Bakı. 15 may. REPORT.AZ/ Atalarımızın yaxşı məsəli var: “Başına gələn başmaqçı olar”. Dağlıq Qarabağın işğalı, onun azad edilməsinə maneələrin yaradılması, bir milyondan çox Azərbaycan vətəndaşının öz ev-eşiyindən köçkün düşməsi bir çox mətləblərdən dərs çıxarmağımıza yardım göstərdi. Ən azı, dünyada maraqlar, dost və düşmənlərin dəyişilmədiyi bir prinsipi təsdiqləyə bildik.
Dünyanın, onun vasitəçi kimi çıxış edən aparıcı dövlətlərinin gözü qarşısında başqa bir dövlətin - Ermənistanın hökumət başçısı Nikol Paşinyan Azərbaycan torpaqlarına icazəsiz gəlir. ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri sanki bunu aciz imişlər kimi müşayiət edirlər. Ancaq həmin tarixdə Azərbaycan tərəfdən erməni işğalı altında olan torpaqlarımız istiqamətində bir ov gülləsi belə atılsaydı, həmsədr dövlətlər, sözün əsl mənasında, şüvən qoparacaqdılar və s. Yəni 1988-ci ildən 2018-ci il mayın 15-dək olan müddət ərzində istər Ermənistanda, istərsə də Azərbaycan Respublikası (elə keçmiş Azərbaycan SSR) ərazisində azərbaycanlılara qarşı edilən haqsızlığa dünya yalnız donuqcasına seyrçi qalır. Bunu xatırlamağımıza səbəb ötən gün Qüdsdə ABŞ səfirliyinin binasının açılış mərasimi və buna qarşı keçirilən etiraz aksiyaları oldu.
Mayın 15-də Küveytin təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısı keçiriləcək. Yığıncaqda HƏMAS-ın nəzarəti altında olan Qəzza zolağında İsrail hərbçiləri ilə dinc aksiya iştirakçıları arasında toqquşma, bölgədəki vəziyyət müzakirə olunacaq. Ərəb dövlətləri Qəzza zolağı ilə sərhəddə həlak olanlarla bağlı müstəqil beynəlxalq araşdırmanın aparılmasını tələb edirlər. Qərb diplomatları isə bildiriblər ki, ABŞ veto hüququndan yararlanaraq bu təşəbbüsə qarşı çıxır. Fələstin administrasiyası hadisəni “qətl” adlandırıb. Qəzza zolağı sərhədindəki “Milyonların yürüşü” adlı aksiyanı HƏMAS təşkil edib. İsrail ordusumayın 14-də sərhəddə baş verən hadisələri “terror aktı” kimi dəyərləndirib: “İstənilən terror aktına sərt qarşılıq veriləcək”. Rəsmi Təl-Əviv aksiyada 40 minə yaxın fələstinlinin iştirak etdiyini açıqlayıb. Sərhədboyu 13 müxtəlif yerdə qarşıdurma olub. İsrail Hərbi Hava Qüvvələrinin pilotsuz uçuş aparatı HƏMAS-ın 11 mövqeyinə zərbə endirib. Qəzza zolağının Səhiyyə Nazirliyi bildirib ki, hərbçilərlə toqquşma nəticəsində 59 fələstinli ölüb, təxminən, 2771 nəfər yaralanıb. Yaralıların 225-i yeniyetmə, 79-u qadın, 12-si jurnalist, 17-si feldşerdir. Onlardan 76-nın vəziyyətinin ağır olduğu vurğulanıb. Ölən kişilərin yaş həddi 18-39 olub. Onlardan 5-nin 18 yaşdan kiçik olduğu müəyyənləşib. Son 70 ildə keçirilən dinc aksiyalar zamanı bu qədər qurbanın qeydə alınmadığı bildirilib.
Bu arada Birləşmiş Ərəb Əmirlikləri Qəzzaya dərman preparatlarının alınması üçün 5 milyon dollar ayırıb. Mayın 15-də HƏMAS və Fələstinin digər təşkilatları “Fəlakət günü” ilə əlaqədar yeni etiraz aksiyaları keçirməyi planlaşdırırlar. Mayın 16-da İsrail Ərəbləri Ali Müşahidə Komissiyası ümumi tətil edəcək. Həmin gün Ərəb Dövlətləri Liqası fövqəladə toplantı keçirəcək. Cənubi Afrika Respublikası İsraildəki səfirini geri çağırmaqla etirazını bildirib. Yaponiya və Qərbi Avropa dövlətləri münaqişə tərəflərini problemi dinc, dialoq yolu ilə həll etməyə çağırıblar. Bununla belə, İsrailin sərhədlərini qorumaq haqqının olduğu da vurğulanıb. ABŞ Qəzza zolağındakı etiraz aksiyaları səbəbindən İordaniya, İsrail və Türkiyədəki səfirliklərində təhlükəsizlik tədbirlərini gücləndirib. Fələstin və Türkiyədə üçgünlük matəm elan olunub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan baş verən qanlı hadisəni belə qiymətləndirib: “İsrail dövləti terror həyata keçirir. İsrail terror dövlətidir”. O, mayın 14-də baş verən hadisədə ABŞ-ın da iştirak etdiyini vurğulayıb. Demokratlar Partiyasından ABŞ prezidentliyinə keçmiş namizəd, Vermont ştatının senatoru Bernie Sanders İsrailin dinc etiraz aksiyası iştirakçılarına atəş açmasını pisləyib. Qeyd edək ki, Qüdsdə ABŞ səfirliyinin açılış mərasimində 32 dövlətdən (Əlcəzair, Anqola, Avstriya, Kamerun, Konqo, Demokratik Konqo Respublikası, Kot-dİvuar, Çexiya, Əl-Salvador, Efiopiya, Gürcüstan, Qvatemala, Honduras, Macarıstan, Keniya, Makedoniya, Myanma, Nigeriya, Panama, Peru, Filippin, Rumıniya, Ruanda, Serbiya, tanınmamış Cənubi Sudan, Tailand, Ukrayna, Vyetnam, Paraqvay, Tanzaniya və Zambiya.) 800 nümayəndə iştirak edib. Britaniya, Türkiyə, Almaniya, Rusiya və başqa dövlətlər bu tədbirə qatılmayıb. Britaniya və Fransa səfirliklərini Təl-Əvivdən Qüdsə köçürməyi planlaşdırmadıqlarını açıqlayıblar. Yeri gəlmişkən, 2017-ci il dekabrın 21-də BMT Baş Assambleyası Qüdsün İsrailin paytaxtı kimi tanınmaması barədə qətnamə qəbul edib. Qurum ABŞ-ı da Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarından geri dönməyə çağırıb. Qətnamənin mətninə görə, şəhərin statusu ilə bağlı istənilən qərar qüvvədən düşmüş və etibarsızdır, ləğv olunmalıdır. Tövsiyə xarakterli qətnamə 128 dövlət tərəfindən təsdiq olunub. Kanada və Meksika da daxil olmaqla, 35 ölkə səsvermə zamanı bitərəf qalıb, 9 ölkə - ABŞ, İsrail, Qvatemala, Honduras, Marşal adaları, Mikroneziya, Nauru, Palau və Toqo sənədin əleyhinə səs verib, 21 ölkə isə səsverməyə qatılmayıb. ABŞ prezidenti Donald Tramp qətnaməni dəstəkləyənlərə maliyyə yardımını kəsmək kimi təhdidedici bəyanatla çıxış edib. Qətnamənin lehinə BMT Təhlükəsizlik Şurasının dörd daimi üzvü olan Çin, Fransa, Rusiya və Britaniya, eləcə də ABŞ-ın müsəlman dünyasındakı müttəfiqləri səs veriblər. İsrailin baş naziri Benyamin Netanyahu səsvermənin nəticələrini tanımayaraq BMT-ni "yalançılar evi" adlandırıb.
Hər halda Qəzza zolağında baş verən qanlı olay Fələstin xalqının, onun müstəqillik ideyasının 70 ilə yaxındırdünya güclərinin, bölgədəki dövlətlərin maraqlarının qurbanı olduğunu bir daha sübuta yetirdi. İndi bu hadisəyə etiraz edən dövlətlər və beynəlxalq təşkilatlar 1994-cü ildə ABŞ Konqresi səfirliyin Qüdsə köçürülməsi ilə bağlı qərar verəndə öz səslərini ucaltmalıydılar. Ancaq olaylar başa çatdıqdan, beynəlxalq ictimaiyyət fakt qarşısında qaldıqdan sonra keçirilən etiraz aksiyaları səmərəsiz fəaliyyətdən başqa bir şey deyil. Axı, nə ABŞ-a, nə də İsrailə qarşı sanksiya tətbiq edilməyəcək. Onların əleyhinə verilən bəyanatlar, çıxışlar, etiraz aksiyaları mənasız canfəşanlıqdır. Ona görə də Fələstinin dövlət olması və İsraillə dil tapmasına da mane olanların öz maraqları naminə məsələyə müdaxilə edənlər olduğunu düşünmək mümkündür. Çünki bu hadisə iki millət (dərindən götürsək, qohum bir etnik qrup) arasında baş verib. Ona xarici müdaxilə həm də yeni maraq əlavə edir. Bu maraqlar artdıqca problem öz həllini tapa bilmir. Tərəflərin barışmasına ən çox mane olanlar isə dünyadakı vəziyyətə nəzarət edən dövlətlərdir. İndiyədək onlar heç bir münaqişəni həll etməyib. Əksinə, problemin ömrünü uzadıblar.
Əslində, müqayisə qüsurlu olsa da, belə qənaətə gəlmək olar ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə ən böyük maneə də beynəlxalq vasitəçilər, konkret olaraq, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləridir. Çünki Fələstinin 70 ildir başını sığallayıb torpaqlarını əlindən aldılar. Dağlıq Qarabağla bağlı da 24 ildir atəşkəs sazişi imzalanıb. Bu müddət ərzində Ermənistan özünün işğalçı siyasətini təsdiqləyən xeyli addım atıb. Həmsədr ölkələr isə susmaqla təcavüzkarın davranışına haqq qazandırblar. Fələstin torpaqlarının azad olunması, onun müstəqil dövlət kimi tanınması barədə də çoxlu qətnamələr qəbul edilib. Təəssüf ki, həmin sənədlər hələ də yalnız kağız parçasıdır. BMT-nin Təhlükəsizlik Şurası da Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması ilə bağlı 4 qətnamə qəbul edib. Ancaq bu sənədi nə həmsədrlər, nə də işğalçı dövlət nəzərə alır.
Beləliklə, dünyada baş verənlər beynəlxalq vasitəçi rolunda çıxış edənlərə etimadın, onların ədalətli mövqe tutacağına inamın azaldığını bir daha təsdiqlədi. Bu isə daha təhlükəli hadisələrin baş verə biləcəyini ehtimal etməyə əsas verir. Çünki indi bütün dövlətlərin silahı, raketi var. Bunların istiqamətləri isə bir gün dünyanı qarışdıran əsl hədəflərə də yönələ bilər.