Ermənistanın platforma qorxusu - İrəvan vasitəçi istəyir - ŞƏRH

Ermənistanın platforma qorxusu - İrəvan vasitəçi istəyir - ŞƏRH Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində 13 dekabr 2023-cü il tarixində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.
Analitika
14 Dekabr , 2023 17:33
Ermənistanın platforma qorxusu - İrəvan vasitəçi istəyir - ŞƏRH

Azərbaycan-Ermənistan sərhədinin Qazax rayonundan keçən hissəsində 13 dekabr 2023-cü il tarixində hərbi qulluqçuların qarşılıqlı şəkildə təhvil verilməsi həyata keçirilib.

Bu proses rəsmi Bakı ilə İrəvan arasında birbaşa danışıqların nəticəsidir və dünyanın bir çox dövlətləri tərəfindən müsbət bəyanatlarla alqışlanıb. Əsir mübadiləsindən sonra iki ölkə arasında vasitəçisiz danışıqların keçirilməsi məsələsi gündəmə gəlsə də, erməni hökumətinin bu məsələdə qorxularının olduğu üzə çıxıb. Ermənistanın XİN başçısı Ararat Mirzoyan iki gün əvvəl açıqlama verərək, sülh danışıqlarının beynəlxalq aktorlar vasitəsilə aparılmasının vacibliyindən danışıb. Erməni parlamentinin xarici əlaqələr komissiyasının sədri Sargis Xandanyan da qeyd edib ki, danışıqların Qərb platformasında davam etdirilməsi təmsil etdiyi dövlətin istəyidir və Rusiyanın vasitəçiliyi sıfır nöqtəyə qayıtmaq deməkdir.

Göründüyü kimi, rəsmi İrəvan Azərbaycanla birbaşa danışıqlardan ehtiyat edir və Qərb platformasını üstün tutur. Bunun isə bir neçə səbəbi var. Birincisi, erməni müxalifəti qeyd edir ki, qaliblə məğlubun vasitəçisiz danışığı ikinci tərəfin diplomatik fiaskosu deməkdir. Yəqin ki, baş nazir Nikol Paşinyan hökumətini birbaşa danışıqlardan çəkindirən əsas amillərdən biri budur.

İkincisi, ölkəsinin həbsxanaları siyasi dustaqlarla dolu olan baş nazir özünü demokrat kimi göstərmək və Qərbə yaxınlaşmaq üçün məhz bu platformanı üstün tutur.

Üçüncüsü, erməni diasporunun təzyiqini də nəzərə almaq lazımdır.

Dördüncüsü, hökumət başçısı bu seçimi ilə Rusiyaya olan münasibətlərini bir daha ortaya qoymuş sayılır.

KİV-də tirajlanan xəbərlərə görə, yanvar ayında ABŞ-də Ermənistan və Azərbaycan XİN rəhbərləri - Ararat Mirzoyan və Ceyhun Bayramovun görüşü planlaşdırılır. Erməni siyasi elitası bu görüşə böyük ümidlə baxır. Təsadüfi deyil ki, Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri, Azərbaycan əleyhinə sərsəm bəyanatlar səsləndirmək üzrə ixtisaslaşmış Edmon Marukyan da yanvar ayında keçirilməsi planlaşdırılan görüş barədə açıqlama verib və bu görüşdə sülh müqaviləsinin mətninin razılaşdırılacağına ümid etdiyini bildirib. Bundan əlavə, erməni diplomat əsir mübadiləsi məsələsinə də toxunaraq, bunu iki ölkə arasında etimad atmosferinin yaradılması üçün vacib addım adlandırıb. Marukyan əlavə edib ki, sülh üçün körpülər qurmaq lazımdır.

Ehtimal edilir ki, Azərbaycan əleyhinə lazım oldu-olmadı açıqlamalar verən diplomatı bu formada açıqlama verməyə vadar edən Paşinyan hökumətidir. Erməni siyasi kulislərində dolaşan xəbərə görə, baş nazirin göstərişi ilə artıq rəsmi Bakı ilə münasibətləri konkret nizamlamaq, sülh müqaviləsinin imzalanmasına, regionun kommunikasiya blokunun açılmasına nail olmaq lazımdır. Bu səbəbdən də son günlər erməni rəsmilərinin bəyanatlarına bu prizmadan yanaşmaq lazımdır.

Nikol Paşinyan isə ortaya atdığı son tezisi bu gün öz dili ilə sübut edib. Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlər toplantısının açılışında iştirak edən baş nazir maraqlı açıqlamalar verib. Erməni hökumətinin başçısı qeyd edib ki, yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsinin imzalanması real görünür. Görünür, 13 dekabr tarixində baş tutan əsir mübadiləsindən sonra ürəklənən Nikol artıq münasibətlərin normallaşdırılması üçün konkret addımlar atmaq qərarına gəlib.

Bundan əlavə, Paşinyan Azərbaycanla dəmir yollarının açılmasına hazır olduğunu vurğulayıb. Düzdür, bu vaxta qədər də bir neçə dəfə bu barədə fikir bildirilsə də, ortada real nəticə olmayıb. Amma bu dəfə səsləndirilən bəyanatları diqqətlə nəzərdən keçirəndə aydın olur ki, kommunikasiyaların açılması əslində Ermənistana lazımdır və bu yolla erməni hökuməti dənizə çıxış əldə etmək niyyətindədir. Bunu reallaşdırmağın yeganə yolu Azərbaycanla münasibətləri normallaşdırmaq, dəmir yollarını açmaqdan keçir. Son həftələr regionda baş verən hadisələri, Rusiyanın “Lars” keçid məntəqəsində erməni yük maşınlarının keçidinə qoyduğu əngəli nəzərə alsaq, Nikolun niyə bu fikirləri səsləndirdiyini başa düşmək olar.

Nikol Paşinyan
Nikol Paşinyan

30 ildən çoxdur təcavüzkar siyasəti nəticəsində blokada şəraitində yaşayan Ermənistan artıq “nəfəs almaq”, qonşuları ilə münasibətləri normallaşdırmaqdan başqa çarəsi olmadığını dərk edib. Artıq erməni siyasi elitası da anlayır ki, iqtisadiyyatı dirçəltmək, regiondakı qlobal layihələrə qoşulmaq üçün nə Qərbin, nə də Rusiyanın ətəyindən yapışmaq lazımdır. Bunun üçün sadəcə Azərbaycan və Türkiyə ilə normal qonşuluq siyasəti qurmaq yeganə yoldur. Təsadüfi deyil ki, uzun müddətdir erməni hökuməti Marqara körpüsünün də açılması üçün danışıqlar aparır. Bu körpünün açılması üçün isə Türkiyə hökumətinin şərti var və rəsmi İrəvan bu şərti reallaşdırmağa yaxınlaşır.

Ermənistanın danışıqlar üçün Qərb platformasını seçməsi Avropanın nəzərindən yayınmayıb. Avropa Şurasının Brüsseldə növbəti görüşün keçirilməsi üçün tərəflərlə danışıqlar aparması barədə xəbər də elə bu gün yayılıb. Belə bir xəbərin yayılması fonunda Avropa Şurasının prezidenti Şarl Mişelin də bəyanatlarını nəzərdən keçirmək yerinə düşərdi. Avropalı diplomat Azərbaycanla Ermənistan arasında baş tutan əsir mübadiləsini alqışlayıb və bunu siyasi dialoqda əvəzsiz irəliləyiş kimi dəyərləndirib. Aİ rəsmisi eyni zamanda qeyd edib ki, Qarabağ ermənilərinin hüquqları Azərbaycan Konstitusiyası çərçivəsində qorunmalıdır. Mişel həm də əlavə edib ki, Naxçıvanı Azərbaycanla birləşdirməyin konkret yolları barədə müzakirələr aparılır.

Şarl Mişel
Şarl Mişel

Avropa Şurası prezidentinin bu açıqlamalarına bir neçə prizmadan yanaşmaq olar. Göründüyü kimi, artıq Qərb ritorikasını dəyişib və anlayıb ki, Azərbaycan barədə fikir bildirəndə, bəyanat verəndə ehtiyatlı olmaq lazımdır. Ermənistandan fərqli olaraq, rəsmi Bakı müəyyən tonlarda səsləndirilən bəyanatları qəbul etmir və Fransanın vasitəçi olduğu platformalarda iştirak etmir. Bundan əlavə, Mişel sətiraltı erməni hökumətinə də işarə edib ki, uzun müddətdir Qərbin siyasi kulislərini dolaşaraq Qarabağ ermənilərinin hüquqları barədə cəfəng moizələr oxumağı dayandırmaq lazımdır. Qarabağı könüllü tərk edən ermənilər geri qayıtmaq istəyirlərsə, Azərbaycan Konstitusiyası çərçivəsində qorunacaqlar və bunun üçün də vətəndaşlıq almalıdırlar.

Üçüncüsü, regiondakı kommunikasiyaların açılmasına start vermək lazımdır və bu işdə ilk məsələ Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirən dəmir yolu və şose yolunun bərpası ilkin prioritet olmalıdır. Artıq bu barədə danışıqların getməsi ona işarədir ki, Brüssel görüşündən sonra konkret addımlar atılacaq.

Yuxarıda sadalananlar Ermənistanın və Qərbin atdığı addımlardır. Azərbaycan isə hələ Brüssel görüşünə razılıq verməyib və hadisələrin hansı məcrada davam edəcəyi məhz rəsmi Bakının qərarından asılı olacaq.

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi