Bakı. 21 fevral. REPORT.AZ/ Ermənistan hökuməti yalnız iqtisadi sahədə görəcəyi işlə bağlı beşillik fəaliyyət proqramını parlamentdə təqsdiqlədə bilib. Ancaq hökumətin xarici siyasət,
Əlbəttə, onlardan biri də Ermənistanın hazırkı Prezidenti Armen Sarkisyandır. Onun barəsində bir ilə yaxındır müxtəlif fikirlər söyləyirlər. O, bütün hallarda Serj Sarqsyanın adamı sayılır. Çünki onu Serj Sarqsyan səfir təyin edib. Habelə Armen Sarkisyan Serj Sarqsyanın prezidentliyi dönəmində varlı ictimai-siyasi, dövlət xadiminə çevrilib. O, 2018-ci il aprelin 9-da and içərək rəsmi şəkildə fəaliyyətə başlayıb. Bu mərasim ölkədə etiraz aksiyalarının fonunda keçirilib. Belə bir qarışıq şəraitdə Armen Sarkisyanı prezident etməklə Serj Sarqsyan daha uzun vədəli planını həyata keçirmək niyyətində imiş. Ola bilər ki, baş nazirlik müddəti başa çatandan sonra Serj Sarqsyan yenidən prezident olmaq niyyətində imiş. Armen Sarkisyan isə ondan sonra baş nazir ola bilərmiş. Bütün hallarda hakimiyyət dəyişikliyi bu ehtimalın gerçəkləməsinə imkan vermədi. Serj Sarqsyan indiki prezidentdən Qərbdə qorunmaq üçün də istifadə etməyi nəzərdə tuturmuş. Buna onun əlaqələri də imkan yaradırdı. Qeyd edək ki, yeni prezident parlamentdə 7 il müddətinə seçililir. Bir şəxs ard-arda iki dəfə dövlət başçısı ola bilməz. Armen Sarkisyan hakim Ermənistan Respublikaçılar Partiyasının prezidentliyə namizədi olub. O, 1953-cü ildə Yerevanda anadan olub. Yerevan Dövlət Universitetinin Fizika-riyyaziyyat fakültəsini bitirib. 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın Baş naziri postunu tutub. Ölkəsinin Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri, 1995-1996-cı illərdə isə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində işləyib. 2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiri olub. Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda energetika sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət “Knightsbridge Group” holdinqinin sahibidir. 65 yaşlı Armen Sarkisyanın Türkmənistan və Özbəkistanda da biznesi var. Onun Yaxın Şərqdə və Britaniyada yaxşı çevrəsinin olduğu barədə məlumat yayılıb. Həmin əlaqələr Armen Sarkisyana indi lazımdır.
Əslində, Nikol Paşinyanın təmsil etdiyi siyasi qüvvələr bir sıra mərhələni başa vurub. Parlament seçkiləri keçirib, hökumətin yarımçıq belə olsa proqramını qəbul edib, eks-prezident Robert Köçəryan başda olmaqla rusiyayönümlü bəzi qüvvələr barəsində ibtidai istintaq başa çatıb. Düzdür, çoxsaylı çətinliklər və problemlər hələ də həll edilməyib. Baş verənlərə əsasən, demək olar ki, rəsmi Yerevan hakimiyyəti və ölkənin siyasi elitasının rusiyayönümlülər və serjçilərdən təmizləməyi qarşısına əsas hədəf olaraq qoyub. Belə şəraitdə Armen Sarkisyanın vəziyyəti heç də yaxşı görünmür. Avropa ölkələrinə və ABŞ-a səfərlərin də bu rahatsızlıqdan doğduğu istisna edilmir. O, prezident olandan sonra son on ayda 2 dəfə ABŞ-da, 7 dəfə Rusiyada səfərdə olub. Yeri gəlmişkən, ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenə onun verdiyi sual ABŞ-da qəzet manşeti olub. O, Münhen Təhlükəsizlik Konfransında keçmiş vitse-prezidentdən 2020-ci ildə prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyini soruşub: “Siz namizədliyinizi irəli sürməyə hazırlaşırsınız?” Co Bayden pıçıltı ilə cavab verdiyindən onun söylədikləri eşidilməyib. Ancaq bir az sonra Armen Sarkisyana öz vizit kartını verib. Co Baydenlə Armen Sarkisyan arasında bu dialoq nədənsə sovet bəstəkarı Aram Xaçaturyanla İspaniyanın məşhur rəssamı Salvador Dalinin "görüşü"nü yada saldı. Salvador Dali barədə ən məşhur hekayələrdən maraqlısı “Sabre dance”nin (“Qılıncların rəqsi”, “Qayana” baleti) müəllifi olan erməni bəstəkarla görüşüdür. Aram Xaçaturyan İspaniyaya qastrola gedəndə jurnalistlər bundan soruşurlar ki, bu ölkədə nə etmək istəyərdi? O da deyib ki, Salvador Dali ilə görüşməyi çox arzulayır. Aram Xaçaturyan gedir Salvador Dali ilə görüşməyə. Rəssamın xidmətçiləri ondan bir az gözləməsini istəyirlər. Aram Xaçaturyan üç saata yaxın gözləyir, dirəşir. Axırda Salvador Dali qapını açır, Aram Xaçaturyanın "Sabre dance"ni qoyur, tam çılpaq süpürgəni at kimi minərək bir əlində də çubuğu qılınc kimi oynada-oynada erməni bəstəkarın ətrafında bir dövrə vuraraq deyir: “Sənin dəyərin mənin gözümdə bundan ibarətdir”. Sonra qapını yenidən bağlayırlar. Co Bayden də Armen Sarkisyana vizit kartı verməklə sanki bildirir: “Sənə bu kart lazımdır. Başqa məsələlərin sənə aidiyyəti yoxdur”. Armen Sakisyan Avropa, ABŞ və Rusiya yollarında qalsa da, Ermənistan KİV-inin yazdığına əsasən, Nikol Paşinyan eks-prezident Levon Ter-Petrosyanla az qala hər gün məsləhətləşir.
Yeri gəlmişkən, son günlərdə keçmiş prezidentin adamları Tiqran Akopyan və Vladimir Karapetyanın vəzifəyə təyin edilməsi də onların tez-tez ünsiyyətdə olduqlarını təsdiqləyir. Qeyd edək ki, Tiqran Akopyan Ermənistan Televiziya və Radio Komissiyasının sədri, Vladimir Karapetyan isə Nikol Paşinyanın mətbuat katibi təyin olunub. Hakimiyyətə yaxın çevrələr bildirirlər ki, Ermənistan Baş nazirinin xarici siyasət sahəsində əsas müşaviri Ter-Petrosyandır: “Bildiyimizə görə, Nikol Paşinyan gün ərzində “Baba” (Ter-Petrosyanı nəzərdə tuturlar - S.İ.) ilə konkret saatlarda telefonla məsləhətləşir. Robert Köçəryanın oyundan tez çıxarılması ideyasını ona Ter-Petrosyan verib”. Son zamanlar Ermənistanın ilk prezidentinin Yerevandakı xarici səfirlərlə görüşlərinin intensivləşdiyi də deyilir. O hətta bu günlərdə İtaliya səfiri ilə görüşüb. Görüşün təşəbbüskarı səfirin özü olub. Belə görüşlər eks-prezidentin nüfuzunun qaldığını, habelə Nikol Paşinyana “babalıq” etdiyini göstərir. Nikol Paşinyanın əsas kadr bazasını levonçuların təşkil etdiyi də sirr deyil. Baş nazir konstitusiyada islahat aparılacağını də bir müddət əvvəl bildirmişdi. Bu məsələ Ermənistan parlamentində müxalifət rolunda çıxış edən İşıqlı Ermənistan Partiyasının sədri, deputat Edmon Marukyan tərəfindən bu yaxınlarda yenə səslənib. O, Əsas Qanuna dəyişikliklərlə bağlı layihə hazırladığını bildirib. Müxalifət lideri deyib ki, Baş nazir “supermen” deyil. Edmon Marukyan Baş nazirin səlahiyyətlərinin azaldılmasını söyləyib. Erməni Milli Konqresi Partiyası isə cari il ərzində yarı-prezident idarəetmə sisteminə qayıtmaq məsələsi ilə bağlı konstitusiya referendumunun keçirilməsini təklif edib.
Nəhayət, martın 1-də Nikol Paşinyan 2008-ci ilin bu günündə baş vermiş hadisələrlə bağlı yürüş-mitinq keçirməyi planlaşdırır. Həmin aksiyada onun xüsusi müraciəti olacaq. Nikol Paşinyan deyib: “Bu yürüş zorakılığa, seçkilərin saxtalaşdırılmasına, korrupsiya və qanunsuzluğa qarşı olacaq”. Bunu həm də Ter-Petrosyanın Robert Köçəryan və Serj Sarqsyan üzrəində qələbəsi kimi də dəyərləndirmək olar. Ancaq qələbə hələ tam deyil. Bu, Ter-Petrosyan pərdə arxasından çıxaraq, siyasi səhnədəki rolunu oynamağa başlayanda baş verə bilər. Odur ki, Ter-Petrosyanın addımlarının səsi hakimiyyətin lap yaxınlığında eşdilməyə başlayır. Hələlik isə Nikol Paşinyan levonçuları hökumətdə yerləşdirməklə məşğuldur.