2018-ci ildə “məxməri inqilab”la hakimiyyətə yiyələnən Nikol Paşinyanın seçki platforması və vədləri ard-arda fiaskoya uğramaqda davam edir. Baş nazir hökuməti quranda korrupsiya və rüşvətə qarşı ciddi mübarizə aparacağına söz versə də, son ildə Ermənistan İstintaq Komissiyasının açıqlamalarına görə, rüşvət və korrupsiya ilə bağlı açılan cinayət işlərinin sayında ciddi artım müşahidə edilir. Məsələ bununla da bitmir. Ümumiyyətlə, seçki platformasında qeyd edilən xarici əlaqələr, ticarət, istehsal, xarici sərmayə, yeni istehsal müəssisələrinin açılışı, sosial problemlər və işsizliklə mübarizə ilə bağlı proqramların heç biri icra edilməyib. Son günlər isə erməni cəmiyyətini hiddətləndirən odur ki, Nikolun söz verdiyi enerji təhlükəsizliyi məsələsi də fiaskoya uğrayıb.
Əslində, 2023-cü ildə Ermənistanın enerji təhlükəsizliyi məsələləri ilə birbaşa bağlı olan bir sıra açıqlamalar və yeniliklər çox olub. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan “Metsamor” AES-in ölkəsi üçün təhlükəli olduğunu bəyan edib. Rəsmi Bakı da bu bəyanatı dəstəkləyib. ABŞ Ermənistanda kiçik reaktorlu nüvə generatorlarını quraşdırmağa söz verib. Tbilisidə keçirilən “İpək yolu” beynəlxalq konfrans çərçivəsində energetika nazirinin müavini Hakob Vardanyan bildirib ki, ölkəsi Azərbaycandan qaz ixrac etməyə hazırdır. Rusiya Ermənistandakı AES-ə sərmayə qoymağa hazır olduğunu qeyd edib. İranla enerji sahəsi ilə bağlı bir sıra danışıqlar da aparılıb. Amma bütün bunlar söz olaraq qalıb. Cari ildə hökumət enerji təhlükəsizliyi ilə bağlı sahədə heç bir gözədəyən addım atmayıb. Danışıqlar, müzakirələr elə masadaca qalıb.
Məsələn, Paşinyan kabineti bəyan edib ki, İranla inşa edilən üçüncü yüksək gərginlik xətti bu ilin sonuna qədər istifadəyə veriləcək. Amma ortada nə fal var, nə də yumurta. Qeyd etmək yerinə düşər ki, sözügedən xəttin istifadəyə verilməsi 2019-cu ildə baş tutmalı idi. Amma naməlum səbəblərdən layihə hər il təxirə salınaraq, 2023-cü ilə qədər gəlib çatıb. Görünür, bu il də verilən vəd, danışılan söz havada qalacaq. İranın isə başı Azərbaycan və Rusiya ilə reallaşdırılması planlaşdırılan elektrik enerjisi layihəsinə qarışıb.
Ermənistanın enerji sahəsi hazırda bərbad vəziyyətdədir. Bu sahə daim investisiya tələb etsə də, son illər hökumət tərəfindən bu strateji qola heç bir sərmayə qoyulmayıb. Sistemin fəaliyyəti üçün yeniliklər, innovasiyalar, təmir işləri həyata keçirilməli, bunun sayəsində də iqtisadiyyat şaxələnməli, genişlənməlidir. Paşinyan komandasının “icra etdiyi” işlər isə hələlik kağız üzərində qalmaqda davam edir. Ermənistanın isə enerji şəbəkəsi həddən artıq köhnəlib və təmiri üçün heç bir addım atılmır. Sərt qış aylarında bu köhnə şəbəkənin nə qədər dözümlü olacağı, yüklənmələrə tab gətirib-gətirməyəcəyi böyük sual altındadır.
İşin maraqlı tərəfi isə odur ki, elektrik enerjisi ixracı planları ilə bağlı heç bir iş görülmür. Amma əvəzində az qala hər həftə energetika və iqtisadiyyat nazirliyi müxtəlif rəsmilərinin ağzı ilə bol-bol açıqlama verir. Bildirilir ki, İrandan alınması planlaşdırılan təbii qaz vasitəsilə elektrik enerjisi istehsal ediləcək və bu, sonradan digər dövlətlərə ixrac ediləcək. Amma hələlik ortada heç bir qaz alışı və enerji istehsalı nəzərə çarpmır. Paşinyan komandası bu məsələdə də vədinə xilaf çıxmır. Boş sözlə baş qatmaqda davam edir.
Atom Elektrik Stansiyası bağlı da ABŞ-ın kiçik modul tipli stansiyaların inşasına dair razılaşmanı rəsmi İrəvan az qala son 10 ilin ən uğurlu layihəsi kimi sırımağa çalışırdı. Amma sonradan üzə çıxan məqamlar bu planın da fiaskoya uğradığını sübut etdi. Sözügedən modul zavodlarının tikintisi ABŞ ərazisində qadağan edilib. Hələlik sınaq mərhələsini belə keçməyiblər və ciddi təhlükəsizlik problemləri var. Görünür, Ermənistan bu məsələdə Birləşmiş Ştatların təcrübə dovşanı olacağını dərk edib. Bu səbəbdən də artıq erməni KİV-lərində kiçik modul tipli stansiyalarla bağlı tənqidi yazılara start verilib.
Ümumiyyətlə, Rusiya ilə münasibətləri pisləşdirmək Ermənistanın enerji sektoruna ciddi ziyan vurub. Çünki Kreml qəzəbini bu rıçaqlarını işə salmaqla çıxa bilər və həm təbii qazın, həm də uranın qiymətlərində ediləcək artım rəsmi İrəvan üçün ciddi problemlə çevrilə bilər. Hazırda şimal qonşumuz qərb qonşumuza 1000 kubmetr qazı 175 dollara, yəni dünya bazarındakı qiymətlərdən çox aşağı qiymətə satır. Bundan əlavə, erməni hökuməti AES üçün uranı da dünya bazarı qiymətlərindən aşağı idxal edir. İki dövlət arasında mövcud siyasi problemləri nəzərə alsaq, bu tip danışıqların gələn il baş tutacağına heç erməni siyasi elitası da artıq inanmır. Erməni iqtisadçıları etiraf edirlər ki, Moskva və İrəvan arasında məsələ ilə bağlı ciddi danışıqlar gedir və gələn siqnallar heç də ürəkaçan deyil. 2024-cü ildən qazın və zənginləşdirilmiş uranın qiymətinin indikindən daha çox artacağı ehtimalı kifayət qədər yüksəkdir.
AES-dən söz düşmüşkən, Rusiya bu sahədə inhisarını əldən vermək niyyətində olmadığını artıq sübut edib. İrəvan və Moskva Ermənistan AES-nin 2 saylı enerji blokunun istismar müddətinin yenidən uzadılması üzrə tədbirlər kompleksinin həyata keçirilməsi üçün çərçivə müqaviləsi imzalayıblar. Bir müddət əvvəl isə “Rosatom Servis”lə stansiyanın 2036-cı ilə qədər xidmət göstərməsi ilə bağlı layihənin işə düşəcəyi bildirilmişdi. Layihənin dəyəri isə 65 milyon dollardır. Təbii ki, bu vəsaitin əsas hissəsi Kreml tərəfindən ödəniləcək və ABŞ-la atom enerjisi sahəsində xam xəyala düşən Paşinyan hökuməti yenidən Moskvanın boyunduruğuna keçəcək. Qeyd etmək yerinə düşər ki, Ermənistanın istifadə etdiyi elektrik enerjisinin çox böyük hissəsi məhz bu AES tərəfindən ödənilir. Qısacası, şimal qonşumuzun dəstəyi olmasa, qərb qonşumuzun enerji sistemi qısa müddətə fəlakətlə üzləşə bilər.
İrəvanda isə yeni “İrəvan İES-2”in inşa ediləcəyinə ümidlə baxırlar. Amma hər zaman olduğu kimi, layihə masada qalıb. Stansiya bu il inşa edilməli olsa da, heç bünövrəsi də qoyulmayıb. Bununla yanaşı, dövlət proqramlarına nəzər salsaq, görərik ki, SES-lərin inşasına heç bir dram da sərmayə qoyulmayıb. Son 5 il ərzində isə bir dənə də olsun İES inşa edilməyib. Göründüyü kimi, Nikol Paşinyan hökumətinin boş vədləri və Rusiya ilə münasibətləri korlama siyasəti Ermənistanın enerji təhlükəsizliyini çətin vəziyyətə salıb. Səhvini düzəltmək üçün isə erməni siyasi elitası hərəkətə keçib. Artıq tərəflər arasında yeni atom enerji bloklarının inşası barədə danışıqlar gedir. Bu isə Ermənistanın enerji sahəsinin və təhlükəsizliyinin kimin nəzarəti altında hələ uzun müddət qalacağına işarədir.
Kamil Məmmədov