Son günlər Azərbaycan tərəfinin Laçın yolu əvəzinə Ağdam-Əsgəran yolundan istifadə ilə bağlı təklifi Ermənistanda əməlli-başlı qorxu yaradıb. Təklif edilən yoldan istifadə Qarabağdakı erməni icmasının inteqrasiya prosesində atılan ilk addım olduğu üçün erməni siyasi dairələri prosesi baltalamaq, ləngitmək üçün aktiv fəaliyyətə keçiblər. İlk olaraq, Qarabağdakı erməni separatçılarının tör-töküntüləri təklif səsləndirilən kimi dərhal Rusiya sülhməramlılarının dəstəyi ilə yolu beton plitələrlə bağlayaraq bir ovuc hayın orada aksiya keçirməsinə nail oldular. Amma Azərbaycanın dəyişməz mövqeyi ilə üzləşdikdən sonra erməni siyasi dairələri tərəfindən müxtəlif addımlar atılmağa başlandı.
İlk olaraq, 19 maşından ibarət yük karvanı əvvəlcə Gorusa, oradan da Laçın yoluna istiqamət aldı. Bununla erməni tərəfi Ağdam yolundan istifadə etməyəcəklərini, Qarabağ erməniləri ilə əlaqənin Laçın yolu ilə həyata keçirilməsini istədiklərini açıq-aşkar bildirməyə başladılar. Adı humanitar olsa da, içində nəyin olduğu bilinməyən yük maşınları yola düşdüyü vaxtda Ermənistanın təbliğat maşını da işə düşdü. Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyandan tutmuş, bir sıra siyasətçilər Ağdam yolundan istifadənin mümkünsüzlüyü barədə cəfəng açıqlamalarla erməni KİV-lərini "bəzədilər". Hətta onlar arasında Avropa İttifaqının rəsmisi Şarl Mişeli də yalançılıqda ittiham edənlər tapıldı.
Ermənistanın belə bir məqamda əl-ayağa düşməsinə müxtəlif aspektlərdən yanaşmaq olar. Birincisi, Moskva görüşündən sonra belə bir addımın atılması Rusiya paytaxtında Ermənistanın Laçın yolu tələbinə rus siyasi elitasının etinasız yanaşması, təklif edilən Ağdam yolunun məqbul qəbul edilməsi səbəb ola bilər. İkincisi, Moskva görüşündən bir gün əvvəl Ermənistan XİN başçısı Ararat Mirzoyanın Tehrana rəsmi səfəri, İran rəsmiləri ilə keçirdiyi bir sıra görüşlərlə əlaqələndirmək olar. Ehtimal edilir ki, İrandan müxtəlif dəstəklər alan Ermənistan hökuməti bu addımı atmağa cəsarətlənib. Üçüncüsü, Hindistandan Ermənistana külli miqdarda silah daşınması xəbərləri yayıldıqdan sonra belə bir addımın atılması da təsadüfi deyil. Paşinyan bir tərəfdən Azərbaycanla sülh müqaviləsinin imzalanmasından, Türkiyə ilə münasibətləri yaxşılaşdırmağın vacibliyindən, Qarabağın Azərbaycanın əzəli və ayrılmaz parçası olmasından danışır, digər tərəfdən də ordusunu gücləndirir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, bu humanitar yük altında silah daşınması da istisna edilmir.
Əgər Qarabağda vəziyyət erməni tərəfinin iddia etdiyi kimi acınacaqlıdırsa, niyə görə 8 aydan sonra Ermənistana humanitar yükün göndərilməsi qərara alınıb, niyə təklif edilən Ağdam yolundan istifadə edilmir? Məqsəd yardım və Qarabağ ermənilərinə köməkdirsə, məqsədə çatmaq üçün istənilən yoldan niyə istifadə edilmir? Göründüyü kimi, suallar çoxdur, amma Ermənistanda bu suallara cavab verə biləcək bir başıpapaqlı siyasətçi yoxdur.
Dünən axşam saatlarında isə “humanitar yük” sərhədə çatıb və erməni tərəfi Rusiya sülhməramlılarından cavab çıxana qədər gözləyəcəklərini bəyan ediblər. Bir tərəfdən Ağdam yolu ilə bağlı Qərbi və Azərbaycanı ittiham edən erməni tərəfinin burada yenidən Rusiyaya tərəf üz tutması hansı planın hərəkətə keçirildiyindən xəbər verir.
Sirr deyil ki, inteqrasiya prosesinin başlaması qısa müddətdə Rusiya sülhməramlılarına ehtiyacın qalmayacağı mənasına gəlir. Rusiyanın Cənubi Qafqazdan çəkilməsi isə rus siyasi elitasının maraqlarına uyğun gəlmir. Təsadüfi deyil ki, Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova da dünən NATO-nu, konkret olaraq da NATO timsalında Türkiyənin Qafqazda güclənməsinin sülh danışıqlarına zərbə vurması barədə açıqlamasını da diqqətdən kənarda saxlamaq olmaz. Görünür, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “2025-ci ildə Rusiya sülhməramlıları Qarabağdan çıxacaq” bəyanatını Rusiya siyasi elitası hələ də həzm edilə bilmir.
Proseslər bununla da bitmir. Elə dünən axşam Ermənistanın baş naziri Nikol Paşinyan da Qarabağa Laçın yolu ilə "humanitar yükün" çatdırılmasına toxunub, hətta tvit də yazıb. Bu tvit gedən proseslərin məhz Paşinyan tərəfindən idarə edildiyindən xəbər verir. Ermənistanın baş naziri siyasi kursuna sadiq qalaraq ikiüzlü siyasət yürüdür. Bir tərəfdən Qarabağ ermənilərini Azərbaycanla danışıqlara səsləyir, inteqrasiyadan danışır, digər tərəfdən isə prosesi baltalamaq üçün düyməyə basır.
Düyməyə basır demişkən, Qarabağ erməniləri arasında Ağdam yolunu qəbul edən və bu fikri dəstəkləyənlər arasında Samvel Babayan da seçilir. Özünü separatçı rejimin parlamentinin spikeri sayan Artur Tovmasyanın da dünən qəfil istefası bir sıra mətləblərdən xəbər verir. Birincisi, Artur Tovmasyan Samvel Babayanla rabitə qurub və ehtimal edilir ki, Ağdam yolundan istifadə ilə bağlı müəyyən danışıqlar olub. İkincisi, erməni siyasi elitası Tovmasyanın “Azərbaycanda min illərdir etnik qruplar azərbaycanlılarla çiyin-çiyinə yaşayır” açıqlamasını ona bağışlaya bilmədikləri üçün məcburi istefaya göndərdilər. Xankəndi erməniləri arasında inteqrasiyaya müsbət yanaşan istənilən erməni belə təzyiqlə üzləşir və bu barədə kifayət qədər faktlar var.
Dünən isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanın rəsmi mövqeyini bir daha səsləndirib: “Təkcə Laçın yolundan istifadə etməkdə israrlı olmaq, amma Ağdam yolundan imtina etmək, yolu bağlamaq, siyasiləşdirmək yolverilməzdir. Beynəlxalq ictimaiyyət Ağdam-Xankəndi yolundan istifadə edilməsi və Qarabağın erməni əhalisinin Azərbaycana reinteqrasiyası ilə bağlı aydın ismarış verməlidir. Başqa yol yoxdur! Oyun bitdi!".
Bununla rəsmi Bakı həm İrəvan, həm də Xankəndi ermənilərinə sonuncu sərt mesajını vermiş sayıldı. Başqa yol yoxdur. Ağdam-Xankəndi yolundan istifadə ediləcək. Göründüyü kimi, artıq rəsmi Bakının səbri tükənmək üzrədir.
Kamil Məmmədov