İran rejimi üçün beynəlxalq qanun və qaydalar, insanlıq və dinc yanaşı qonşuluq münasibətləri yoxdur. Bu hakimiyyət daha çox terrorçuların prinsipi ilə fəaliyyət göstərir. Təəssüf ki, bütün əməllərinə din donu geyindirib təhriflər edir, inanclı insanları yolundan sapındırır.
Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda itkin düşməsi və sonradan casusluqda ittiham olunması hadisəsi bütün bunları bir daha doğrulayır. Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 26 yaşlı Fərid Səfərli bu il fevralın 20-də sevgilisini görmək üçün Tehrana səfər edib. Martın 5-də Almaniyaya qayıtmalı olsa da, onunla əlaqə itib. Martın 4-dən etibarən onun telefonu sönüb.
Azərbaycan Xarici İşlər Nazirliyi vətəndaşının itkin düşməsi ilə bağlı İrana nota verib. Ötən üç ay müddətində Fərid Səfərli İranda itkin düşmüş sayılıb. Rəsmi Tehran çoxsaylı müraciətlərdən sonra Azərbaycan Xarici İşlər Nazirliyinin notasına Fərid Səfərlinin İranda “casusluqda ittiham edilərək” həbs olunduğu cavabını verib.
Eyni zamanda İran tərəfi iyunun 1-də Fərid Səfərlinin anası Dilarə Əsgərovaya oğlunun “casusluqda ittiham edilərək” həbs olunduğunu bildirib. Azərbaycanın Təbrizdəki Baş Konsulluğu qohumlarının onunla danışması və görüşməsi üçün İranın uyğun qurumlarına müraciət edib. Bəs İran tərəfi niyə üç aydan sonra Fərid Səfərlinin ölkə ərazisində olduğunu etiraf edib? Ona qarşı niyə casusluq ittihamı irəli sürülüb?
İran hakimiyyəti, bir qayda olaraq, ölkəyə gəlib itkin düşmüş sayılan xarici ölkə vətəndaşları ilə bağlı sorğulara cavab vermir. Yaxud “məlumatımız yoxdur” deyir. Aradan bir müddət ötəndən sonra onlar barəsində müxtəlif ittihamlar irəli sürür. Bu ittihamların ən populyarı casusluqla bağlı olur.
Bu günlərdə İranla Belçika arasında məhbus mübadiləsi olub. 46 yaşlı iranlı diplomat Əsədullah Əsədi Belçika Krallığının diplomatı Olivie Vandelastil ilə dəyişdirilib. Ə.Əsədi İranın Avstriyadakı Səfirliyində işləyib. O, müxalifətdə olan İran Xalq Mücahidlər Təşkilatına qarşı terror törətməyi planlaşdırmaqda şübhəli bilinərək tutulmuş və mühakimə olunmuşdu. Əsədi və 3 nəfərdən 500 q aseton-peroksid (tri-siklo-aseton-peroksid - ATP) müsadirə edilmişdi. Olivie Vandelastil 2022-ci ilin fevralında İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmiş və casusluq ittihamı ilə 40 il həbs cəzasına məhkum edilmişdi. 42 yaşlı belçikalı İranda humanitar sahədə çalışıb. Bu hadisədən də göründüyü kimi, Tehran hakimiyyəti problemi olan dövlətlərə təzyiq etmək üçün ənənəvi “casus” qarayaxmasından istifadə edir. Sonra onun dəyişməsi kimi “humanitar” əməliyyat keçirir.
Tehran rejimi ölkəyə səyahət edən xarici ölkə vətəndaşlarını daima nəzarətdə saxlayır və onları “ovlayır”. Fürsət düşən kimi həmin şəxsləri tutur və s. Oxşar hadisələr ABŞ, Böyük Britaniya, Kanada, Fransa və başqa ölkələrin vətəndaşlarının da başına gəlib.
İranda dindirilmə, istintaq zamanı saxlanılanlar işgəncəyə məruz qalır. Ehtimal etmək olar ki, Fərid Səfərliyə də İranın hüquq-mühafizə orqanları və ya başqa bu tip qurumların fiziki mənəvi işgəncə veriblər. Bu zaman ciddi bədən xəsarəti aldığından onun barəsində məlumat verməyiblər, yaralarının sağalmasını gözləyiblər. Bir qayda olaraq, İranda istintaq altında saxlanılanlar zədələnir, fiziki cəhətdən zəif düşürlər. Görünür, Fərid Səfərli də sağalıb. Ona görə də indi onun İranda olduğunu açıqlayıblar.
Yeri gəlmişkən, vaxtilə azərbaycanlı alim Rəşid Əliyevi də İran tərəfi belə şantaj edib bir müddət həbsdə saxlamışdı.
Fərid Səfərlinin İranda “casusluq” ittihamı ilə saxlanılması Tehran rejiminin Azərbaycana və dünya azərbaycanlılarına qərəzli münasibətinin göstəriciləridəndir. İranın Azərbaycana qarşı ənənəvi düşmənçilik siyasəti, həmişə Ermənistanın yanında olması və 44 günlük müharibə zamanı, ondan sonrakı dövrdə də açıq-aşkar görünmüşdü. Bu hadisə bir daha sübut edir ki, Ermənistanla sülh müqaviləsi istiqamətində müsbət istiqamətdə addımların atılması İran hakimiyyətinin aqressivliyini də artırır. Bu hadisə bir daha sübut edir ki, İran xarici ölkələr və sərmayələr üçün təhlükəli və riskli ölkədir.
Bütün bu tip şübhəli məqamlara aydınlıq gətirilməsi üçün ilk növbədə Fərid Səfərlinin hüquqlarının müdafiəsinin təşkili vacibdir. İndiyədək onun vəkillə təmin edilmədiyi də istisna olunmur. İran hakimiyyətinin ədliyyə sisteminin ədalətsiz olduğunu, məhkəmə proseslərinin şəffaf keçmədiyini nəzərə alaraq onun hüquqlarının müdafiəsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına da ehtiyac var. Almaniyanın uyğun qurumlarının da məsələyə cəlb olunması zəruridir.
İran hakimiyyəti belə hallarda yuxarıda da qeyd etdiyimiz kimi “girov mübadiləsi” əməliyyatını həyata keçirir. Maraqlıdır, görəsən, Tehran rejimi Fərid Səfərlini Azərbaycan və ya Almaniyadan (başqa ölkənin ola biləcəyi istisna deyil) özünün hansı adamı ilə əvəzləmək üçün girov götürüb?