Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası nümayəndələri arasında bir müddətdir qütbləşmə, parçalanma gedir. Hər ötən gün isə tərəflər arasında cəbhələşmə, bir-birinə qarşı kompromat toplama, “torba tikmə” əməliyyatları getdikcə şiddətlənir. Ötən gün parlamentdə Arqişti Kyaramyan (İstintaq Komitəsinin sədri) və Ovik Ağazaryan (deputat) arasında baş verən mübahisə də vəziyyətin nə dərəcədə ciddi olmasından xəbər verir. Ehtimal edilir ki, bu qarşıdurmada suyu bulandıran tərəf hakim partiyanın nüfuzlu üzvü Andranik Köçəryandır. Ovik Ağazaryanı özündən çıxaran məsələ isə hüquq-mühafizə orqanları ilə partiyadaşlar arasında bir müddətdir davam edən gizli savaşdır. Məlumdur ki, Ovikin oğlu qeyri-qanuni işlərlə məşğuldur və artıq polisin “radarı”na düşüb. Dövlət büdcəsi hesabına avtomobil idxalı ilə məşğul olub cibini dolduran Ağazaryanın xeyli adamı aldatdığı da üzə çıxıb. Bu da bir faktı üzə çıxarır ki, Andranik Köçəryan artıq talançı deputatların xaç atasına çevrilib. Eyni zamanda siyasi kulislərdə gəzən söhbətə görə, baş nazir Nikol Paşinyanın parlament tərəfindən dəstəklənməyəcəyi təqdirdə, dövlət çevrilişini planlayan şəxslərdən biri də məhz Andranik Köçəryandır.
Bununla belə, söyləmək lazımdır ki, Paşinyan komanda daxilində gərginlik və qarşıdurmadan xəbərdardır. Amma proseslərə ya təsir edə bilmir, ya da təsir etmək niyyətində deyil. Belə bir dilemma da var ki, əgər Paşinyan rüşvət və korrupsiyaya bulaşmış millət vəkillərini açıq-aşkar müdafiə etsə, hüquq-mühafizə orqanları içindəki dayaqları sarsılacaq. Maraqlıdır ki, əgər baş nazir qeyri-qanuni əmrlərini yerinə yetirən, mitinq iştirakçılarına “toy tutan” təhlükəsizlik qüvvələrini qorumağa çalışsa, bu zaman parlamentdəki oliqarxlar bundan narazı qala bilər. Bu səbəbdən də dövlət başçısı hələlik proseslərə müdaxilə etmir.
İşin maraqlı tərəfi odur ki, partiyadaxili çatlar o qədər dərinləşib ki, artıq hakim partiyanın elitasına daxil olan Andranik Köçəryanın təşkil etdiyi dinləmələr müəyyən reallıqları da üzə çıxarıb. İlk olaraq qeyd etmək lazımdır ki, bu dinləmələr Ermənistandakı krimonegen vəziyyətə, cinayətkarlıqla mübarizəyə həsr edilmişdi. Paşinyanın hakimiyyəti dövründə isə ölkədə cinayət səviyyəsinin xeyli artdığını hətta iqtidar qəzetləri də yazır. Ölkə üçün həssas olan bu vəziyyətdə bütün parlament üzvlərinin iştirakı, müxtəlif təkliflərin verilməsi gözlənilirdi. Amma dinləmələrdə fraksiyanın 71 üzvündən heç 20-i iştirak etməyib. İştirak edənlərin əksəriyyətinin iştirakı isə dekorativ xarakter daşıyırdı, bəziləri təhlükəsizlik qüvvələrinə əziyyət vermək vəzifəsini öz çiyinlərinə götürmüşdülər. Bu isə təbii ki, müxalifətin nəzərindən yayınmayıb və deputat Aqnesa Xamoyan bu məsələ ilə bağlı öz iradlarını Andranik Köçəryana çatdırıb.
Qeyd etmək yerinə düşər ki, son dövrlər partiyadaxili iclaslarda fraksiya üzvlərinin 99 faizi güc strukturlarının fəaliyyətindən kəskin narazılıqlarını bildirir, hətta bəziləri təhqiramiz ifadələr işlədirlər, lakin həmin şikayətçilər dinləmələrdə iştirak etməyiblər. Bunun isə sadə bir səbəbi var, kifayət qədər korrupsiya və rüşvətə bulaşmış deputatlar dinləmələrdə iştirak edib, hüquq-mühafizə orqanlarının qəzəb oxuna tuş gəlmək niyyətində deyillər. Əslində bu dinləmələr də sübut etdi ki, artıq hakim partiyada birlik yoxdur. Fraksiyada qanadlar, qollar var.
Nəzərə almaq lazımdır ki, hüquq-mühafizə bloku üzərində total qrup nəzarəti yaratmaq üçün Paşinyan hakimiyyəti daxilində ciddi casusluq baş verib. Ədliyyə nazirinin “imzalı” istefasının məhz bu daxili qarşıdurmanın nəticəsi olduğu barədə hətta hökumətin öz mənbələri də “pıçıldaşır”. Eyni zamanda Milli Təhlükəsizlik Xidmətinin direktorunun, Daxili İşlər Nazirinin, İstintaq Komitəsinin sədrinin başının üstünə qara buludların yığılması ilə bağlı çoxlu söz-söhbətlər dolaşır. Prinsipcə, hətta gözlənilən idi ki, Andranik Köçəryan və onun “qrupu” sözügedən “prosesə” yeni təkan vermək üçün əvvəlki dinləmələrdən istifadə edəcək. Bununla belə, faktiki təzahürlər belə “intriqa” gözləntilərini belə üstələdi.
Paşinyan hakimiyyətinin belə “keyfiyyətləri”, o cümlədən arxadan vurmaq, qrup halında kiməsə hücum etmək, müxtəlif repressiyalara əl atmaq, küçə jarqonlarından istifadə etmək məsələsi yeni deyil. Burada önəmli olan iqtidarın qeyri-adi nümayəndələrinin onlar haqqında bir neçə ildir media tərəfindən deyilənlərin demək olar ki, hamısını açıq şəkildə sübuta yetirməsidir. Ovik Ağazaryan ya qəsdən, ya da bilməyərək, həbs və istintaq zamanı ifadələri dəyişmək üçün şübhəli şəxslərə ciddi təzyiq olunduğunu bildirib. Bu, birbaşa hüquq-mühafizə orqanlarının bostanına atılan daş sayılır və gələcəkdə tərəflər arasında daha şiddətli qarşıdurmanın olacağına işarədir.
Təbii ki, bu hücuma qarşı Kyaramyan da əks həmlə ilə cavab verib. O, etiraf edib ki, korrupsiyaya və himayəçiliyə qarşı mübarizə aparan hökumət nümayəndələri də korrupsionerdirlər, həvəslə himayəçiliyə əl atırlar. Bu da öz növbəsində fraksiyaya mesaj sayılmalıdır ki, hüquq-mühafizə orqanlarında korrupsiyaya bulaşmış məmur və deputatların siyahısı, onlar haqqında kifayət qədər fakt və kompromat mövcuddur. Zamanı gəldikdə isə bu faktlar dövriyyəyə buraxılacaq.
Yeri gəlmişkən, parlamentdəki son dava-dalaş sübut etdi ki, artıq Kyaramyanın da günləri sayılır və hakim fraksiya Paşinyanın müvafiq əmrini gözləyir. Əgər baş nazir bu addımı atmasa, imzatoplama kampaniyasına start veriləcək. Bunun ilk siqnalını isə Andranik Köçəryan verib. Deputat bildirib ki, məsələ müzakirə olunacaq.
Göründüyü kimi, Ermənistanın daxili siyasətində kifayət qədər çatlar yaranıb. 2018-ci ildə hakimiyyətə gələn, qısa müddətdə oliqarxa çevrilən partiyadaşlar və deputatlar artıq heç kəslə hesablaşmaq istəmir, hüquq-mühafizə orqanlarına “diş qıcayır”, qanunsuz əməllərinə göz yummayanları işdən çıxarmaqla hədələyirlər. Hər halda, baş verənlər Ermənistan üçün heç də yaxşı gələcək vəd etmir. İri balıqların bir-birini yeməsi hər zaman dövlətin süqutuna səbəb olub.
Kamil Məmmədov