da əslində bu cəhdin tərkib hissəsidir.
Fransanın Ermənistanı silahlandırması bu dövlətin ermənipərəst siyasətinin təzahürüdür. Artıq bu siyasət anti-Azərbaycan ritorikası ilə əvəzlənir. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də nazirliyin ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı bu məsələ barədə də danışıb. O söyləyib ki, Parisin ermənipərəst mövqeyi Azərbaycanofob və anti-Azərbaycan mövqe ilə əvəzlənib. Əslində bunu görmək o qədər də çətin deyil. Çünki Paris İrəvanı silahlandırmaqla birbaşa olaraq Bakının regional maraqlarına zərbə vurur.
Ən əsas məsələlərdən biri də budur ki, silahlandırılma ən çox Ermənistanın özünə ziyandır. Çünki Fransa və digər güclər bu yolla İrəvanı özlərindən asılı vəziyyətə salır, Ermənistan hakimiyyətinə təsir və təlqin imkanlarını artırırlar.
Regionda sülhdə maraqlı olduğunu bəyan edən Ermənistan Fransa kimi dövlətlərin təhriki ilə ciddi siyasi iradə nümayiş etdirə bilmir. İrəvanda revanşist əhvali-ruhiyyə güclənir. Bu isə regionda yeni gərginliyə rəvac verməklə yanaşı, həm də Ermənistan daxilində ikitirəliyi, perspektivdə vətəndaş müharibəsi ehtimalını artırır.