Ermənistanın müharibə bəyanatına cavab - aprel hadisələri təkrarlana bilər - ŞƏRH

Ermənistanın müharibə bəyanatına cavab - aprel hadisələri təkrarlana bilər - ŞƏRH Azərbaycanın hərbi əməliyyatlara başlaya biləcəyi heç vaxt gündəlikdən çıxmayıb
Analitika
4 Aprel , 2019 14:05
Ermənistanın müharibə bəyanatına cavab - aprel hadisələri təkrarlana bilər - ŞƏRH

Aprel döyüşlərinin dayanmasından, cəbhədə atəşkəsin yenidən bərpasından üç il keçir. Bu döyüşlər Azərbaycanın bütün baxımlardan, o cümlədən beynəlxalq hüquq normaları çərçivəsində ata biləcəyi addımı dünyaya göstərdi. Həmin döyüşlər beynəlxalq vasitəçilərin mövqeyini və Ermənistanın da qabiliyyətini bir daha aşkarladı. Əslində, məqsədimiz heç də üç il əvvəl baş verən hadisəyə qayıtmaq deyil. Sadəcə, martın 29-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən Vyana görüşündən sonra Yerevan rəsmiləri və ictimaiyyətinin çıxışlarına qısa baxış etmək istədik.

Deməli, Ermənistanın müdafiə naziri David Tonoyan “ərazi qarşılığında sülh”ü qəbul etmədiklərini bildirərək başqa bir tezis irəli sürmüşdü: “Yeni müharibə - yeni ərazi. Biz rəqibin ərazisində hərbi fəaliyyət göstərə bilmək üçün taqımların sayını artırmalıyıq”. Nikol Paşinyan isə onu dəstəkləyərək hökumət rəsmisinin dediklərini malalamağa çalışıb və yeni səhvə yol verib: “Tonoyan başqa bəyanatla çıxış etsəydi, onu müdafiə naziri vəzifəsindən azad edərdim”. Hökumət başçısı nazirin bu tezisinin danışqlara təsir etmədiyini vurğulayıb. Ancaq Tonoyan Ermənistanın mövqeyini və təcavüzkar olduğunu deməklə oxu yaydan buraxıb. Ermənistan Azərbaycanın ərazilərini işğal edib. Yerevan rəsmisi indi haranı işğal etmək istəyir? Yoxsa, himayədarları Ermənistanın adı ilə Azərbaycana qarşı yeni təcavüzkar plan hazırlayır? Azərbaycan torpaqları yüz ildən artıqdır ermənilərin adı ilə işğal edilir. Tonoyanın çıxışı bunu bir daha sübut edir.

Ümumiyyətlə, Vyana görüşündən sonra Ermənistan ictimaiyyətində Azərbaycana qarşı təcavüzkar çıxışlar çoxalıb. Ölkədə ictimai fikirə təsir etmək imkanı olanlar Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üçün yeni müharibəyə başlamağı vacib sayırlar. Hətta bəzi erməni siyasilər isə Azərbaycanın işğal altında olan Qarabağ bölgəsi ilə bağlı münaqişənin danışıqlar yolu ilə tənzimlənməsinin “dalana dirəndiyini” vurğulayırlar. "Erməni ziyalıları"nın tarixi saxtalaşdırmaq kimi xəstəliyi isə Aleksandr Manasyan adlı ekspertdə özünü göstərib. O, Azərbaycan Xalq Cümhuriyyəti dövrünün bilicisi rolunda çıxış edərək Dağlıq Qarabağın bu dövlətə məxsus olmadığını bildirib: “Dağlıq Qarabağ müstəqil Azərbaycanın tərkibinə daxil olmayıb. Müasir Azərbaycan özünü onun varisi saydığından Dağlıq Qarabağa ərazi iddiası edə bilməz”. Bu düşüncənin sahiblərinə tarix dərsi də vermək lazımdır. 1918-ci ilin yazında ermənilər Güney və Quzey Azərbaycan ərazisində soyqırım törətməyə başlayıb. Onlar Qarabağı ələ keçirmək üçün əvvəllər başlatdıqları soyqırımları Azərbaycan Xalq Cümhuriyyəti dövründə də davam etdiriblər. Azərbaycan hökuməti yaranmış vəziyyəti nəzərə alaraq 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən Qarabağ general-qubernatorluğu yaradıb. Xosrov bəy Sultanov Qarabağın general-qubernatoru təyin edilib. O vaxt Ermənistan (Ararat) Respublikasının xarici işlər naziri S.Tiqranyan Qarabağ general-qubernatorluğu yaradılmasına etirazını bildirib, ancaq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin cavabında bu etiraz əsassız hesab olunub və həmin ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olması göstərilib. Qarabağın general-qubernatoru ermənilərin ərazi iddiaları ilə yanaşı, əvvəlcə ingilislər, sonra isə amerikalılarla gərgin münasibətlər şəraitində fəaliyyət göstərməli olub. Özü də Azərbaycan Xalq Cümhurriyyətinin ərazisi 113,9 min kv. km idi. 1920-ci il aprelin 28-də Cümhuriyyətin süqutundan və Azərbaycanın Rusiya tərəfindən təkrar işğalından sonra bu rəqəm 86,6 min kv. km təşkil etdi. Azərbaycanın işğal edilmiş torpaqları üzərində Ermənistan quruldu. Hazırda 86,6 min kv. km ərazinin 20 faizini ermənilər işğal edib.

Yeri gəlmişkən, erməni siyasi və ictimai xadimlərinin bu çıxışları etdiyi toplantının bəyanatı ATƏT-in Minsk qrupunun həmsədrlərinə də təqdim olunub. Yerevan rəsmiləri bir qayda olaraq, Rusiya ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlığa qısqanclıqla yanaşırlar. Ancaq Rusiyanın Ermənistana əvəzsiz və kredit yolu ilə verdiyi silah və texnikanı görməzlikdən gəlirlər. Ötən gün Ermənistanın Rusiyadan aldığı “Su-30” qırıcılarının pulunun ödənilməsi ilə bağlı qarışıq məlumat yayıldı. Rusiyadan satın alınan 4 “Su-30” təyyarəsindən 2-nin pulunu Ermənistan hökuməti nağd ödəyib. O biri iki təyyarə isə kredit vəsaiti hesabına ödənilib. Nazirliyin hesabına pul ödəyən oliqarxlardan biri də Serj Sarqsyanın qardaşı Saşik Sarqsyanın olduğu bildirilib. Ermənistanın Müdafiə Nazirliyi nağd ödəmə ilə bağlı açıqlama verməyib. Nazirliyin Mətbuat xidmətinin katibi Arstrun Ovannisyan bildirib ki, nağd pulu ödəyənlərdən xəbərsizdir. Ermənistanın müdafiə naziri Rusiyadan 12 “Su-30SM” qırıcı əldə etdiklərini bildirmişdi. Bu qırıcıların  Rusiyanın Ermənistandakı hərbi bazasının silah arsenalına daxil edildiyi ehtimalı az deyil.

Bəs Ermənistanın son günlərdəki hay-küyünün arxasında nə durur? Niyə Vyana danışqlarından sonra Yerevan rəsmiləri müharibə edib “yeni ərazi tutmaq” istəklərini bəyan edir, yaxud “Su-30”la bağlı qalmaqallı bəyanat nəyə xidmət edir? Deməli, Azərbaycan torpaqları işğal altındadır. Bu baxımdan, ölkənin bütün təbəqələrinin təmsilçiləri ərazilərin müharibə yolu ilə azad edilməsindən danışmağa və buna hazır olmalarını bəyan etməyə haqları var. Eləcə də Rusiyanın Ermənistana müasir hərbi texnika və silah-sursat verdiyindən Azərbaycanın da modern silahları əldə etmək hüququdur. Ermənistanın “müharibədən” danışması və yeni torpaqlar “tutmaqdan” bəhs etməsi bu ölkədəki hakimiyyətin bölgə üçün təhlükəli olduğunu deməyə əsas verir. David Tonoyan hansı ölkənin ərazisinə soxulmaq istəyir? İranın, Türkiyənin, yoxsa Gürcüstanın? Əlbəttə, o, bunların heç birini hədəf almayıb. Heç şübhəsiz, söhbət Azərbaycan torpaqları ilə bağlı təcavüzkar siyasətin davam etməsindən gedir. Erməni siyasilər bununla beynəlxalq ictimaiyyəti təhdid edir. Onlar bununla bildirmək istəyir ki, danışıqlarda irəli sürdükləri tələblərə əməl edilməzsə, guya yeni hərbi əməliyyata başlayacaqlar. Bu çıxışlar həm də işğalçı ölkənin ictimaiyyəti üçün nəzərdə tutulub. Azərbaycan torpaqlarını işğal altında saxlasa da, Aprel döyüşləri Ermənistan ordusunun qabiliyyətini göstərdi. Bu böyük qüsuru ört-basdır etmək, yeni hökumətin güclü ordu qurduğunu cəmiyyətə sırımaq üçün tonoyanlar müharibədən danışırlar. Bir sıra amillər deməyə əsas verir ki, indiki şəraitdə Ermənistan hərbçiləri Azərbaycan Ordusu ilə döyüşdə çox zəifdir. Azından sonuncu döyüşü uduzduqları üçün psixoloji cəhətdən bədbin vəziyyətdədirlər.

Nəhayət, Ermənistan prezidenti Armen Sarkisyan, baş naziri Nikol Paşinyan və başqa rəsmilərin Dağlıq Qarabağa gəlməsi erməni ictimaiyyətinə daha çox təskinlik verməyə oxşayır. Beynəlxalq vasitəçilərin, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistan rəsmilərinin müharibə ovqatlı çıxışlarını sükutla qarşılaması da bir müəmmadır. Bütün bunlara baxmayaraq, torpaqları işğaldan azad etmək üçün Azərbaycanın hərbi əməliyyatlara başlaya biləcəyi heç vaxt gündəlikdən çıxmayıb. Odur ki, haqlı tərəfin müharibədən danışması daha təbiidir. Azərbaycana qarşı bu addımı atmaq istəyənlərə real addımla cavab verərək Yerevanın yenidən üfürülən şarının havasını almaq olar. 

Son xəbərlər

Orphus sistemi