Ermənistanın təhsil sistemi: problemlər, korrupsiya, boş vədlər - ŞƏRH

Ermənistanın təhsil sistemi: problemlər, korrupsiya, boş vədlər - ŞƏRH Ermənistanın baş naziri Nikol Paşinyanın kabineti bütün sahələri iflic vəziyyətinə saldığı kimi, təhsil sahəsində də bu məsələdə öz “bacarığını” göstərib. Paşinyan müxalifətdə olduğu dövrdə daim təhsil sahəsinin təkmilləşdirilməsinin vacibliyini qeyd edir
Analitika
19 İyul , 2024 14:11
Ermənistanın təhsil sistemi: problemlər, korrupsiya, boş vədlər - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyanın kabineti bütün sahələri iflic vəziyyətinə saldığı kimi, təhsil sahəsində də bu məsələdə öz “bacarığını” göstərib. Paşinyan müxalifətdə olduğu dövrdə daim təhsil sahəsinin təkmilləşdirilməsinin vacibliyini qeyd edirdi. Tam ali təhsil ala bilməyən bir şəxsin bu sahəni nə dərəcədə yaxşılaşdıracağı isə sual altında idi. 2018-ci ildə baş nazir postuna yiyələndikdən qısa müddət sonra bu sahədə də dediklərinin boş vəd olduğunu sübut etməkdən çəkinmədi. Artıq 6 ildir ki, hakim partiyanın ideoloqları Ermənistanın təhsil sistemini sözün əsl mənasında ağlar qoyub. Yayılan məlumatlar və xəbərlər göstərir ki, hökumət səviyyəsində bilik və təhsil yox, diletantlıq və cəhalət təşviq olunur.

İlk olaraq, ondan başlamaq lazımdır ki, 2018-ci ildə gurultulu platforma ilə kresloya əyləşən və yaxın ətrafını müxtəlif vəzifələrə təyin edən baş nazir təhsil sektorundakı vədlərin heç birini yerinə yetirməyib. Ötən il regionlarda milyonlarla pul tökülərək açılan məktəblərin əslində keyfiyyətsiz olduğunu ortaya çıxaran kadrlar kifayət qədər var. Bu məsələdə sxem isə belə qurulub: məktəb və ya uşaq bağçasının, təhsil ocağının tikintisi ilə bağlı tender elan edilir, qalib gələn şirkət işi icra edir. Əslində nə baş verib? Hansısa deputat və nazirin qohumuna məxsus şirkət mütləq tenderdə qalib gəlir, büdcədən ayrılan milyonlarla vəsait həzm-rabedən keçirilir, əvəzində keyfiyyətsiz bir təhsil ocağı istifadəyə verilir. Hətta ilk toxunuşdan asılqan belə baş nazirin əlində qalsa da, sadəcə təhsil idarəsinin məsul şəxsini vəzifədən uzaqlaşdırmaqla kifayətlənən Nikol bununla da korrupsiya sisteminin sırf onun maraq dairəsində olduğunu sübut etdi. Çünki təhsil idarəsindən əvvəl, bu işi icra edən şirkət və ya podratçı şirkət məsuliyyətə cəlb edilməli idi. Amma yuxarıda da qeyd edildiyi kimi, hansısa iri ranqlı dövlət məmuruna birbaşa və ya dolayı yolla məxsus olan şirkəti cərimələmək, məsuliyyətə cəlb etmək “Vətəndaş müqaviləsi”nin yaratdığı cəzasızlıq mühitində mümkünsüz görünür.

İşin digər tərəfi, icra olunmayan proqramlardır. Məsələn, 2021-ci ilin 18 avqust tarixində Ermənistan hökumətinin təsdiqlədiyi plana əsasən, 2026-cı ilə qədər Elm, Təhsil, Mədəniyyət və İdman nazirliyi 300 məktəb və 500 uşaq bağçasının təmiri, tikintisi və yenidən qurulmasını təmin etməlidir. Məlum olub ki, layihəyə 3 il əvvəl start verilsə də, bu günə qədər cəmi 17 məktəb inşa edilib, 11-I təmir edilib, 2-si isə yenidən qurulub. 144 məktəbəqədər təhsil müəssisəsində tikinti işləri guya başa çatdırılıb. Amma yerli media qurumlarının ezam olunan jurnalistləri bildirirlər ki, heç bir başa çatdırılmadan söhbət belə gedə bilməz. Bəzi yerlərdə heç bünövrə qazılmayıb.

Bu isə aydın edir ki, sözügedən layihənin icrası üçün pul ayrılsa da, şirkətlərə köçürülsə də, yeyinti səbəbindən ortada nə fal var, nə də yumurta.

2021-ci ildə qəbul edilən proqramın başa çatmasına 2 il vaxt qalıb. Lakin nazirlik layihənin heç üçdə birini icra etməyib. Növbəti iki ildə bu qədər genişmiqyaslı tikinti layihəsi həyata keçirilə biləcəkmi? Bax əsas sual budur.

İşin gülməli tərəfi odur ki, nazirlik bir tərəfdən büdcədən külli vəsait alaraq, məktəb, bağça tikintisi ilə məşğul olur, digər tərəfdən isə regionlarda bir ucdan məktəblər bağlanır. Hətta ekspertlər qeyd edirlər ki, yaxın illərdə ölkə ərazisində bir neçə yüz məktəb bağlana bilər. Səbəb isə sadədir, əhali sayının azalması, insanların regionları sürətlə tərk etməsi. Elə regionlar var ki, orada 20-30 məktəb var. Amma artıq bölgələrdə əhali sayı azaldığı üçün, bir neçə təhsil ocağı bağlanacaq, 2-3 kəndi özündə birləşdirən 1 məktəb xidmət göstərəcək. Bu isə kütləvi işsizlik dalğasına da səbəb olacaq. Belə olduğu halda isə bu insanların da regionu tərk etməsi qaçılmaz olacaq.

Faktlara müraciət edək, araşdırmalar göstərir ki, Şirak, Kotayk, Sünik, Qeqarqunik kimi bölgələrdə 5,10, 20 şagirdi olan kifayət qədər məktəb var. Elə siniflər var ki, orada cəmi 1 şagird təhsil alır. Bu da həm təhsilin keyfiyyətinə, həm də şagirdin sosial psixoloji vəziyyətinə mənfi təsir edir.

Ermənistanın təhsil sahəsindəki problemlərdən biri də deputat və iri ranqlı məmurların bu sahəyə “əl atması”, həyat yoldaşlarının, bacılarının və digər qohumlarının törətdiyi özbaşınalıqlardır. Məsələn, hakim partiyanın deputatı Sergey Baqratyanın həyat yoldaşı eyni zamanda 5 ali təhsil ocağında dərs deyir. İşin gülməli tərəfi odur ki, parlament tribunasında dürüstlük və qanunlardan dəm vuran Sergeyin xanımı Naira Akopyan nəinki dərslərə getmir, heç bəzi universitetin yolunu belə tanımır. Naira Akopyan sırf mədən biznesi ilə məşğul olur və işi-gücü bu sahədəki gəlirlərini artırmaqdır.

Deputatın xanımının peşəkar iş qrafiki daha ibrətamizdir. 2023-cü ildə Naira Akopyan Xaçatur Abovyan adına Pedaqoji Universitetinin, Avetik Mkrtçyan adına İqtisadiyyat və Hüquq Universitetinin, İrəvan Dövlət Universitetinin, Beynəlxalq Elm və Təhsil Mərkəzinin, Slavyan Universitetinin əməkdaşı olub.

Başqa bir fakta müraciət edək. Şirak bölgəsində “Manuşak” uşaq düşərgəsi vilayət idarəsinin xalq maarif şöbəsi tərəfindən alınaraq “Yereknuk” restoranına çevrilib. Maraqlıdır ki, restoran sonradan Erməni Katolik Kilsəsinə satılıb. Uşaqlar üçün nəzərdə tutulan düşərgəni restorana çevirən təhsil işçisi onu nə az nə çox, 1 milyon dollara satılıb. İş o qədər böyüyüb ki, Vatikan da məsələyə qarışıb və göndərilən komissiya üzə çıxarıb ki, torpaq və üzərindəki binanın dəyəri 100 min dollar edir. Bu isə təhsil işçisinin katolik kilsəsində yüksək rütbə tutan hansısa ruhani ilə birlikdə hərəkət etdiyini üzə çıxarıb.

Faktlara davam edək, Artik, yəni Ərtik mahalında universitet və bir sıra məktəblərdə qeyri-qanuni obyektlər inşa edilib. Bu sıraya çörək sexləri, şirniyyat və qənnadı məmulatları istehsal edən sexlər daxil edilib. Uzun sürən şikayətlərdən sonra xalq maarif şöbəsinin keçmiş rəhbərinə qarşı cinayət işi açılıb. Amma sonradan Nikol Paşinyanın müdaxiləsi ilə iş ört-basdır edilib. Çünki sözügedən şəxs 2018-ci ildə “narıncı inqilab” üçün 250 min dollar bağışlayıb.

Eyni problemlər ali təhsil ocaqlarında da hökm sürür. Məsələn, Milli Aqrar Universitetinin keçmiş rektoru Vardan Urutyan 2018-ci ildə bu posta təyin olunub və 5 il kresloda əyləşib. Üzə çıxan faktlar göstərir ki, Urutyan 2018-2023-cü illər ərzində Kotayk rayonunun Proşyan icmasında müxtəlif ünvanlarda 50 yaşayış sahəsi alıb. Beynəlxalq Aqrobiznes Araşdırmaları və Təhsil Fondundan verilən məlumata görə, onların əldə edilməsində məqsəd kənd təsərrüfatı sahəsində təhsil və elmi proqramların həyata keçirilməsidir. Amma ötən ilin fevral ayında sözügedən yaşayış sahələrinin 44-ü satışa çıxarılıb. Sual yaranır, bəs təcrübə? Orta qiyməti 50 min dollar olan yaşayış sahələrinin satışı kimin cibinə axıb? Vardanın rektor olduğu dövrdə bir çox bina və tikili alınıb. Həmin dövrlərdə isə universitetin maliyyə imkanları bir neçə dəfə azalıb.

Ermənistanın Aqrar Universitetində yeni səs-küylü əhvalat üzə çıxıb. Universitetin illik hesabatından aydın olur ki, rəhbərlik ödənişli sistemdə yüksək nailiyyətlər göstərən tələbələrə qanunvericilikdə nəzərdə tutulmuş güzəştləri vermir, daha doğrusu, natamam təmin edir. Digər fakt isə qanuna görə, tələbə sayı artsa, yataqxanalarda 139 nəfərə endirim olmalı idi. Rəsmi rəqəmə görə, 2023-2024 təhsil ilində sözügedən təhsil ocağının 2.500 tələbəsi olub. Yəni ən azı 250 tələbəyə kompensasiya ödənməli idi. Ortaya çıxan faktlar isə əksini sübut edir. Ya universitet rəhbərliyi tələbə sayını şişirir, ya da qanuna məhəl qoymur.

Başqa bir fakta müraciət edək. İyulun 1-dən ali məktəblərə sənəd qəbulu və imtahanlara start verilsə də, statistika göstərir ki, bir sıra universitetdə boş yerlər bu il daha çox olacaq. Bunun ilkin səbəblərindən biri təhsilin keyfiyyətinin get-gedə aşağı düşməsi olsa da, digər səbəb kütləvi miqrasiyadır. Gənclər iş tapmaq və dolanışıq qurmaq üçün hər gün Rusiya və digər ölkələrə üz tuturlar.

Bu yaxınlarda isə üzə çıxıb ki, baş nazirin xüsusi göstərişi ilə “Kvant” liseyinə təzyiq edilib. Yay fəsli olsa da, qəfildən təhsil ocağında ciddi yoxlamalara başlanılıb. Ehtimal edilir ki, yoxlama aysberqin görünən tərəfidir, əsas hücum sentyabrda baş tutacaq. Bunun yeganə səbəbi var, Nikol Paşinyan yaxın çevrəsinin açdığı özəl məktəblər üçün meydanı təmizləmək qərarına gəlib. “Kvant” Ermənistanın ilk özəl məktəbidir və son 30 ildə beynəlxalq olimpiadalardan gələn medalların 67 faizi məhz bu təhsil ocağının balansına yazılıb.

Son olaraq, son iki il ərzində İrəvanda böyük qalmaqala səbəb olan Akademik Şəhər barədə də demək lazımdır ki, sözügedən layihə elm dünyasında ciddi etirazlara səbəb olub. İlk olaraq, layihə ən yaxşı halda 15 ilə tamamlana bilər. Maraqlıdır ki, hakim partiya Akademik Şəhər layihəsi adı altında universitetləri birləşdirməyə cəhd edir. İndi beynəlxalq əlaqələri olan, professor-alim mübadiləsi aparan, böyük qrant proqramları olan müxtəlif universitetlər, elmi təşkilatlar var və maliyyə dövlətin ayırdığı maliyyədən də çoxdur. Bu elmi təşkilatlar və ya universitetlər birləşəcəyi təqdirdə, bu, onların tarixinin silinməsi deməkdir və bu beynəlxalq proqramların aqibətinin necə olacağı bəlli deyil. Yəni belə çıxacaq ki, onlar öz tarixlərini itirəcəklər və heç kim onlarla sıfırdan əməkdaşlıq etmək istəməyəcək. Bu, ali təhsilə, elmə böyük zərbə vuracaq. Paşinyan komandası təklif edir ki, o pulu universitetlər arasında bölüşdürək və görək təhsilin keyfiyyəti nə qədər artacaq, nə qədər yeni mübadilə proqramları başlayacaq və s. Əslində isə məqsəd qrantlara və böyük pul axınına nəzarəti əldə cəmləməkdən gedir. Nə təhsilin keyfiyyəti, nə də beynəlxalq proqramlar Janna Andreasyanın rəhbərlik etdiyi nazirliyin vecinə deyil. Əslində isə Universitetlərin birləşməsi, yerdəyişməsi və sair söhbətlər məktəb məzunlarının dövlət universitetlərinə yox, daha çox beynəlxalq müqavilələrlə yaradılmış, birləşib köçməkdən söhbət getməyən universitetlərə müraciət etməsinə səbəb oldu. Təhsil naziri Janna ilə bağlı mütəmadi olaraq, mətbuatda mənfi xəbərlər getsə də, partiya iclaslarında onun istefası tələb edilsə də, baş nazirin himayəsində olan xanım nazirə heç kəs bata bilmir.

Paşinyanın dəstəyindən qol-qanad alan Janna Andreasyanla bağlı yeni qalmaqal üzə çıxıb. Məlum olub ki, minlərlə nadir fotosu və kitabxanası olan “Erməni Teatr Assosiasiyası"nın bütün arxivi məhv edilib. Bunun isə hansı məqsədlə edildiyi hələ də məlum deyil.

Göründüyü kimi, 6 il ərzində Nikol Paşinyan hökuməti Ermənistanın təhsil sahəsini iflic vəziyyətinə salıb. Tikinti və tenderlər, düşərgələrin restorana çevrilərək, satışından tutmuş, arxiv məhvinə qədər bütün çirkinliklərə əl atılır. Bu isə yaxın illərdə erməni dövlətində təhsilin daha da biabırçı formaya düşəcəyindən xəbər verir.

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi