Fələstində formalaşacaq yeni hökumət - postmüharibə dövrünə hazırlıq - ŞƏRH

Fələstində formalaşacaq yeni hökumət - postmüharibə dövrünə hazırlıq - ŞƏRH HƏMAS-İsrail müharibəsi davam etdiyi bir vaxtda Fələstin hökuməti istefa verib.
Analitika
27 Fevral , 2024 14:34
Fələstində formalaşacaq yeni hökumət - postmüharibə dövrünə hazırlıq - ŞƏRH

HƏMAS-İsrail müharibəsi davam etdiyi bir vaxtda Fələstin hökuməti istefa verib. Adətən belə şəraitdə ölkə üzrə fövqəladə, yaxud hərbi vəziyyət rejimi elan olunur. Bütün qüvvələr hərbi səfərbərliyə alınır. Ancaq Fələstində bu baş vermir. 2006-cı ildən Qəzza zolağında idarəetməyə nəzarət edən HƏMAS sanki İsrail Müdafiə Ordusu ilə təkbaşına müharibə aparır.

Kənar qüvvələr ərəb dövlətlərini də bu silahlı qarşıdurmaya cəlb etməyə çalışsa da, hələ ki səylər nəticəsiz qalıb. Ərəb ölkələri, xüsusilə Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Qətər, Mərakeş və başqaları bu savaşda iştirak etmirlər. Bununla belə, onlar Fələstin dövlətinin yaranması ideyasını dəstəkləyir, fələstinlilərə humanitar yardımlar göndərirlər.

HƏMAS isə bu müharibədə tək deyil. Onu siyasi, hərbi cəhətdən İran və onun Yaxın Şərqdə “müqavimət hərəkatı” adı altında yaratdığı silahlı qruplaşmalar, Çin, Rusiya və onların ətrafındakılar dəstəkləyir, yardım göstərirlər. İsrail ordusu isə Qəzza zolağını silahlı qruplaşmalardan təmizləmə əməliyyatını davam etdirir. Qarşı tərəf də müqaviməti davam etdirəcəyini bildirir.

Belə bir şəraitdə Fələstinin Baş naziri Məhəmməd əş-Aştaye və kabineti istefa verib. Sual yaranır - belə gərgin vəziyyətdə istefaya səbəb nədir?

Son aylar fələstinlilər dövlət başçısı, 88 yaşlı Mahmud Abbası Qəzza zolağındakı böhranı həll etmək qabiliyyəti olmamaqda ittiham edərək onu istefa verməyə çağırıblar. Görünür, yaranmış vəziyyətdən çıxış yolu kimi ilkin olaraq hökuməti qurban vermək qərarına gəliblər.

Əş-Aştaye istefasını belə əsaslandırıb: “Bu qərar İsrailin Qəzzaya təcavüzü və işğal olunmuş Qüds də daxil olmaqla İordan çayının qərb sahilində vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşməsi ilə bağlı siyasi, iqtisadi və təhlükəsizlik hadisələrini əks etdirir”. Onun iddiasına əsasən, Fələstin məsələsi, onun siyasi sistemi görünməmiş hücum, aclıq, BMT-nin Fələstin Qaçqınlarına Yardım Agentliyinin ləğv etməsi cəhdi və başqa bu tip çətinliklərlə üz-üzədir.

Yeri gəlmişkən, Aştaye 2019-cu ilin yazından baş nazir postunu tuturdu.

İsrail Qəzza zolağında əməliyyatı genişləndirir. Odur ki, bu istefanın müharibədən sonrakı dövrə hesablandığını ehtimal etmək olar.

Bəzi məlumatlara əsasən, bu addım həm də ABŞ-nin Fələstində islahatların aparılması ilə bağlı təzyiqləri fonunda atılıb.

Bu həftə texnokratlardan ibarət yeni hökumətin yaranacağı gözlənilir. Yeni hökumətin baş naziri postuna Fələstin İnvestisiya Fondunun başçısı Məhəmməd Mustafa əsas namizəd olaraq göstərilir.

Bildirilib ki, texnokratlardan ibarət yeni hökumətin formalaşmasına HƏMAS da razılıq verib. Yeni hökumətin Fələstin ərazisində fəaliyyət göstərən heç bir partiya ilə əlaqəsi olmayacaq. Peşəkarlardan ibarət olacaq bu komanda Fələstində prezident və parlament seçkiləri keçirilənə qədər fəaliyyətini davam etdirəcək.

Yeni kabinetin atacağı addımlardan biri də fələstinlilər arasında təcili konsensusa nail olmaqdır. Çünki Qəzza zolağında müharibə nəticəsində yaranmış yeni reallıq siyasi tədbirlərin görülməsini tələb edir. HƏMAS-ın yüksək vəzifəli nümayəndəsi Sami Əbu Zuhri deyib ki, baş nazirin istefası növbəti mərhələ üçün tənzimləmələr üzrə milli konsensus əldə edildiyi halda əhəmiyyət kəsb edər.

Belə ehtimal etmək olar ki, Mahmud Abbas, yaxud Fəth, HƏMAS və müstəqil siyasi xadimlər bu istefa, yeni hökumətin formalaşması ilə yeni, postmüharibə dövrünə hazırlaşır. Bu baxımdan, ABŞ Prezidenti Cozef Baydenin açıqlaması qarşı tərəfin də bu istiqamətdə müəyyən hazırlıq işləri gördüyünü ehtimal etməyə əsas verir. Ağ evin indiki sahibi bildirib ki, İsrail Ramazan ayı ərzində Fələstinin Qəzza zolağında döyüşləri dayandırmağa razılıq verib. Bayden Qəzza zolağında atəşkəs razılaşmasının martın 4-nə qədər əldə olunacağına ümid etdiyini də vurğulayıb: “Ümid edirəm ki, həftə sonuna qədər nəticə olacaq. Milli təhlükəsizlik üzrə köməkçim Ceyk Sallivan mənə deyir ki, biz atəşkəs razılaşmasına yaxınıq, ancaq məsələ üzərində işi bitirməmişik”.

Beləliklə, yeni hökumətin Fələstini yeni dövrə hazırlayacağını ehtimal etmək olar. Ölkədə vahid idarəetmə sisteminin yaranması vacib şərtlərdəndir. İsrail və region üçün digər vacib problem isə silahlı qruplaşmaların mövcudluğudur. Vaxtilə HƏMAS hərbi-siyasi qruplaşma kimi Qəzza zolağında hökuməti ələ keçirib. 18 ildir bölgəni idarə edir. Ona görə Fələstin-İsrail münasibətlərinin normallaşmasının başlıca şərtlərindən biri də qanunsuz, nəzarətdənkənar silahlı qruplaşmaların yığışdırılmasına nail olmaqdır. Bu, həm də regiona başqa qüvvələrin müdaxiləsinin də qarşısını ala bilər. Odur ki, Fələstinin post-HƏMAS dövrünə hazırlıq görüldüyü qənaətinə də gəlmək olar. İsrailin muxtar bölgə saydığı bu ölkə yeni prezident, yeni hökumət, yeni dövrə doğru keçidə hazırlaşır. Ramazan Fələstində bu baxımdan da sınaq ayı olacaq.

Son xəbərlər

Orphus sistemi