Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan iyunun 1-də Fransada səfərdə olub. O, səfər çərçivəsində bir sıra görüşlər keçirib. Ermənistan KİV-lərinin yazdığına görə, Ermənistan baş nazirinin Fransaya səfəri bu ilin oktyabrına planlaşdırılıbmış. Ancaq Paşinyanın Emmanuel Makrona dəfələrlə müraciəti nəticəsində bu ziyarət tezləşib. Nikolun keçirdiyi görüşlərdə Fransa rəsmiləri Azərbaycana qarşı əsassız və qərəzli mövqe nümayiş etdiriblər.
Fransa prezidenti Emmanuel Makron görüşdə “Azərbaycan qoşunu Ermənistan ərazisindən çıxmalıdır” kimi gülünc bəyanat verib. Heç kimə sirr deyil ki, 1991-ci ildən sonra Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün iki dövlət arasında sərhədlərin müəyyənləşməsində də problem yaranıb. İkinci Qarabağa müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiya və delimitasiyası üzrə danışıqlar gedir, müzakirələr aparılır. Bu baxımdan Makron Ermənistanın hansı ərazisini nəzərdə tutur?
Rəsmi Bakı Azərbaycan hərbçilərinin başqa bir dövlətin, o cümlədən Ermənistan ərazisində olmadığını bildirib. İki ölkə arasında sərhədlərin müəyyənləşməsi də keçmiş SSRİ-nin xəritəsi üzrə aparılır. Görünür, ermənilər kimi Fransa prezidenti də Ermənistanın işğal altında 30 il saxladığı Azərbaycan torpaqlarına iddia edir. Ermənilərin işğal edilmiş Azərbaycan torpaqlarına yerləşdirilməsinə rəsmi Paris 30 il göz yumub. Onlara maddi-mənəvi dəstək verib. Hətta Ermənistanın işğal altında saxladığı qonşu dövlətin ərazisində hərbi mühəndis qurğularının tikilməsində, ərazilərin minalanmasında Fransanın “əməyi"nin də olduğu məlumdur. Odur ki, rəsmi Paris indiyədək Ermənistana minalanmış ərazilərin xəritələrinin verilməsi və Birinci Qarabağ müharibəsində əsir götürülən azərbaycanlıların qaytarılması barədə heç bir açıqlama verməyib. İndi sərhəddən, ərazidən və s. məsələlərdən danışan Emmanul Makron və onun kimi düşünənlər bilməlidir ki, işğaldan sonra tərəflər arasında sərhədlər yenidən bölünmür, 1920-ci ildən sonra mövcud olmuş ərazilərdə Azərbaycanın suveren hüquqları bərpa olunur. Odur ki, Emmanuel Makron ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri ol(muş)an dövlətin başçısı kimi tərəfsizliyini daha da qorumağa borcludur. Çünki o, beynəlxalq vasitəçi sayılan bir ölkənin təmsilçisidir. Ancaq gözləntilərin əksinə olaraq Fransa həmişə olduğu kimi Azərbaycana münasibətdə qərəzini gizlətmir.
Yeri gəlmişkən, Ermənistanda sərhəd məsələsi ilə bağlı gərginliyin yaranması və artmasının arxasında xarici qüvvələrin dayandığı da görünürdü. Çünki noyabrın 10-dan sonra rəsmi Yerevan iki ölkə arasında olan mübahisəli məsələlərin həllinə indikindən daha məsuliyyətlə yanaşırdı. Son aylar Ermənistanın mövqeyində dəyişiklik yaranıb. Makronun və fransalı başqa siyasətçilərin çıxşılarından belə çıxır ki, rəsmi Yerevanı bu sayaq məsələlərdə Fransa da yönləndirir. O da sirr deyil ki, iki ölkə arasında mübahisəli məsələlərə daha çox Rusiya vasitəçilik edir. Emmanuel Makronun məlum görüşdəki açıqlamasına əsasən belə qənaətə gəlmək olar ki, rəsmi Paris Moskvanın regiondakı nüfuzuna zərbə vurmaq istəyir və belə qərəzli mövqe ilə Ermənistanla Azərbaycan arasında gərginliyin artmasına çalışır.
Fransa parlamentinin Aşağı palatasının sədri Rişar Ferran da Nikol Paşinyanla görüşdə Cənubi Qafqazdakı vəziyyətdən danışıb, Ermənistana sevgisini gizlətməyib: “Erməni xalqına çatdırın ki, Fransa Ermənistanın tərəfindədir. Siz bizə həmişə güvənmisiniz, indi və gələckdə də güvənə bilərsiniz”. O, bununla Azərbaycanla Ermənistan arasında mövcud problemlərin həllində Fransanın erməniləri müdafiə etdiyini bildirib. Ferran həm də rəsmi Parisin bu kimi məsələlərdə tərəfsiz olmadığını açıqlayıb. Fransa Senatının sədri Jerar Larşe də Paşinyanla görüşdə mövcud olmayan münaqişədən bəhs edib, “erməni əsirləri”nin azad edilməsindən danışıb.
Beləliklə, müharibənin gedişində işğalçı Ermənistanı canlı qüvvə və hərbi texnika ilə təmin edib, təbliğati dəstək verib. Noyabrın 10-dan sonra Fransa rəsmiləri Azərbaycanla əməkdaşlığı genişləndirməyin vacibliyini vurğulayırdı. Belə zənn edilirdi ki, rəsmi Paris və reallıq hissini itirən fransalı siyasilər, dövlət xadimləri özlərinə gələcək, qərəzli mövqelərindən əl çəkəcəklər. Ancaq belə çıxır ki, siyasi-milli ideologiya olan ermənilik kimi işğalçı və pozucu Ermənistana sevgidə xəstəlikdir. Təəssüf ki, bu xəstəliyə Fransanın dövlət başçısı və siyasətçiləri də yoluxub. Yaxşı deyiblər: “Qozbeli qəbir düzəldər”.