Artıq bir neçə ildir ki, Qərb dairələrində Azərbaycana qarşı kampaniya başladılıb. Bunun əsas səbəbi bir çox ölkənin və beynəlxalq təşkilatın rəsmi Bakının geosiyasi proseslərə istiqamət verən aktor olmasını qəbul etməməsi, sadə dillə desək, gözü götürməməsidir. Belə ki, çoxlarına məlum olduğu kimi, Azərbaycan İkinci Qarabağ müharibəsi və birgünlük antiterror əməliyyatından sonra regionda yeni reallıqlar yaradıb. Və bu reallıqlar təkcə Cənubi Qafqaz regionunu deyil, bütün dünyanı, fərqli bölgələri əhatə etməkdədir. Bu, bir çoxlarının xoşuna gəlmir. Bəzi siyasətçilər, beynəlxalq təşkilatlar isə bunu açıq-aydın ifadə edir, gizlətməkdən çəkinmirlər.
Belələrindən biri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniyadan olan üzvü Frank Şvabedir. O, bu gün bütün dünyada özünün Azərbaycanafob mövqeyi ilə tanınır. Adıçəkilən siyasətçi son çıxışlarının birində Azərbaycanda “siyasi məhbusların” azad olunmasına çağırış edib. Bu, qarayaxmadan başqa bir şey deyil.
Birincisi, Azərbaycanda siyasi məhbus yoxdur. İkincisi, bu, Şvabenin Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir. Üçüncüsü, maraqlıdır ki, Qərbin dəstəklədiyi yerli media şəbəkəsinin (Abzas Media, Toplum TV və s.) ifşasından sonra belə ittihamlar yenidən artıb. Bu, Qərbin narahatlığını göstərir. Beləliklə, F.Şvabe və onun kimiləri göstərmək istəyirlər ki, guya "Abzas Media", "Toplum TV" və digər subyektlərin əməkdaşlarının həbsi siyasi motivlidir. Halbuki artıq sübut olunub ki, onlar jurnalistika ilə yox, təbliğatçılıqla, daha dəqiq desək, Qərbin direktivlərini yerinə yetirməklə məşğul olublar.
Bu, həm də Qərbin Azərbaycan xalqının ictimai şüuruna zərərli toxumlar səpmək cəhdidir. Əlbəttə, rəsmi Bakı buna imkan verməzdi. Madam ki, AŞPA obyektivdir və F.Şvabe qərəzli siyasətçi deyil, onda niyə Ermənistanda baş verənlərlə bağlı bir kəlmə də deyilmir? Axı 2019-cu ildə Ermənistan həbsxanasında müxalif jurnalist (M.Yegiazaryan) aclıq aksiyası keçirərək ölmüşdür, digər müxalif siyasətçi elə məhkəmə zalında ölmüş (Armen Qriqoryanın, 15 iyul 2022-ci il), keçmiş hakimiyyətin bir çox fəal funksioneri (məsələn, Armen Aşotyan) həbs edilmişdir. Niyə bunlar barədə danışılmır? Nə üçün növbə Ermənistana çatanda Qərb “ağzına su alıb oturur”?
F.Şvabenin siyasi keçmişinə nəzər salsaq, cavab sadədir: illərlə erməni lobbisinin təsiri altında olmaqla, Qarabağ ermənilərinin hüquqları barədə danışıb. Lakin o, bir dəfə də olsun, Qarabağda qondarma rejim və işğalçı Ermənistan tərəfindən törədilmiş dağıntılar barədə danışmayıb. Bu barədə də çox düşünməyə ehtiyac yoxdur: F.Şvabe satılmış siyasətçidir. O, AŞPA kimi qurumların siyasətlərini reallaşdırmaq üçün istifadə olunur. Bunun başqa izahı yoxdur. Şvabenin Almaniyanın ictimai kanalı ARD-də Azərbaycan əleyhinə "bədii film"in hazırlannmasında iştirakı da bunu təsdiqləyən növbəti arqumentdir.
Qərb dairələri müntəzəm olaraq belə siyasətçilər vasitəsilə Azərbaycana qarşı sanki “səlib yürüşünə” başlayırlar. Belə kampaniyalar adətən ölkədə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilmə ərəfəsinə təsadüf edir.
Xatırlatmaq yerinə düşər ki, müxtəlif illərdə Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision" mahnı müsabiqəsi, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları ərəfəsində də oxşar cəhdlər olmuşdu. İndi isə Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməyə hazırlaşır. Belə bir vaxtda rəsmi Bakıya qarşı qarayaxma kampaniyasının əsas səbəblərindən biri, heç şübhəsiz, ölkənin beynəlxalq arenada artan nüfuzuna zərbə vurmaqdır. Belə cəhdlərin arxasında erməni lobbisi və anti-Azərbaycan qüvvələr dayanır.
F.Şvabenin və onun kimilərinin Azərbaycana qarşı qərəzli mövqeyini təsdiqləyən onlarca fakt var. Lakin nəzərə almaq lazımdır ki, rəsmi Bakıda artıq immunitet formalaşıb. Odur ki, F.Şvabe də, onun tək satılmış siyasətçilər də sadəcə Don Kixot kimi öz-özləri ilə vuruşurlar.