2020-ci ildə Azərbaycanın şanlı qələbəsi ilə başa çatan 44 günlük müharibədən sonra regionda müəyyən geosiyasi və iqtisadi dəyişikliklər baş verdi. Hər vəchlə Ermənistanı dəstəkləyən İran hökuməti bu siyasətinə sadiq qaldı və getdikcə hər sahədə ermənilərə qahmar çıxmağa başladı. Tehranın İrəvana dəstəyinin arxasında bir sıra məqamlar dururdu. Zəngəzur dəhlizinin regional yox, qlobal səviyyədə bir layihə olduğu bütün siyasi kulislərdə qəbul edilməsi isə İslam Respublikasının Azərbaycana qarşı sərt mövqedə dayanması ilə nəticələndi. Çünki Tehran regionda Bakının artan nüfuzundan, getdikcə həm siyasi, həm iqtisadi, həm də hərbi arenada güc sahibi olmasından təşvişə düşdüyünü hər hərəkəti ilə göstərməyə başlamışdı. Bu işdə isə ən asan yol olaraq Ermənistanı dəstəkləmək xətti əsas götürülüb. Məsələn, iqtisadi sahədə ilə az qala hər gün imzalanan müqavilələr, müzakirə edilən məsələlər, mütəmadi qarşılıqlı səfərlər, idman, mədəniyyət sahəsində sıx əməkdaşlıqların qurulması, bir sıra irihəcmli layihələrə imza atılması və Qafanda konsulluğun açılması bunu deməyə əsas verir. Eyni zamanda qeyd etmək yerinə düşər ki, dəhliz məsələsi ilə bağlı az qala hər gün İran mətbuatında irili-xırdalı məqalələr dərc edilir, İranın hər vəchlə bu layihəyə qarşı çıxacağı bildirilir. İş o yerə çatıb ki, hətta bəzi media qurumları daha da irəli gedərək, Zəngəzurun əzəli İran torpağı olduğunu iddia edirlər.
Bəs Ermənistanda vəziyyət necədir? Erməni dövləti təbii ki, regionda belə himayədar olmasından məmnundur. Müxtəlif layihələr, tədbirlər, səfərlər İrəvanın bu əməkdaşlıqdan məmnun olduğunu göstərir. Amma müşahidə və analizlər onu göstərir ki, son dövrlər Paşinyanın gizli sifarişi ilə Ermənistanda rəsmi Tehrana qarşı təbliğat kampaniyasının qığılcımları müşahidə edilir. Hələlik sırf ermənidilli media resurslarında ara-sıra boy göstərən bu məqalə nədənsə erməni mətbuatının rusdilli seqmentində qəti surətdə dərc edilmir. Çünki ermənidilli seqment ictimai rəyin formalaşdırılması üçün çox vacibdir. Hakim partiyanın elitası tərəfindən qəbul edilən qərara görə, dövlət hazırda İrana qarşı etimadsızlıq atmosferinin yaradılmasında maraqlıdır. Təbii ki, bunun da sifarişi Qərbdən gəlir və bir sıra Avropa dövlətləri ilə yanaşı ABŞ İranın hansısa prosesə təsir imkanlarının artmasını qətiyyən istəmir. Bu gün formalaşan fikrə əsasən, artıq Rusiyanın Cənubi Qafqazdakı nüfuzu zəifləyib. İran isə bu boşluqdan istifadə edə bilər. Təsadüfi deyil ki, ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi bu günlərdə Azərbaycan, Ermənistan və Gürcüstana səfər edib. Bu səfərin məqsədi Tehranın regiondakı nüfuzunun artmasına mane olmaqdır. Rəsmi Vaşinqton istəyir ki, üç Qafqaz dövləti İslam Respublikası ilə ticari, iqtisadi, maliyyə münasibətlərini minimuma endirsin. Bu nöqteyi-nəzərdən Azərbaycanın mövqeyi əvvəlcədən aydındır. Müstəqil siyasət yürüdən rəsmi Bakı heç bir halda Birləşmiş Ştatların direktivlərini qəbul etməyəcək. Eyni zamanda cənub qonşusu ilə minillik qonşuluq siyasəti, regionda bir sıra iri layihələrdə Tehranla əməkdaşlığı kimi faktorlarla yanaşı, balanslaşdırılmış siyasət kimi faktorları nəzərə almaq lazımdır. Bundan əlavə, İran və Rusiya ilə nəqliyyat və elektrik enerjisi ilə bağlı meqalayihələr, Araz çayı üzərində inşa edilən su bəndi kimi layihələr, son dövrlər iki dövlət arasında münasibətlərin daha da istiləşməsi Azərbaycanın belə bir işə qol qoymayacağını bir daha sübut edir. Gürcüstan məsələsinə gəldikdə isə İranla sərhəd qonşusu olmayan rəsmi Tbilisi əsasən bank sistemi ilə bağlı addım ata bilər. Bu yaxınlara qədər sanksiyalardan yayınmaq üçün İslam Respublikası əsasən Gürcüstanın bank sistemindən yararlanırdı.
Ermənistanla isə məsələ aydındır. 5 aprel Brüssel görüşündən əvvəl ABŞ rəsmisinin təbii ki, İrəvandan tələbləri olacaq. Bu məsələdə hər zaman “peşka” rolunu üstlənən erməni dövlətinin geosiyasi oyunda əsas olacağı da şübhəsizdir. İran dövləti ilə sərhəd xətti olan rəsmi İrəvan artıq bu səpkidə fəaliyyətə keçib. Təbii ki, bu fəaliyyətin başqa pərdəarxası məqamları da var.
İlk olaraq, bu yaxınlara qədər rəsmi Tehranla təhlükəsizlik sahəsində əməkdaşlıq söhbətləri Qərbdə xoş qarşılanmayıb. Bu səbəbdən də Paşinyan hökuməti İslam Respublikası ilə bu sahədə əməkdaşlığın sona çatdığını və sırf iqtisadi sahədə işgüzar görüşlərin və layihələrin keçiriləcəyi siqnalını verir. Çünki artıq Fransa, Hindistan, Yunanıstan və Kiprlə hərbi sahədə əməkdaşlıq aktivləşib, müxtəlif müqavilələr imzalanıb.
Digər tərəfdən isə sırf hərbi və təhlükəsizlik sahəsində İranla əməkdaşlıq qəti şəkildə rəsmi İrəvanın maraqlarına uyğun deyil. Çünki Qərb dövlətlərinin, xüsusən də ABŞ-ın İslam Respublikasına münasibəti aydındır. Ermənistanın öz təhlükəsizliyini bu dövlətə etibar etməsi isə təbii ki, onun müttəfiq axtarışlarına da son qoya bilər. Avropa dövlətlərinin bu əməkdaşlığa qarşı çıxması müxtəlif siyasi kulislərdə müxtəlif eyhamlarla erməni siyasi elitasına çatdırılıb. Həm də Aİ və rəsmi Vaşinqtonun Ermənistan və erməni xalqının yox, sırf öz maraqlarını qoruduqlarını da nəzərə alsaq, belə bir əməkdaşlığın hansı nəticələrə səbəb ola biləcəyini ehtimal etmək o qədər də çətin deyil.
Qeyd etmək lazımdır ki, erməni siyasi elitasında bu təbliğata qarşı çıxanlar və fikirlərini Hindistandan alınan silah-sursatın İrandan keçməsi ilə müdafiə edirlər. Bu qanad hesab edir ki, erməni dövlətinin cənub qonşusu tranzit rolunda əsasdır. Bu səbəbdən də anti-İran təbliğatının ciddi nəticələrə səbəb olacağından ehtiyat edilir.
Bununla yanaşı, deyəsən artıq İran mətbuatı da Ermənistan KİV-də və sosial şəbəkələrin ermənidilli seqmentindəki anti-İran tezislərdən xəbərdardır. Son bir neçə gün ərzində İslam Respublikasının mətbuat orqanlarında Azərbaycanla bağlı xəbərlərdə pozitivlik həddi getdikcə artır. Xüsusən də rəsmi İrəvanın Naxçıvan istiqamətində təxribat törətməsi ilə bağlı tirajlanan xəbərlər də belə deməyə əsas verir. Çünki təcrübə göstərir ki, əvvəllər də belə tipli təxribatlar zamanı İran KİV əsasən Ermənistanın rəsmi mövqeyini işıqlandırmağa meylli idi. Bu dəfə isə val dəyişib. Yəqin ki, yaxın vaxtlarda Ermənistanda cücərən anti-İran təbliğatına rəsmi Tehran sərt cavab verəcək.
Kamil Məmmədov