FES bu gün sürpriz edə bilər - ANALİTİKA

FES bu gün sürpriz edə bilər - ANALİTİKA ABŞ-da qəbul olunacaq qərarın manatın məzənnəsinə təsiri məhdud olacaq
Analitika
21 Sentyabr , 2016 13:47
FES bu gün sürpriz edə bilər - ANALİTİKA

Bakı. 21 sentyabr. REPORT.AZ/ Yaponiya Mərkəzi Bankından (BOJ) sonra ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) də sürpriz edə bilər. 

"Report" un analitik qrupu hesab edir ki, proqnozların əksinə olaraq, BOJ-un monetar ekspansiyanın həcmini artırması və maliyyə bazarlarına yeni alət tətbiq etməsi ilə yanaşı FES-in də uçot dərəcəsini artırmaq üçün kifayət qədər əsası var. 

ABŞ 10 illik istiqrazları lokal maksimumlarda yer alarkən, uçot dərəcəsinə həssas olan 2 illik notları isə yüksəlmək trendinə daxil olub. Bu da, maliyyə bazarları iştirakçılarının FES-in sürpriz edərək uçot dərəcələrini artıra biləcəyi barədə ehtimallarına yol açır. ABŞ-da işsizlik göstəricisinin 5%-dən aşağı düşməsi, inflyasiyanın getdikcə 2% - hədəf səviyyəsinə yaxınlaşması, iqtisadi artımın III rübdə sürətlənməsi proqnozuna əsaslanaraq FES-in uçot dərəcələrini 0,25% bəndi artırması mümkün variant kimi qəbul edilir.

"Report"un analitik qrupu hesab edir ki, faizlərin yüksəlməsi halında dolların mövqeyi qlobal valyuta bazarlarında möhkəmlənəcək və USD/EUR məzənnəsi 1,08 səviyyəsinə qədər geriləyəcəkr. USD/GBP məzənnəsinin 1,25, JPY/USD məzənnəsinin isə 105 təşkil edəcəyi proqnozlaşdırılır. Uçot dərəcəsinin artırılması qızılın qiymətini 1250 dollar/unsiyaya qədər azalda bilər. Neftin qiymətinə isə qısa müddətdə uçot dərəcəsinin təsir edəcəyi gözlənilmir. Buna səbəb bir həftə sonra Əlcəzairdə keçiriləcək sammitdə hasilatın dondurulması ilə bağlı gözləntilərdir.

Azərbaycan manatına uçot dərəcəsinin artırılmasının ciddi təsir edəcəyi gözlənilmir. Hazırda manatın məzənnəsi əsasən hərraca çıxarılan valyutanın həcminə bağlı olaraq dəyişir. Bu səbəbdən uçot dərəcələsinin artması halında sabah hərraca çıxarılan valyutaya tələb bir qədər arta bilər. Manat kütləsində son zamanlar baş verən azalma dollar tələbini məhdudlaşdırır. 

Son xəbərlər

Orphus sistemi