ABŞ-ın Mərkəzi Bankı kimi fəaliyyət göstərən Federal Ehtiyat Sistemi (FED) bu gün uçot dərəcəsinə yenidən baxacaq.
"Report" xəbər verir ki, ABŞ-da iqtisadi artımın gözləniləndən çox olmasına baxmayaraq sonuncu iclasda FED uçot dərəcəsini sabit saxladı. Buna kimi isə tənzimləyici ardıcıl olaraq 10 iclasda faiz dərəcəsini bütövlükdə 500 baza bəndi artırdı. Sərt pul-kredit siyasətində pauza götürmək qərarı inflyasiya və işsizlik kimi əsas makroiqtisadi göstəricilər üzrə müsbət tendensiya fonunda verildi. Belə ki, mayda istehlak inflyasiyası əvvəlki aydakı 4,9 %-dən 4 %-ə düşdü. Bu son iki ilin ən minimal göstəricisi idi. Eyni zamanda hesabat ayında işsizlik apreldəki 3,3 %-dən 3,7 %-ə qalxdı. Oxşar tendensiya ötən ay da müşahidə olunub.
İyunda istehlak inflyasiyası 2021-ci ilin martından bu yana ən aşağı həddə düşüb. İş yerlərinin artımı da yavaşlayaraq son iki ilin minimumunda qərarlaşıb. Bununla belə ötən ay amerikalıların əməkhaqqı artımı, son iki ildə ilk dəfə olaraq qiymət artımını keçib. Belə ki, istehlak inflyasiyası 3 % olduğu halda, özəl sektorda 1 iş saatının ödənişi 4 % artıb. Bir tərəfdən maaşların artımında müşahidə olunan sabit tendensiya digər tərəfdən isə xüsusilə benzin və ərzaq qiymətlərinin azalması ABŞ-da istehlak inamının son il yarımın maksimumuna çatmasını təmin edib. Alıcılıq qabiliyyətinin yüksəlməsi isə istehlak xərclərinin artmasına gətirib çıxaracaq, bu isə öz növbəsində iqtisadi inkişafı stimullaşdıracaq. Belə bir durum son aylar ABŞ iqtisadiyyatı üçün “damokl qılıncı”na çevrilən ressesiyanı önləmək baxımından önəmli olsa da, FED-in inflyasiyanı cilovlamaq üçün iqtisadiyyatı soyutmaq siyasəti üçün arzuolunmazdır. Əmək bazarının hələ də kifayət qədər güclü olduğu, qiymətlərin azalma tempinin isə gözlənilən dərəcədə sürətli olmaması FED-i yenidən faiz artımına getməyə məcbur edəcək. Bu mənada bugünkü iclasda uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 5,25-5,5 %-ə çatdırılacağı labüd görülür.
Faiz artımı ABŞ dollarının digər valyutalar qarşısında dəyər qazanmasına gətirəcək. Azərbaycanda Mərkəzi Bank tərəfindən sabit məzənnə siyasəti həyata keçirildiyi üçün manat dollar qarşısındakı məzənnəsi dəyişməz olaraq qalacaq. Lakin manatın xarici valyutalara nisbətən məzənnəsi həmin valyutaların və manatın ABŞ dollarına nisbətən məzənnələri əsasında müəyyənləşdiyi üçün dolların başqa valyutalar qarşısında dəyər qazanması manatın da başqa valyutalar qarşında möhkəmlənəcəyi anlamına gəlir.
Xatırladaq ki, FED 2022-ci ilin mart ayında 2018-ci ildən bəri ilk dəfə olaraq uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq illik 0,25-0,5 %-ə çatdırdı. Mayda uçot dərəcəsi 0,5 faiz bəndi artırılaraq 0,75-1 %-ə, iyunda 0,75 faiz bəndi (son 28 ildə ən kəskin artım) artırılaraq 1,5-1,75 %-ə, iyulda 0,75 faiz bəndi artırılaraq 2,25-2,5 %-ə, sentyabrda 0,75 faiz bəndi artırılaraq 3-3,25 %-ə, noyabrda daha 0,75 % artırılaraq 3,75-4 %-ə, dekabrda 0,50 faiz bəndi artırılaraq 4,25-4,50 %-ə, 2023-cü ilin fevralında 0,25 faiz bəndi artırılaraq 4,50-4,75 %-ə, martda 0,25 faiz bəndi artırılaraq 4,75-5 %-ə, mayda 0,25 faiz bəndi artırılaraq 5-5,25 %-ə çatdırıldı. İyunda tənzimləyici faiz dərəcəsini sabit saxladı.