Fransa Cənubi Qafqazda öz prioritetlərini yenidən nəzərdən keçirir

Fransa Cənubi Qafqazda öz prioritetlərini yenidən nəzərdən keçirir "Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşlərinin əhəmiyyəti münaqişə tərəfləri arasında əlaqələrin saxlanılmasından ibarətdir"
Analitika
29 Oktyabr , 2014 15:57
Fransa Cənubi Qafqazda öz prioritetlərini yenidən nəzərdən keçirir

Bakı. 29 oktyabr. REPORT.AZ/ Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü pozitiv kimi qiymətləndirmək olar. Bu, münaqişə tərəflərinin münasibətlərinin saxlanılması  və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənmə prosesinin qorunması baxımından zəruridir. Görüşü təşkil edən Fransa, öz növbəsində, münaqişənin həllində daha fəal iştirak etmək arzusunda olduğunu nümayiş etdirdi.

Parisdəki görüşün yekun bəyanatında tərəflər dialoqu davam etdirməyə və münaqişəni sülh yolu ilə həll etməyə hazır olduqlarını bildiriblər.

Fransa prezidentinin mətbuat xidmətinin məlumatına əsasən, Fransua Olland status-kvonu qəbuledilməz adlandırıb və böyük sülh müqaviləsinin tərtib edilməsinə başlamağı təklif edib. Azərbaycan və Ermənistan prezidentləri münaqişənin həlli üzrə danışıqları davam etdirmək və BQXK-nin dəstəyi ilə münaqişə nəticəsində itkin düşən şəxslər haqqında məlumat mübadiləsi aparmaq qərarına gəliblər.

Politoloq Fikrət Sadıxov “Report”a bildirib ki, görüşün heç bir konkret nəticə verməməsinə baxmayaraq, görüşün baş tutması pozitiv amildir.

F.Sadıxovun fikrincə, “rəsmi Bakı dünya ictimaiyyətinə nümayiş etdirir ki, işğal olunan ərazilərə, davam edən münaqişəyə və aparıcı dövlətlərin ona qarşı görülməmiş qeydsiz münasibətinə baxmayaraq, Azərbaycan görüşlərə hazırdır,  münaqişəni sülh yolu ilə həll etmək arzusundadır və bundan imtina etməyib".

Politoloq qeyd edib ki, Parisdə bəzi razılaşmaların əldə olunmasına baxmayaraq, əsas məsələ - Azərbaycanın işğal olunan ərazilərinin azad olunması öz həllini tapmayıb. "Fransa onun vasitəsilə bu məsələdə son qərarların qəbul ediləcəyi ölkə deyil. Bundan başqa, biz Fransada, fransız cəmiyyətində və siyasi elitasında güclü erməni təsiri və lobbi fəaliyyəti haqqında bilirik. Bu aspektdə bütün pozitiv amillərin olması ilə yanaşı əsas məsələlər həll edilməyib” - deyə, F.Sadıxov bildirib.

Politoloqun fikrincə, Fransanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə belə bir sammitin keçirilməsində təşəbbüs göstərməsi digər həmsədr ölkələrindən geri qalmamaq məqsədi daşıyır. Belə ki, bundan əvvəl Azərbaycan və Ermənistan prezidentlərinin Rusiyanın prezidenti Vladimir Putinlə və ABŞ dövlət katibi Jon Kerri ilə görüşləri olub.

Politoloq Rövşən İbrahimov həmçinin hesab edir ki, F.Ollandın təşəbbüs göstərməsinin əsas məqsədi - ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi öz fəallığını nümayiş etdirmək arzusudur.

Onun sözlərinə görə, bununla yanaşı, Fransa son illər Azərbaycanla münasibətlərin möhkəmləndirilməsinə daha çox maraq göstərir. "Fransa münaqişənin həllində fəal iştirak etmək istəyir. Əgər Cənubi Qafqaz ölkələri ilə əlaqələrin intensivliyinə nəzər salsaq, Fransa ölkədə güclü erməni lobbisinin olmasını nəzərə alaraq, Ermənistanla möhkəm əlaqələr qurub. Lakin son illər Fransa və Azərbaycan arasında iqtisadi əlaqələrin intensiv inkişafı müşahidə olunur. Yəni, Fransa regiona münasibətdə öz baxışlarını yenidən gözdən keçirir. Əgər əvvəllər bu münasibətlər Fransanın erməni diasporunun lobbi maraqlarına əsaslanırdırsa, indi Fransanın Azərbaycanla milli maraqları yaranıb. Məhz bu münasibətlər rakursunda və digər həmsədr ölkələr - ABŞ və Rusiyadan geri qalmamaq və həmsədrlər arasında bərabərlik yaratmaq məqsədilə bu görüş təşkil olunub" - deyə, R.İbrahimoğlu "Report" agentliyinə bildirib.

Politoloqun fikrincə, Paris görüşünün əhəmiyyəti bu ilin yayında vəziyyətin gərginləşməsindən sonra münaqişə tərəflərinin dövlət başçıları arasında əlaqələrin qorunmasından və bu formatda gələcək görüşlər üçün yeni platformanın yaradılmasından ibarətdir.

Beləliklə, Azərbaycan və Ermənistan prezidentlərinin Parisdəki görüşü münaqişənin sülh yolu ilə həll olunmasında əhəmiyyətli tərəqqi gətirməsə də, tərəflərə dialoqu davam etdirmək niyyətində olduqlarını bəyan etməyə imkan verdi. 

Son xəbərlər

Orphus sistemi