FES-in iclasının dollara təsir istiqamətləri araşdırılır

FES-in iclasının dollara təsir istiqamətləri araşdırılır FES mart iclasında faizləri daha bir qədər artıra bilər
Analitika
13 Dekabr , 2016 15:18
FES-in iclasının dollara təsir istiqamətləri araşdırılır

Bakı. 13 dekabr. REPORT.AZ/ ABŞ Federal Ehtiyat Sistemi (FES) bu gün başlayan ikigünlük iclasından sonra, sabah, dekabrın 14-də uçot dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. "Report"un analitik qrupu FES-in uçot dərəcəsi ilə bağlı qərarı ilə birlikdə qlobal valyuta bazarında dolların məzənnəsinə təsir edə biləcək açıqlamaları ola biləcəyini də ehtimal edir: "FES-in iclasının dolların məzənnəsinə təsirinin 3 əsas ssenarisi mümkün görünür".

Birinci ssenaridə, FES uçot dərəcəsini yüksəldib, amma gələcək planları barədə heç bir açıqlama verməsə, dolların məzənnəsi düşə bilər. Belə ki, son aylarda dolların əksər valyutalarla müqayisədə möhkəmlənməsi investorların yeni gözləntilərinin yaranmaması ilə birlikdə mənfəətlərini realizə etməsinə gətirib çıxara bilər.

İkinci ssenaridə isə, FES uçot dərəcəsini artırsa da, uzunmüddətli fasilə olacağına işarə verə bilər. Başqa sözlə, FES rəhbəri C.Yellen sabah gələcək faiz artırımlarının iqtisadi göstəricilərə bağlı olduğu barədə fikirlər səsləndirsə, yəni qeyri-müəyyənlik yaratsa, dolların məzənnəsi birinci ssenaridən daha sürətlə ucuzlaşa bilər.

Üçüncü ssenariyə əsasən, FES faizləri artırmaqla yanaşı, C.Yellen çıxışında ABŞ iqtisadiyyatının perspektivləri barədə müsbət fikirlər səsləndirərək inflyasiyanın artmasından narahat olduğunu və uçot dərəcəsini artıraraq monetar sərtləşdirmə həyata keçiriləcəyinin siqnallarını verərsə, o zaman USD/EUR məzənnəsi 1,05 həddindən aşağı düşərək paritetə doğru irəliləyəcək.

Hazırda FES iclasının birinci ssenari ilə yekunlaşacağı ehtimal edilir. Belə olarsa, maliyyə bazarlarında dalğalanma sakitləşəcək, FES isə yeni prezidentin işə başlamasından sonra hansı qərarlar verəcəyini və iqtisadi göstəriciləri rahat monitorinq edərək qərar verə biləcək. FES-in növbəti iclasında hər hansı bir qərarın gözlənilmədiyi, martda baş tutacaq FES-in 2017-ci ildə ikinci toplantısının isə çox önəmli olacağı gözlənilir. Əgər ABŞ-ın yeni prezidenti fiskal xərclər və vergilərin artırılması ilə bağlı fikirlərini həyata keçirməyə başlayarsa, o zaman ABŞ hökuməti borclanmaq üçün faizləri artırmağa məcbur qalacaq. Belə olduğu təqdirdə, dolların möhkəmlənməsi və uçot dərəcəsinin daha aqressiv şəkildə artırılması ehtimal edilir. 

Son xəbərlər

Orphus sistemi