Ermənistanın Aİ avantürası - sonu görünməyən yolun başlanğıcı da uğursuzdur - ŞƏRH

Ermənistanın Aİ avantürası - sonu görünməyən yolun başlanğıcı da uğursuzdur - ŞƏRH Ermənistanın baş naziri Nikol Paşinyan və komandası Qərbə doğru sürətli addımlar atmağa çalışır. İrəvanda hər həftə anti-Rusiya, qərbyönlü bəyanat və fikirlər səslənir, Moskva ilə ölkəni bağlayan nə varsa rədd olunur. Ən maraqlısı odur ki, bütün bunlar “t
Analitika
19 Mart , 2024 16:28
Ermənistanın Aİ avantürası - sonu görünməyən yolun başlanğıcı da uğursuzdur - ŞƏRH

Ermənistanın baş naziri Nikol Paşinyan və komandası Qərbə doğru sürətli addımlar atmağa çalışır. İrəvanda hər həftə anti-Rusiya, qərbyönlü bəyanat və fikirlər səslənir, Moskva ilə ölkəni bağlayan nə varsa rədd olunur. Ən maraqlısı odur ki, bütün bunlar “təhlükəsizlik” və “müdafiə” adı altında həyata keçirilir. Son günlər ermənilərə verilən ən şirnikləndirici vəd isə şübhəsiz ki, İrəvanın Avropa İttifaqına (Aİ) üzvlüyünün guya tezliklə reallaşacağıdır. Erməni cəmiyyətində belə bir fikir var ki, hakimiyyət hər sahədə tüğyan edən uğursuzluqları ört-basdır etmək üçün məhz bu təşkilata üzvlüyü qabartmağa çalışır, bunu ən ciddi nailiyyət kimi qələmə verir. Ermənistan Respublikaçılar Partiyasının vitse-prezidenti Armen Aşotyan isə bu məsələ ilə bağlı iqtidarın planını yerlə-yeksan edən açıqlamalar verib. Etiraf edək ki, o, müəyyən mənada buna nail olub.

Partiya rəsmisi bildirib ki, hakimiyyətin səyləri ilə Aİ-yə üzvlük məsələsi ölkənin ictimai-siyasi gündəliyinə salınıb. O vurğulayıb ki, qərarlarının heç bir hüquqi əhəmiyyəti olmayan Avropa Parlamentinin İrəvanın Aİ-yə üzvlüyü ilə bağlı qətnaməsi məsələyə yeni impuls verib: “Paşinyan geniş ictimaiyyət qarşısında bu məsələni müzakirə mövzusuna çevirəcəyini söyləyib”. A.Aşotyan baş nazirin Ermənistanın “avropalı gələcəyinin” sosial şəbəkə, televiziya və interneti zəbt etməsinin səbəblərini də açıqlayıb. Ermənistan Respublikaçılar Partiyasının vitse-prezidenti də digərləri kimi baş verənlərin arxasında indiki rəhbərliyin uğursuzluqlarının gizləndiyini deyib.

O söyləyib ki, hədəf Rusiyanı bölgədən sıxışdırıb çıxartmaq və nəticədə Kremlin sərt cavabı ilə üzləşməkdir. Son hədəf Moskva ilə münasibətlərin birdəfəlik kəsilməsidir.

A.Aşotyanın qənaətincə, Qərbin və N.Paşinyanın hədəfi erməniləri yenidən parçalamaq, yeni bölücülük yaratmaqla rusiyapərəstlərlə qərbpərəstlər arasında gərginliyi gücləndirməkdir.

Onun gəldiyi qənaət budur ki, N.Paşinyanın hədəflərindən biri diasporu parçalamaqdır. A.Aşotyanın fikrincə, bütün bunlar Ermənistan suverenliyinə yeni “mıx çalmaq” deməkdir.

Ermənistanı Avropa ölkəsi adlandıran müxalifət funksioneri hesab edir ki, bunun üçün təşkilata üzvlük heç də məcburi deyil. Onun sözlərinə görə, ümumiyyətlə Avropada erməniləri heç kim gözləmir. O ki qaldı Avropa Parlamentinin qətnaməsinə, siyasətçi bunu şərti məsələ adlandırıb. Misal kimi bu məsələdə Avropa İttifaqının “üzvlük oyunlarını” göstərib. Vətəndaşların çoxunun hazırda Aİ-yə namizəd üzvlərin sayının 10-a çatdığından xəbərlərinin olmadığını əlavə edib. Bu sırada Türkiyə, Gürcüstan, Ukrayna və Moldova var. İllərdir ki, üzvlüklə bağlı qəti qərarın çıxarılmasının həsrətində olsalar da, ortada nəticə yoxdur.

“Ermənistan üzv olmaq üçün Kopenhagen ktireriyalarına cavab verməlidir. Bu, özlüyündə ciddi siyasi, iqtisadi və hüquqi indikatorları birləşdirir. Ölkə Aİ-Ermənistan razılaşmasının heç bir bəndini yerinə yetirməyib. Aİ-nin daxilində genişlənmə mövzusu aktual da deyil. Avropalılar keçirilən əksər sorğularda yeni iqtisadi, siyasi, sosial problemlər yaranmasın deyə istənilən formada genişlənmənin, eləcə də, təhlükəsizlik, miqrasiya və digər genişlənmənin əleyhinə olduqlarını bildiriblər”.

A.Aşotyan sonda ritorik sual verib: Ermənistan hara gedir? O, özü sualı cavablandırıb: “Deyərdim ki, bu yol qeyri-müəyyənlik, gözlənilməzliklər və “macəralar” yoludur”. Siyasətçinin fikirləri ermənilərin Aİ arzusunun puç olduğunu təsdiqləyir.

Bütün bunlar belə deməyə əsas verir ki, hakimiyyət əhalinin beynini boş-boş vədlərlə doldurmağa çalışır. Ən acınacaqlısı isə ondan ibarətdir ki, ermənilər bütün bunlardan dərs çıxarmır. Ümid edirlər ki, ağanı dəyişməklə nəyəsə nail olacaqlar. Bu fonda Ermənistan Respublikaçılar Partiyasının digər üzvü Eduard Şarmazanovun fikirləri də maraqlıdır. Öz tarixindən dərs çıxarmayanlara qarşı tarixin çox qəddar olduğunu vurğulayan siyasətçi İrəvanın həyata keçirdiyi siyasətin mənfi çalarlarını qabardıb. Onun qənaətincə, Ermənistan birqütblü dünyada yer almamalıdır: “Siyasi iradəmiz bir sıra sadə həqiqətləri anlamayana kimi, yerimizdən tərpənməyəcəyik”.

Postsovet məkanında gərginliyin səbəblərinə gəldikdə, o hesab edir ki, NATO və Qərb birqütblü dünya yaratmaq niyyətindədir. Bu səbəbdən də Rusiya ilə sərhəddə “gərginlik ocaqları”, “rəngli inqilablar” yaratmağa çalışır. Hakimiyyətin təbliğat köpüyünün dağıldığını sübut edən növbəti məsələ kimi isə Ermənistanın Rusiyaya qarşı mübarizədə “demokratik Qərbi” dəstəkləmək təbliğatını göstərib. Onun qənaətincə, bu, “klassik axmaqlıqdır”.

O bir məsələni də vurğulayıb ki, kollektiv Qərbin təbliğatına inanıb ölkənin anti-Rusiya meydanına çevrilməsinə yol vermək olmaz.

Öz növbəsində “Mənim şərəfim var” fraksiyasından olan deputat Tiqran Abramyanın açıqlamalarını da hakimiyyətin təbliğatını alt-üst edən fikirlər saymaq olar: “Ermənistan hara gedir - Avropaya, ABŞ-a, yoxsa yerində addımlamaqda davam edəcək? Çox böyük ehtimalla ölkə yenə də uğursuzluğa düçar olacaq”.

Beləliklə, getdikcə daha çox erməni dərk etməyə başlayır ki, uzun illər xalqa sırınan ideya və fikirlər xam xəyal və illüziyadır. Aşotyanlar, Şarmazanovlar və digərləri də bu həqiqəti sadə ermənilərə çatdırmağa çalışırlar. Onların nəyə nail olacaqlarını isə zaman göstərəcək.

Son xəbərlər

Orphus sistemi