Fransa antisemitizmin ağuşunda - 200 min yəhudi ölkəni tərk etməyə hazırlaşır - ŞƏRH

Fransa antisemitizmin ağuşunda - 200 min yəhudi ölkəni tərk etməyə hazırlaşır - ŞƏRH İfrat sağların Fransada keçirilən növbədənkənar parlament seçkilərində məğlubiyyəti ölkədaxili siyasi gərginliyi nəinki azaldıb, əksinə, daha da artırıb. Mövcud durum qeyri-fransızlar, xüsusilə də miqrantlar arasında qorxu və həyəcanı artırıb. Xüsusən də
Analitika
16 İyul , 2024 17:19
Fransa antisemitizmin ağuşunda - 200 min yəhudi ölkəni tərk etməyə hazırlaşır - ŞƏRH

Fransada keçirilən növbədənkənar parlament seçkilərində ifrat sağların məğlubiyyəti ölkədaxili siyasi gərginliyi nəinki azaldıb, əksinə, daha da artırıb. Mövcud durum qeyri-fransızlar, xüsusilə də miqrantlar arasında qorxu və həyəcanı artırıb. Xüsusən də yəhudilər arasında ölkəni tərk etmək çağırışları çoxalıb. Onlar qorxu və hücum təhlükəsi altında yaşamaqdan bezdiklərini açıq dilə gətirirlər.

Açıqlanan rəqəmlər isə şok doğurub. Təxminən 200 minə yaxın yəhudi ölkəni tərk edib İsrailə repatriasiya etmək istəyir. Mediada yer alan xəbərlərə görə, fransız cəmiyyətində antisemit əhvali-ruhiyyənin artması və ultrasağların nəzərəçarpacaq aktivliyi bir çox yəhudiləri ciddi şəkildə düşünməyə vadar edib. Fransanın yəhudi cəmiyyətlərində keçirilən sorğuların nəticələrinə görə, respondentlərin 68 faizi özlərini təhlükəsiz hesab etmir. Knessetin diaspor komitəsinin iclasına təqdim edilən hesabatda vurğulanır ki, 38 faiz fransız yəhudi, təxminən 200 min insan Fransadan getməyi düşünür. 60 min fransız yəhudi dərhal repatriasiya olunmaq istədiyini bildirib. “Soxnut” yəhudi agentliyinin məlumatında vurğulanır ki, müharibə başlayandan bəri repatriasiya ərizələri 400 faiz artıb. Son 3 ildə ərizə təqdim edən 3300 namizəd bir il ərzində köçmək niyyətindədir.

Parisin cənubundakı yəhudi icmasının rəhbəri Albert Miaranın Knessetin komitə iclasında səsləndirdiyi fikirlər vəziyyətin nə qədər acınacaqlı olduğunu üzə çıxarıb: “Bu yaxınlarda antisemitizm təzahürlərinin getdikcə artan dalğası ilə qarşılaşmışıq. Bəzi ərazilərdə, xüsusən də şəhərətrafında yerli yəhudilərin yaşamaq məcburiyyətində qaldıqları atmosfer bəzən dözülməz hala gəlir və bu, bütün Fransada baş verir”.

“Kaalita” beynəlxalq təşkilatının baş direktoru Ariel Kandelin səsləndirdiyi fikirlər də vəziyyətin kritik olduğunu təsdiqləyib: “İsrail dövlətinin Fransadan 50 min miqrantı cəlb etmək imkanı var. Fransa yəhudilərini antisemitizmdən xilas etmək lazımdır. Antisemitizm yalnız Fransa küçələrində baş vermir, artıq bu hal hökumətə də nüfuz edib”.

Knessetin diaspor komitəsinin sədri Oded Forer isə deyib ki, Fransada ifrat solçuların güclənməsi yəhudilər üçün çox pis əlamətdir.

Yeri gəlmişkən, antisemitizm halları Fransada orta məktəbləri də əhatə etməyə başlayıb. Məsələn, Parisdəki nüfuzlu Yavne orta məktəbinin şagirdlərinin fransız dili imtahanında xüsusilə zəif bal toplaması, ayrıseçkilik və antisemitizm ittihamlarına səbəb olub. Fransa Təhsil Nazirliyi tələsik araşdırma aparıb və "heç bir ayrı-seçkilik əlaməti" tapmadığını iddia edib.

Fransada antisemitizm hallarının artmasında, şübhəsiz ki, indiki hakimiyyətin rolu əvəzsizdir. Açıqlanan rəqəmlərə görə, tək bu ilin birinci rübündə Fransada antisemitizm hallarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə dörd dəfə çox olub. Ən yüksək səviyyədə etiraf edilib ki, tək bu ilin ilk üç ayında Fransada 366 antisemitizm hadisəsi qeydə alınıb ki, bu da ötən ilin ilk üç ayından 3 dəfə çoxdur. Fransadakı yəhudilər əhalinin təxminən 1 %-ni təşkil edir, lakin dini dözümsüzlük hallarının 60 %-i antisemitizm aktlarıdır.

Emmanuel Makronun 7 illik prezidentlik fəaliyyətində ən böyük "nailiyyəti" ondan ibarətdir ki, Fransa Avropanın ən təhlükəli ölkəsi statusunu qazanıb. Məhz indiki prezident hakimiyyətə gəldikdən sonra ölkə xaosa sürüklənib. Zorakılıq, ayrıseçkilik, dini dözümsüzlük ölkədə pik həddə çatıb. Antisemitizm isə Fransa cəmiyyətinin əsas problemlərindən birinə çevrilib.

Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, Fransa Avropada antisemit halların artdığı ölkələr sırasında liderlik edir. Ölkədə miqrantlara qarşı zorakılıq, antisemitizm güclənir. Nəticədə nifrət zəminində cinayətlərin sayı artıb, ölkənin müsəlman əhalisi, qaradərili fransızlar və digər etnik və dini qruplara qarşı diskriminasiya halları son illərdə daha da kəskinləşib. Xüsusilə, müsəlmanlara qarşı qadağalar artır, dini məktəblər bağlanır, dərnəklər ləğv edilir, məscid tikintisinə icazə verilmir, imamlar məscidlərdən qovulur, hicab qadağası genişlənir, ifadə azadlığı adı altında müsəlmanların müqəddəs saydıqları inanclar təhqir edilir və sair.

Hətta fransızlar belə etiraf edirlər ki, hakimiyyətin yarıtmaz və uğursuz siyasəti nəticəsində ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalıb. Artıq ölkə rəhbərliyində təmsil olunan yüksək rütbəli şəxslər də narahatlıqlarını açıq ifadə ediblər. Məsələn, prezidentə yaxınlığı ilə seçilən daxili işlər naziri Jerald Darmanin bildirib ki, ölkədə ifrat sağçı hərəkat artıb. Nazir bəyan edib ki, bir yeniyetmənin polis tərəfindən qətli səbəbindən başlayan küçə iğtişaşlarından sonra vətəndaş müharibəsi ssenarisindən yayınmağı bacarıblar.

Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə qütbləşmə artmaqdadır. Qarşıdan yeni hökumətin təşkili, Yay Olimpiya Oyunları kimi mötəbər beynəlxalq yarış gəlir. Bu tədbirdən sonra ölkədə ümumi vəziyyətin kritik həddə çatacağını da gözləmək olar...

Son xəbərlər

Orphus sistemi