Fars körfəzi ölkələri ilə Azərbaycanın əməkdaşlığı - maraqlar üst-üstə düşür - ŞƏRH

Fars körfəzi ölkələri ilə Azərbaycanın əməkdaşlığı - maraqlar üst-üstə düşür - ŞƏRH Azərbaycanın xarici siyasətində ən vacib istiqamətlərindən birini enerji siyasəti tutur. Rəsmi Bakının bununla bağlı siyasətinin iki əsas nüansı var: daxili enerji təhlükəsizliyini təmin etmək, digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə t
Analitika
25 Dekabr , 2023 17:40
Fars körfəzi ölkələri ilə Azərbaycanın əməkdaşlığı - maraqlar üst-üstə düşür - ŞƏRH

Azərbaycanın xarici siyasətində ən vacib istiqamətlərindən birini enerji siyasəti tutur. Rəsmi Bakının bununla bağlı siyasətinin iki əsas nüansı var: daxili enerji təhlükəsizliyini təmin etmək, digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə vermək. Buna görə də həm Azərbaycanın enerji ehtiyatlarının hasilatı, həm də bu ehtiyatların beynəlxalq bazarlara çıxarılması yolları ilə bağlı yeni imkanların yaradılması böyük əhəmiyyət daşıyır. Son illər dəyişən geosiyasi vəziyyət fonunda beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizlərinin artan rolu, o cümlədən COVID-19 pandemiyasından sonra beynəlxalq uçuşların məhdudlaşdırılması və logistik təchizatın pozulması Körfəz Əməkdaşlıq Şurası ölkələrini alternativ nəqliyyat dəhlizlərini gündəmə gətirməyə sövq edib. Böyük dövlətlər və ittifaqlar arasında rəqabətin getdikcə güclənməsi, yeni dəhlizlərin formalaşması, Avropanın enerji resurslarına tələbatının artması Azərbaycanla Fars körfəzi ölkələri arasında əlaqələrin daha da inkişafına səbəb olub.

Şura ABŞ, Çin, Rusiya, Türkiyə, Avropa İttifaqı, Mərkəzi Asiya ölkələri, Yaponiya ilə əməkdaşlıq edir, bir sıra layihələr həyata keçirir. Son 20 il ərzində Azərbaycan Cənubi Qafqaz regionunun enerji və tranzit ixracat mərkəzinə çevrilib və Türk Dövlətləri Təşkilatının mühüm üzvüdür. Bu isə təbii ki, Fars körfəzi ölkələrinin diqqətindən yayına bilməzdi. 44 günlük müharibədə əldə edilən qələbə və regionda geosiyasi çəkisi artan rəsmi Bakı ilə sözügedən ərəb ölkələri strateji münasibətlərin inkişafına daha çox diqqət yetirməyə başladılar və bu sahədə yeni-yeni addımlar atmağı qarşılarına məqsəd qoydular. Bu əməkdaşlığı daha da qüvvətləndirən səbəblərdən biri də dünya nizamında və qlobal səviyyədə baş verən dəyişiklikləri də qeyd etmək yerinə düşər. Artıq birqütblü dünya nizamının əsasları dağılır və çoxqütblü dünya nizamı qurulmaq üzrədir.

Regional və qlobal güclər arasında isə rəqabət güclənib. Məsələn, Ankara və Bakının diktəsi ilə Çinin sərhədlərindən Avropanın mərkəzinə qədər uzanan dəhliz layihəsi, bu ittifaqın “Bir kəmər, bir yol” layihəsinin əsas aktoruna çevrilməsi də Fars Körfəzi ölkələrinin diqqətindən yayınmayıb. Şura isə öz növbəsində dəniz, hava və yol infrastrukturlarına külli sərmayə qoymaqla Asiya, Avropa və Afrika qitələrini birləşdirən nöqtəyə çevrilməyi planlaşdırır. Sözügedən dəhliz və marşrutların əsas çıxış nöqtəsi olan Çin həm Şura ilə dinamik iqtisadi əlaqələri gücləndirir, müxtəlif infrastruktur layihələrini maliyyələşdirir.

Nəzərə almaq lazımdır ki, ABŞ-nin “Hindistan-Ərəb-Aralıq dənizi” dəhlizi üzərində yerləşməsi də Fars körfəzi region üçün müsbət tendensiya sayılır. Bu iki layihənin ortaq nöqtəsi və birləşdirici halqası İrandan yan keçməkdir. Uzun müddətdir ABŞ və Avropa sanksiyalarının tətbiq edildiyi İrana sərmayə qoymaq, qlobal layihələri bu ölkə vasitəsilə həyata keçirmək, əzəli rəqibi rəsmi Tehranın güclənməsinə rəvac vermək təbii ki, ərəb dövlətlərinin maraq dairəsində deyil. Səudiyyə Ərəbistanının isə “Anadolu Qartalı” təlimində iştirakı Türkiyə və Azərbaycanla hərbi əlaqələrinin artmasını göstərir. Bu təlimlərdə iştirak eyni zamanda regionun söz sahiblərindən olan Səudiyyə Ərəbistanının rəsmi Bakı və Ankara ilə yeni əməkdaşlıqları üçün zəmin hazırlayır.

Yuxarıda qeyd edilən layihələrin icrası üçün ideal ölkə olaraq Azərbaycan sayılır. Bu səbəbdən də Fars Körfəzi ölkələrinin Azərbaycana son illər artan iqtisadi maraqlarının əsas səbəblərindən biri də dəhlizlər məsələsidir.

Ölkələr arasında qarşılıqlı münasibətləri anlamaq üçün ən mühüm göstəricilərdən biri də tərəflərin qısa və orta müddətli ticarət-iqtisadi əlaqələrinin tendensiyasının ölçülməsidir. Məsələn, 2021-ci ilin rəqəmlərinə baxsaq, Ər-Riyad və Bakı arasında iqtisadi əlaqələrin həcmi artaraq, 25 milyon dollara çatıb. Azərbaycan Səudiyyəyə tikinti xidmətləri ixrac edir, əvəzində isə etilen polimerləri və vinilxlorid polimerləri kimi strateji məhsulları idxal edir. 2022-ci ildə isə bu rəqəmlərdə 60 faizdən çox artım qeydə alınıb.

Sözügedən dövrdə Bakı ilə Əbu-Dabi arasında ticarət dövriyyəsi 50.42 milyon dollar, 2022-ci ildə isə 100 faiz artaraq 94.62 milyon dollara çatıb. İki ölkənin əsas diqqəti sənaye, kənd təsərrüfatı, nəqliyyat, turizm, səhiyyə və tikinti sahələrində birgə əməkdaşlığın inkişafına yönəlib.

Qətər də Azərbaycanın Fars körfəzi regionunda iqtisadi tərəfdaşıdır. 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1.2 milyon dollardan çox olub. Bakıdan Dohaya avtomobillər, təmizlənmiş yağ və pomidor ixrac edilib. Qətərlilər isə Azərbaycanın etilen polimerinə və məişət texnikasına olan tələbatının bir hissəsini təmin ediblər. Son iki ildə isə bu dövriyyə kəskin şəkildə artaraq, 3.6 milyon dollara yaxınlaşıb.

2021-ci ildə Oman ilə Azərbaycan arasında iqtisadi əlaqələrin həcmi cəmi 1 milyon dollar olub. Növbəti illərdə iki ölkə arasında ticarət dövriyyəsində artım qeydə alınıb və 2 milyon dollara yaxınlaşıb.

Bir tərəfdən ABŞ Maliyyə Nazirliyinin İrana qarşı sanksiyaları artırması, digər tərəfdən Tehranın regional rəqiblərinin İran coğrafiyasına sərmayə qoymaq istəməməsi Fars Körfəzi ölkələrinin Mərkəzi Asiya, Cənubi Qafqaz və xüsusən də Azərbaycana sərmayə qoyuluşunun artmasına səbəb olub.

Məsələn, Səudiyyə Ərəbistanı və BƏƏ-nin Mərkəzi Asiya və Azərbaycana investisiyalarının həcmi 20 milyard dollara çatıb. Xüsusilə vurğulamaq lazımdır ki, 17 dekabr tarixində Əbu-Dabi-Bakı 1 milyard dollar kapitala malik müştərək investisiya fondunun yaradılmasını elan etdi. Bu fondun yeni texnologiyalar, kənd təsərrüfatı və əczaçılıq sahələrinə aid layihələri maliyyələşdirməsi nəzərdə tutulur. “Abu Dhabi İnvestment Company” və “Azərbaycan Respublikasının İnvestisiya holdingi” yeni fondda 50 faiz paya malikdir.

Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələrinin prioritet investisiya sahələrindən biri də bərpa olunan enerji sektorudur. Məsələn, Səudiyyə Ərəbistanının “Aqua Power” şirkəti “Total” və “British Petroleum”la əməkdaşlıq edərək, Azərbaycanda 230 meqavat elektrik enerjisi istehsal gücünə maik külək elektrik stansiyasının yaradılmasına 290 milyon dollar sərmayə qoyub. Bundan əlavə, Əmirliyin “Masdar” şirkəti də 262 milyon dollar sərmayə ilə 230 meqavatlıq elektrik enerjisi istehsal edən günəş elektrik stansiyası qurmağı planlaşdırır. 2030-cu ilə qədər Azərbaycan bərpa olunan enerji hesabına 10 min meqavata yaxın elektrik enerjisi istehsal edib qonşu ölkələrə ixrac etməyi planlaşdırır. Bundan əlavə, Abu Dabi Milli Neft Şirkəti Xəzər dənizindəki Abşeron qaz yatağı səhmlərinin 30 faizini almaqla, rəsmi Bakının strateji-iqtisadi partnyorlarından birinə çevrilib. Bu qaz yatağı beş illik perspektivdə hər il altı milyard kubmetr qazı Avropa bazarlarına çıxaracaq.

Göründüyü kimi, Fars Körfəzi Əməkdaşlıq Şurası ölkələrinin Azərbaycana iqtisadi maraqları ilə yanaşı, siyasi maraqları da var. Siyasi maraq dedikdə, bir sıra layihələri İrandan yan keçirərək, daha sanballı, dünya miqyasında geosiyasi çəkisi olan Azərbaycanla reallaşdırmaqdır. Yəqin ki, yaxın illərdə sözügedən ölkələrin Bakıya investisiya və kapital axını davam edəcək, ticari əlaqələrin həcmində sıçrayış yaşanacaq və qlobal layihələr sayəsində ölkəyə külli miqdarda gəlirin axını təmin ediləcək.

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi