Ermənistanla Azərbaycan arasında gözlənilən sülh sazişinə mane olan əsas baryerlər artıq aradan qalxıb. Qarabağdakı qondarma rejimin ləğvi bu məsələdə ciddi irəliləyişə səbəb oldu. 2023-cü ilin sentyabrında Azərbaycan ordusunun Qarabağda keçirdiyi birgünlük antiterror əməliyyatlarından sonra rəsmi İrəvandan verilən açıqlamaların məzmunu da göstərir ki, artıq qarşı tərəf sülhün qaçılmaz olduğunu başa düşür.
Amma hələ də qarşılıqlı etimad mühitinin yaranmasına mane olan müəyyən məqamlar var. Bunlardan başlıcası minalı ərazilərin xəritəsi ilə bağlıdır. 30 il davam edən işğal dövründə Ermənistan Azərbaycan ərazilərini minalayıb. Hazırda həmin ərazilərdə minatəmizləmə işləri aparılır. Azad olunmuş ərazilərdə indiyə kimi 49 mindən çox mina, 60 mindən çox partlamamış hərbi sursat aşkarlanıb, 342 nəfər mina terrorunun qurbanı olub.
Azərbaycan xeyli vaxtdır ki Ermənistandan minalı ərazilərin xəritəsini tələb edir. Buna baxmayaraq, İrəvan dəqiq xəritələri verməkdən imtina edir. Minalı ərazilərin xəritəsinin hələ də Azərbaycana verilməməsi sülh gündəliyinə, həmçinin qarşılıqlı etimad mühitinin yaranmasına zərbə vurur. Ola bilsin ki İrəvan minalı ərazilərin xəritəsini özü üçün “kozır” hesab edirdi və bunu alış-veriş predmetinə çevirmək istəyirdi. Amma artıq həqiqəti anlayıb və başa düşüb ki, həmin xəritələrin Azərbaycana təhvil verilməməsi heç də Ermənistanın xeyrinə deyil. Son zamanlara kimi xəritələrin onlarda olduğunu danan Ermənistan artıq bunu təkzib edir.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 23-də bildirmişdi ki, gələcəkdə həmin xəritələrin Bakıya təhvil verilməsi mümkündür. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yanvarın 25-də yaydığı məlumatda göstərilib ki, İrəvan Bakıya 8 mina xəritəsini təhvil verməyə hazırdır. Ermənistan KİV-nin məlumatına görə isə prosesə şəxsən baş nazir Nikol Paşinyan nəzarət edir. “Hraparak” nəşri yazıb ki, o, bu məsələ ilə bağlı xüsusi iclas keçirib.
Əlbəttə, bütün bunlar öz-özlüyündə müsbət siqnallardır. Amma gərək İrəvan kələk gəlməyə can atmasın. Belə ki, Ermənistan indiyə kimi Azərbaycana dəqiqliyi az olan iki xəritə verib. Azərbaycan Xarici İşlər Nazirliyinin yanvarın 25-də yaydığı bəyanatda vurğulanıb ki, Ermənistanın təqdim etdiyi mina xəritələrinin yararsız və natamamlığı dəfələrlə bildirilib. Məlumata görə, son illərdə mina partlayışlarının 55%-dən çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdə əks olunan ərazilərdən kənarda baş verib. Ona görə də Azərbaycana minalı ərazilərin dəqiq xəritəsi lazımdır. Yalnız bu halda Ermənistanın səmimiliyindən və sülh istiqamətində irəliləyişdən danışmaq olar.
Ermənistanın yenə Azərbaycanı aldatmağa can atması, şübhəsiz ki, bumeranq effekti verəcək. Əslində, Ermənistan sülhdə səmimi görünür. Çünki başqa yolunun olmadığını anlayır. Fikrimizcə, indi sülh sazişinə mane olan əsas məsələ üçüncü güclərin İrəvana təsiridir.
Yada salaq ki, 2023-cü ilin dekabr ayında Azərbaycanla Ermənistan arasında birbaşa təmaslar nəticəsində əsir mübadiləsi həyata keçirildi. Bu, qarşılıqlı etimad mühitinin yaranmasına müsbət təsir etdi. Bundan sonra rəsmi İrəvan bildirdi ki, ikitərəfli təmaslara üstünlük vermək lazımdır. Əgər deyildiyi kimi olsa, yəni İrəvan yaxın gələcəkdə Bakıya səhih xəritələri versə, bu zaman sülh istiqamətində bir az da məsafə qət olunacaq. İrəvan səmimidirsə, regional əməkdaşlıq istəyirsə, bu məqamı nəzərə almalıdır. Ermənistanın minalı ərazilərin xəritəsini Azərbaycana təhvil verməsi bu dövlətin özünə də xeyirdir. Dediyimiz kimi, beləliklə, qarşılıqlı etimad mühiti, regional əməkdaşlıq təmin oluna bilər. Bu isə İrəvanı kənar güclərin təsirindən xilas edər.