Bakı. 19 yanvar. REPORT.AZ/ Ermənistanda çoxsaylı ehtimal, mülahizə və proqnozlardan sonra hakim Respublikaçılar Partiyasının prezidentliyə namizədinin adı açıqlandı. Prezident Serj Sarqsyan yanvarın 19-da başçılıq etdiyi partiyanın bu posta namizədinin səfir Armen Sarksyan olduğunu bildirib.
Qeyd edək ki, A.Sarksyan 1953-cü ildə Yerevanda anadan olub. Yerevan Dövlət Universitetinin Fizika-riyyaziyyat fakültəsini bitirib. O, 1996-cı ilin dekabrından 1997-ci ilin fevralınadək Ermənistanın baş naziri postunu tutub. Ölkəsinin Belçika, Niderland, Lüksemburq və Vatikanda səfiri, 1995-1996-cı illərdə isə Ermənistanın Avropa İttifaqındakı daimi nümayəndəsi vəzifəsində işləyib. 2013-cü ildən ölkəsinin Böyük Britaniyadakı səfiridir. Avropa, Rusiya, Çin, Monqolustan, Hindistan və Qazaxıstanda energetika sahəsində fəaliyyət göstərən 15 şirkətdən ibarət “Knightsbridge Group” holdinqinin sahibidir. 64 yaşlı Sarksyanın Türkmənistan və Özbəkistanda da biznesi var. Onun Yaxın Şərqdə və Britaniyada yaxşı çevrəsinin olduğu barədə məlumat yayılıb.
2015-ci il dekabrın 6-da qəbul edilən yeni konstitusiyaya əsasən, Ermənistan 2018-ci ildən parlamentli respublika idarəetmə sisteminə keçəcək. Yeni prezident parlamentdə 7 il müddətinə seçiləcək. Bir şəxs ard-arda iki dəfə dövlət başçısı ola bilməz. Namizədlər parlamentdə fevralın 19-dan irəli sürüləcək. Martın birinci ongünlüyündə seçki keçiriləcək.
İndiki prezident Serj Sarqsyanın səlahiyyət müddəti aprelin 9-da başa çatır. Yeni prezident həmin tarixdən sonra səlahiyyətlərinin icrasına başlayacaq. Birinci turda prezidentliyə namizəd deputatların 75 faizinin səsini qazanmalıdır. Əgər yeni prezidenti seçmək mümkün olmasa, o zaman birinci turdakı namizədlərin hamısının iştirakı ilə ikinci tur keçiriləcək. Bu zaman namizədlərdən biri deputatların 60 faizinin səsini toplayacağı təqdirdə prezident olacaq. Əgər ikinci səsvermədə də prezidenti seçmək mümkün olmasa, onda üçüncü tur təşkil ediləcək. Sonuncu mərhələdə isə ən çox səs qazanan namizədlər iştirak edəcəklər və nəticə etibarilə ən çox səs verilən namizəd dövlət başçısı postunu tutacaq.
İndiki halda Serj Sarqsyanın irəli sürdüyü namizədin birinci turda seçiləcəyi ehtimalı çoxdur. Ötən il keçirilən seçkilərin nəticələrinə görə, parlamentdəki 105 yerdən 58-i hakim partiyanındır. Müxalifətçi kimi görünüb Serj Sarqsyana yaxın sayılan “Tsarukyan” bloku 31 yerə sahibdir. Respublikaçılar Partiyasının müttəfiqi “Daşnaksütyun” isə parlamentdə 7 deputatla təmsil olunur. “Çıxış” müxalifətblokunun da 9 deputat yeri var. Bu baxımdan, Armen Sarksyan birinci turda potensial olaraq 96 deputatın səsini qazana bilər. Çünki bir müddət əvvəl Qaqik Tsarukyan prezidentliyə namizəd göstərməyəcəklərini və hakim partiya ilə razılaşacaqlarını bildirmişdi.
Azərbaycan torpaqlarını işağl altında saxlayan ölkədə bu il eyni zamanda yeni hökumət də formalaşdırılacaq. Hökumətə başçılıq edəcək şəxsin də adı indidən hallanmaqdadır. İndiki baş nazir Karen Karapetyan da hakim partiyanın üzvüdür. O, Rusiyanın milyarder etdiyi dövlət adamlarından sayılır. Bu baxımdan, Moskvanın baş nazirlik məsələsində rolunun əsas olacağı istisna edilmir. Həm Serj Sarqsyan, həm də Karen Karapetyan Kremlin meyarlarına cavab verir.
Əslində, ehtimal etmək olar ki, diaspor və lobbi ilə Ermənistan hakimiyyəti və Rusiya arasında prezidentliyə namizəd məsələsində razılaşma olub. Prezident postu diaspor və lobbiçilərə, baş nazirlik vəzifəsi isə Ermənistandakı hakim partiya və Rusiyanın payına düşüb. Belə şəraitdə hər iki tərəfi daha çox Serj Sarqsyanın qane edəcəyi ehtimalı daha böyükdür. Aprelin 9-da indiki hökumət istefaya gedəcək. Elə həmin tarixdən yeni hökumətin formalaşması prosesi başlayacaq. Prosedura əsasən, bu proses mayın 1-10-u arasında başa çatmalıdır. Əks təqdirdə, yeni parlament seçkiləri keçiriləcək. Böyük ehtimalla bu da baş verməyəcək. Yeni hökumət nəzərdə tutulan tarixdə formalaşacaq. Bu şərtlər daxilində indiki baş nazir Karen Karapetyanın isə baş nazirin birinci müavini postunu tutacağı, yaxud müavinlərdən biri olacağı gözlənilir. Armen Sarksyanın ömür yolundan onun da Karen Karapetyan kimi milyonlara sahib olduğu görünür. Ancaq qanuna əsasən, prezident sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Bunun da müvəqqəti və formal hal olduğu istisna edilmir. Bununla belə, Ermənistanda hakimiyyətin milyarderlərə ötürüldüyü qənaətinə də gəlmək mümkündür. Ancaq bu pulların heç birinin Ermənistanın sərvəti hesabına toplanmadığını da nəzərdən qaçırmaq olmaz. Bu pulun toplanmasına yardım edənlər bir gün sifarişlərini də edəcəklər. Hadisələrin gedişi həmin günün yavaş-yavaş yaxınlaşdığını deməyə əsas verir. Hələlik isə Ermənistanda hakimiyyətlə bağlı qapalı kimi görünən mətləblərə aydınlıq gəlir. Ötənilki parlament seçkilərində diaspor idaəretməyə qatılmamasından narazılıq edirdi. İndi isə dövlətin idarə olunmasında disapor və lobbi də iştirak edəcək. Əslində, bu ölkə Rusiya, kilsə və diasporun sayəsində mövcuddur. Armen Sarksyan prezident olarsa, belə çıxır ki, Moskva Ermənistanın idarə edilməsində özünə diasporu şərik edir.
Onu da qeyd etmək yerinə düşər ki, Ermənistandakı əvvəlki prezidentlərin heç biri bu ölkədə anadan olmayıb. Levon Ter-Petrosyan Suriyada, Robert Koçaryan və Serj Sarqsyan isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulublar. Sonuncu iki prezidentin heç biri Ermənistan vətəndaşı olmayıb. Bu baxımdan, Armen Sarksyan bu ölkənin Ermənistanda doğulan ilk prezidenti ola bilər.