"Əsir"ə çevrilən terrorçular - Ermənistanın yeni şousu - ŞƏRH

"Əsir"ə çevrilən terrorçular - Ermənistanın yeni şousu - ŞƏRH Azərbaycan noyabr bəyanatındakı öhdəliklərini yerinə yetirir
Analitika
9 Aprel , 2021 13:18
Əsirə çevrilən terrorçular - Ermənistanın yeni şousu - ŞƏRH

Ermənistan hakimiyyəti və cəmiyyəti reallıq hissini itirib. Bu ölkənin rəhbərliyi girov, əsir, terrorçu və cinayətkar terminlərinin fərqinin bilərəkdən qarışıq salır. Bir müddətdir ki, Ermənistan hökumətinin, Müdafiə Nazirliyi və dövlətin başqa qurumlarının binaları qarşısında hakimiyyət rəsmiləri ilə Qarabağda itkin düşən, ölən, əsir və girov düşənlərin qohumlarının aksiyaları keçirilir. Rəsmi Yerevana noyabrın 10-da imzalanan bəyanatın şərtlərini yerinə yetirməkdənsə, diqqəti bu istiqamətə yönəltməyə, bununla da bəhs etdiyimiz sənəddəki öhdəlikləri yerinə yetirməkdən yayınmağa çalışır.

Azərbaycan noyabr bəyanatındakı öhdəliklərini yerinə yetirir. Sənədin 8-ci maddəsində bu məsələlər nəzərdə tutulub: “Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir”. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov aprelin 8-də keçirdiyi mətbuat konfransında deyib: “Hərbi əsirlərin qarşı tərəfə verilməsi həll edilib və bu məsələ artıq bağlanıb. Rəsmi Bakı öhdəliklərinə uyğun olaraq, bütün hərbi əsirləri Ermənistana təhvil verib. Biz bu məsələyə necə məsuliyyətli olduğumuzu sübut etdik. Azərbaycan tərəfi 70-dən artıq hərbi əsiri Ermənistana təhvil verib”. Onun sözlərinə görə, hərbçilər hərbi əməliyyatlar zamanı tutulanda əsir hesab edilir, antiterror əməliyyatı nəticəsində tutulanlara əsir deyil, terrorçu deyilməlidir. C.Bayramov vurğulayıb ki, bəyanat imzalandıqdan sonra Ermənistan qoşunlarını Azərbaycan ərazilərinə göndərməyə cəhd edir.

Ceyhun Bayramov
Ceyhun Bayramov

Ermənistanda əsgər valideynləri övladlarının Azərbaycanın Qarabağ bölgəsinə göndərilməsinə davamlı olaraq etiraz, bu regionda saxlanılan Ermənistan ordusunun hərbçilərinin isə ölkəyə qaytarılmasını, tərxis olunmasını tələb edirlər. Ermənistan hökumətinin başçısı Nikol Paşinyan və ölkənin başqa rəsmiləri, müxalifət liderləri isə bu məsələdən bir qayda olaraq bəhs etmir, cəmiyyətin bu haqlı tələblərini görməzliyə vururlar. Ermənilər hələ də bu suallara cavab axtarmaq istəmirlər: “Ermənistan əsgəri, hərbçisi, silahlısı Azərbaycanda niyə ölüb?”, “Onlar Qarabağda niyə itkin, əsir düşüb?”, “Hərbçi və ya mülki vətəndaşlığından asılı olmayaraq, Ermənistan vətəndaşı Azərbaycan ərazisində niyə terrorçuluq fəaliyyəti ilə məşğul olur?” və s. Ermənistan cəmiyyəti bu suallara obyektiv cavab tapmayanadək müstəqil ola bilməyəcək, inkişafdan geri qalacaq, regional təhlükəsizliyin təhdid mənbəyi olacaq.

Azərbaycana qarşı “əsir, girovların qaytarılması” ilə bağlı hay-küy salan, şüvən qoparan Ermənistan hakimiyyəti bəyanatın 4-cü və 7-ci maddələrini yerinə yetirməyib. 4-cü maddədə bildirilib: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir...”. Rusiya Federasiyasının sülhməramlı kontingenti bölgədə öz yerini möhkəmləndirsə də, Ermənistan silahlıları hələ də Azərbaycan torpaqlarındadır. Bu maddənin icrasını Rusiya da Ermənistandan tələb etmir. Rusiya sülhməramlıları gedən və getməyən erməniləri Qarabağa daşıyıb qurtarıb. Ancaq azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtması üçün bəyanatın uyğun 7-ci maddəsinin icrası ilə bağlı görülən işlər yetərli sayılmır. Həmin maddədə deyilir: “Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır”. Bu istiqamətdə yalnız Azərbaycan tərəfi əməli addımlar atır. Məcburi köçkünlərin geri qayıtması üçün işğaldan azad olunmuş ərazilərin minadan təmizlənməsi başlıca şərtdir. 30 il ərzində Ermənstan və havadarları Azərbaycanın işğal altında olan ərazilərinə mina “əkiblər”. Basdırılan minaların xəritəsi isə Ermənistanda və onun sponsorlarındadır. Təəssüf ki, çoxsaylı tələb və etirazlara baxmayaraq, qarşı tərəf bunu görməzliyə vurur. Noyabrın 10-dan indiyədək minaya düşüb ölən və xəsarət alanlarla bağlı BMT-nin İqtisadi-Sosial Şurasının Əsas Məşvərətçi Statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev deyib ki, münaqişə bitəndən bəri 9-u mülki şəxs olmaqla, Azərbaycanın 20 vətəndaşı mina partlayışları nəticəsində həyatını itirib, 8-i mülki şəxs olmaqla, 85-dən çox vətəndaş ağır yaralanıb.

Ermənistanın basdırdığı minaların partlaması nəticəsində Azərbaycan vətəndaşlarının həyatlarını itirməsi və ya xəsarət alması atəşkəsin pozulması anlamına gəlir. Onların və havadarlarının bu əməli bəyanatın müddəalarını icrasını ləngidir, onun həyata keçməsinə mane olur. Ermənistan hakimiyyəti, onu dəstəkləyənlər “əsir və girovların qaytarılması” kimi mövcud olmayan, “xristian abidələrinin qorunması” kimi az əhəmiyyətli məsələlərlə bağlı açıqlama versələr də, bəyanatın bəhs etdiymiz müddəalarının icrasından və minaların basdırıldığı ərazilərin xəritəsinin verilməsindən danışmırlar. Bu susqunluqla Ermənistanın Azərbaycan ərazisindəki pozuculuq fəaliyyətini dəstəkləyir, terrorçuları müdafiə edir.

Son xəbərlər

Orphus sistemi