Son illər beynəlxalq aləmdə Fransa qədər uğursuzluqlarla üzləşən ikinci bir dövlət tapmaq çətin ki mümkün olsun. Ölkə müstəmləkələrdən qovulmanın, antifransız əhvali-ruhiyyənin səbəblərini araşdırmaq yerinə öz vəziyyətini daha da ağırlaşdırmaqdadır. Rəsmi Paris gah Ermənistanı silahlandırır, gah da İsrail-HƏMAS qarşıdurması ilə bağlı qeyri-müəyyən açıqlama və bəyanatlar verir.
Sözsüz ki, bu uğursuzluqların “memarı” indiki prezident Emmanuel Makron və onun əmr və tapşırıqlarına kor-koranə boyun əyən komandasıdır. Bu sırada Fransanın xarici işlər naziri Ketrin Kolonna və müdafiə naziri Sebastyan Lekorn xüsusi seçilirlər. Hər iki şəxs Fransa prezidentinin komandasında məsuliyyətsiz siyasətə kor-koranə boyun əyən məmurlar içərisində liderliyi ələ alıblar. Erməni lobbisindən aldıqları maliyyə və ianələrlə saxta sevgilərini ortaya qoyur, Cənubi Qafqazı “barıt çəlləyinə” çevirməkdə israrlı olan Makrona dəstək verirlər.
Erməni həmkarı Suren Papikyanla Parisdə İrəvana silah satışı barədə sazişə imza atan müdafiə naziri Sebastyan Lekorn bu gün “X” sosial şəbəkəsində yazdığı statusda “Fransa Ermənistanı və erməniləri dəstəkləyir. Bizim daimi və qəti dəstəyimiz sarsılmazdır” yazıb.
Onun K.Kolonna ilə birgə Fransanın uğursuz xarici siyasətində əvəzsiz rola malik olduğu bir daha təsdiqini tapır. Kolonna Fransanın keçmiş müstəmləkələrindən qovulmasının günahkarı kimi göstərilir. Dəfələrlə fransalı senatorlar bu məsələ ilə bağlı narazılıqlarını və narahatlıqlarını ifadə ediblər. Nigerdən qovulma və mövqelərin itirilməsində məhz XİN rəhbərinin rolunun əvəzsiz olduğu vurğulanır. Fransanın Afrikada itirdiyi mövqeləri isə Rusiya qazanır. Təsadüfi deyil ki, bir neçə ay bundan əvvəl 90-dan artıq fransız senatorun imzaladığı bəyanatda da xarici siyasətdə uğursuzluqlar sadalanıb və günahkar kimi də indiki hakimiyyət qeyd edilib.
Keçmiş müstəmləkələrdə antifransız əhvali-ruhiyyənin artması məhz yarıtmaz xarici siyasətlə bağlıdır. Bakıda bu günlərdə keçirilən “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda bu məsələ xüsusi vurğulanıb. Tədbirdə 14 ölkənin, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərin, həmçinin Korsikanın təmsilçiləri iştirak ediblər. Çıxışçılar Fransanı keçmiş müstəmləkə dövlətlərinin daxili işlərinə qarışmaqda günahlandırıblar. Eyni zamanda, Fransanın müstəmləkəsi altında olan dövlətlərdə, ərazilərdə apardığı etnik təmizləmə, insan haqlarının ciddi şəkildə pozulması faktları diqqətə çatdırılıb. Rəsmi Bakının bu fəaliyyətinin Fransada narazılıq və narahatlıq doğurduğu da şəksizdir. İştirakçı dövlətlərin tədbirdə Fransanın kolonial siyasətini tənqid etmələri dünya KİV-lərində işıqlandırılıb, xüsusən də, Prezident İlham Əliyevin Parisi müstəmləkə düşüncədə ittiham etməsi ciddi rezonans doğurub. İştirakçılar açıq şəkildə bildiriblər ki, Fransanın inteqrasiyasını, assimilyasiya istəmirlər. Parisin manipulyasiya siyasəti həyata keçirdiyi, bu səbəbdən də ona qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinin zəruriliyi vurğulanıb.
Makron və komandası bu ittihamlardan nəticə çıxarırmı? Təbii ki, yox! Əksinə, Ermənistanı silahlandırmaqla onu yeni müharibəyə sövq edirlər. Bəs, Fransa Ermənistana verdiyi dəstəkdə səmimidirmi? Əlbəttə ki, xeyr! Makron və komandası sadəcə seçki kampaniyalarına səxavətlə ona dotasiya verən erməni diasporuna yaltaqlanır, zəngin həyat naminə ambisiyalarının və sevgisinin girovuna çevrilir. İndiki rəhbərliyin Ermənistanla bağlı davranış və bəyanatları sadəcə erməni diasporundan asılılığın göstəricisidir. Makron artıq Ermənistanı regional maraqlarının forpostu hesab edir, Azərbaycan isə ona bu yolda əsas maneədir.
Fransanın Ermənistanı silahlandırması artıq regionda marağı olan dövlətləri də ciddi narahat etməyə başlayıb.
“Fransızlar erməni ordusunda islahatlar aparacaq, onu yeni silahlarla təchiz edəcək. Bəs, bu, Paris və İrəvana nəyə görə lazımdır?”, - deyə Rusiyanın “Vzqlyad” nəşri sualla çıxış edib. Qəzet yazıb: “Əvvəl Ermənistan Rusiyadan silah alırdı. İndi üfüqdə gözlənilmədən Fransa peyda olub. Paradoksal vəziyyət yaranıb: KTMT üzvü olan dövlət NATO dövlətindən silah alır. Hətta Fransanın "Le Monde" rəsmi qəzeti bunu iki ölkə arasında presedentsiz hərbi əməkdaşlıq adlandırıb”.
Nəşr, eyni zamanda Fransanın təəccüb doğuracaq formada, sürətli şəkildə Ermənistanı silahlandırmasına diqqət çəkib: “Təəccüb doğuran həm də ondan ibarətdir ki, yoxsulluq içində olan bir dövlət bu bahalı silahları almağa necə və haradan vəsait tapdı? Hətta rəsmi “Le Monde” qəzeti də buna toxunub. Qəzetdə “Ermənistan bu silahları almaq üçün vəsaiti haradan alacaq?” başlıqlı məqalə dərc edilib”.
Ən maraqlısı isə Rusiya nəşrinin gəldiyi yekun nəticədir. Hesab edib ki, Fransanın Qafqazda çirkin siyasətinin arxasında ABŞ dayanır.
Beləliklə, Qərb Cənubi Qafqazda Fransanın köməyi ilə çirkin və məkrli planını həyata keçirməyə başlayıb. Hədəf də bəllidir. Nəyin bahasına olursa-olsun Rusiyanı regiondan sıxışdırıb çıxarmaq. Vasitə kimi isə Ermənistandan istifadə olunur. Hər vəchlə onu çirkin oyunun əsas hərəkətverici qüvvəsinə çevirmək istənilir.