Bakı. 17 may. REPORT.AZ/ Nikol Paşinyanın Ermənistanın baş naziri seçilməsinin onuncu günüdür. El dilində bunu “onu çıxıb, onunu töküb" kimi də ifadə etmək olar.
Mayın 17-də Ermənistan hökuməti yeni tərkibdə ilk iclasını keçirib. Nikol Paşinyan Nazirlər Kabinetinin toplantısına ikinci dəfə başçılıq edib. O, bu on gün müddətində Soçidə Avrasiya İttifaqının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Tərəflər bir-birinə xoş sözlər deyiblər və perspektivdə iki dövlət arasında strateji əməkdaşlığı inkişaf etdirəcəklərini vurğulayıblar.
Bu müddət həm də Ermənistanda müxtəlif etiraz aksiyalarının keçirilməsi ilə yadda qalıb. Belə ki, mayın 16-da Yerevan meri Taron Markaryanın istefası tələbi ilə etiraz aksiyası keçirilib. Etirazçılar meri səmərəsiz fəaliyyət göstərməkdə və vətəndaşlar qarşısında hesabat verməməkdə ittiham edirlər. Tərəfdarları da Taron Markaryanın müdafiəsi naminə aksiya keçiriblər. Mer onlara təşəkkür edərək evlərinə getmələrini istəyib. O, jurnalistlərə açıqlamasında istefa verməyəcəyini bildirib. Nikol Paşinyan mayın 17-də jurnalistlərin Taron Markaryanın istefası tələbi ilə bağlı sualını cavablandırarkən hamı ilə tezliklə vidalaşmağın doğru olmadığını söyləyib.
Eyni zamanda Ermənistanda bir qrup vətəndaş üzərində "Siyasi məhbuslara azadlıq" və "Sasna tsrer" yazılmış plakatlarla Baş Prokurorluğun binası qarşısında etiraz aksiyası keçirib. Onlar baş prokuror Artur Davtyanın istefasını tələb ediblər. Aksiyaya toplaşanlar "Prokuror, get!", "Siyasi məhbuslara azadlıq!" şüarlarını səsləndiriblər, ancaq baş prokuror istefa verməyəcəyini bildirib. Ötən gün "Sasna tsrer" qruplaşmasının məhkəməsi keçirilib və ilkin qərar dəyişilməyib. Qrupun tərəfdarları gecəni küçədə çadır quraraq keçiriblər. Yeri gəlmişkən, "Sasna tsrer" qruplaşması 2016-ci il iyulun 17-də Yerevanda post-patrul xidmətinin binasına silahlı hücum edərək 6 nəfəri girov götürüb. Girovlar arasında polis rəisinin müavini, general-mayor Vartan Eqiazaryan da olub. Silahlı qarşıdurmada polis əməkdaşları arasında ölən və yaralananların olduğu da bildirilmişdi. Həmin vaxt Nikol Paşinyan da hadisə yerinə getmişdi. O zaman silahlı qruplaşma Jirayr Sefilyanın azadlığa buraxılmasını, Serj Sarqsyanın Ermənistan prezidenti vəzifəsindən istefaya getməsini və hakimiyyəti xalqa təhvil verməsini tələb edirdi. "Yeni Ermənistan" İctimai Birliyinin rəhbəri Jirayr Sefilyan 10 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Qruplaşmanın başqa üzvlərinə də 5,5 - 2 il müddətinə həbs cəzası verilib.
Nikol Paşinyan mayın 16-da respublikada siyasi məhbusların azadlığa buraxılması təşəbbüsü ilə çıxış edib: “Siyasi fəaliyyətinə görə məhkum olunmuş şəxslər azadlığa buraxılmalıdır”. Bununla yanaşı, o, siyasi məhbusları fəaliyyətləri insan itkisinə səbəb olmayanlar və olanlardan ibarət iki qismə bölüb. Nikol Paşinyanın fikrincə, birinci kateqoriyaya qanunla nəzərdə tutulmuş amnistiya prosedurunu tətbiq etmək olar. Ancaq ikinci kateqoriyalı məhkumların, yəni 2016-cı ilin iyulunda Yerevanda üç polisin ölümünə səbəb olan "Sasna tsrer" qruplaşmasının üzvlərinin azadlığa buraxılması üçün hüquq mühafizə orqanlarının həlak olmuş əməkdaşlarının qohumlarının iştirakıyla ictimai dinləmələr keçirilməlidir. O, mayın 17-də hökumətin iclasından əvvəl isə jurnalistlərə bildirib ki, bu məsələdə ictimai rəyin formalaşması vacibdir: “Ən pisi bu aksiyaların kimə qarşı olması ilə bağlı ictimai rəyin formalaşmamasıdır. İslah müəssisələrinin qapısını açıb məhbusları buraxacağmızı düşünənlər məsələyə yanlış yanaşırlar”. Deməli, Nikol Paşinyan Serj Sarqsyanı silahlı yolla devirmək istəyənlərə qarşı çıxıb.
Ötən gün Yerevanda baş nazirin iqamətgahı qarşısında da etiraz aksiyası keçirilib. Kütləvi istefalara səbəb olan optimallaşdırma prosesinin ləğvini tələb edən hərbi komissarlıqların əməkdaşları hökumət binasının girişinə toplaşıblar. Taksi sürücüləri isə Yerevanın əsas prospektini qismən bağlayıblar. Onlar lisenziyalaşdırma prosesinin qaydaya salınmasını, yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin silinməsini, paytaxtda avtomobillərin park edilməsinə görə ödənişin ləğvini də istəyiblər. Avtomobil idxalçılarının nümayəndələri də baş nazirin iqamətgahının qarşısına toplaşaraq gömrük rəsmiləşdirilməsi müddətinin hazırda qüvvədə olan ongünlük müddətdən çox olmasını tələb ediblər. Bundan əlavə, Aqarak mis-molibden kombinatının işçiləri əmək haqlarının artırılması tələbi ilə tətil ediblər. Ararat qızıl hasilatı fabrikinin fəhlələrinin də tətilə başladıqları bildirilib. Ermənistanın Ararat sement zavodunun işçiləri də etiraz aksiyası keçiriblər. Onlar 50-80 min dramlıq (100-160 dollar) əmək haqlarının artırılmasını, eləcə də maaşların mayın 20-dək verilməsini tələb ediblər. Bu zavod isə Serj Sarqsyan hakimiyyətinə müxalif olmuş, Nikol Paşinyanı dəstəkləyən, “Çiçəklənən Ermənistan” Partiyası və parlamentdəki “Tsarukyan” fraksiyasının lideri Qaqik Tsarukyanındır. Mayın 25-də onun zavodun işçiləri ilə görüşəcəyi gözlənilir.
Heç şübhəsiz, bundan sonra da müxtəlif mövzuda etiraz aksiyaları keçiriləcək. Ancaq hökumətin hələ ilk iclasını keçirməmiş ölkədə etiraz tədbirlərinin davam etməsi başqa mətləblərdən də xəbər verə bilər. Bu baxımdan, aksiyaların hədəfi müxtəlifdir. Nikol Paşinyana etibar edib aksiya keçirənlər kütləvi etirazlar zamanı irəli sürdükləri tələb və problemlərini baş nazirin yadına salırlar. Bir qrup hələ şərait dəyişməmiş problemlərə diqqəti çəkmək, onun həllini istəyirlər. Təbii ki, siyasi istəklərini gerçəkləşdirmək istəyənlər də görünür. Bura “Sasna tsrer” qruplaşması da daxildir. Onların tərəfdarları aprel-may aylarında keçirilən etiraz aksiyalarını dəstəkləməklə həbsxanadakı liderlərinin azadlığa buraxılacağına ümid edirdilər. Ancaq Nikol Paşinyanın çıxışı onları məyus etdiyindən aksiyaları davam etdirməyi qərara alıblar. Qaqik Tsarukyanın timsalında keçmiş müxalifət, hazırda hökumətə yaxın olan siyasi qüvvəyə qarşı da aksiya keçirilir. Bununla Nikol Paşinyanla Qaqik Tsarukyan arasında ziddiyyət yaratmağa cəhd göstərdiklərini, hakim siyasi qüvvəni parçalamağa çalışdıqlarını söyləmək olar. Hər halda Nikol Paşinyan hökumətinin müqaviməti, verdiyi vədlərə əməl etməsi yoxlanılır, onların problemlərə və onların həllinə yanaşması müəyyən edilir, bir sözlə yeni hökumət sınağa çəkilir.
Əslində, dünya praktikasında yeni seçilən prezidentə və ya hökumət başçısına qeyri-rəsmi olaraq 100 gün möhlət verilir. Ancaq Nikol Paşinyan hökumətinin onuncu günü bitməmiş aksiyaların keçirilməsi xarici qüvvələrin, yaxud revanşistlərin marağının təmin olunmasına cəhd kimi də qiymətləndirilə bilər. Başqa sözlə, həmin qüvvələrin maraqları təmin olunmayacağı halda, Ermənistanda perspektivdə qarşıdurma yaranmasına zəmin hazırlanır. Hətta həmin qüvvələrin ölkə ictimaiyyətində Nikol Paşinyanın vədlərinə əməl etməməsi ilə bağlı rəy formalaşdırdığını da demək olar. Onlar keçiriləcəyi gözlənilən növbədənkənar parlament seçkilərinə indidən hazırlaşırlar. Bir sözlə, anti-Paşinyan kampaniyasına başlayıblar. Nikol Paşinyan isə mayın 17-də jurnalistlərə son günlər keçirilən etiraz aksiyaları ilə bağlı bunları deyib: “Bütün problemləri həll etməyə cəhd göstərməyimiz uğursuzluqla nəticələnəcək. Bu və ya başqa istefaları da birdən tələb etmək düzgün deyil. Biz problemləri “addım-addım” həll edəcəyik”. O, Ermənistan vətəndaşlarına müraciət edərək mayın 17-də saat 15:00-dan etibarən vətəndaş itaətsizliyini dayandırmağa çağırıb. Nikol paşinyan bununla da baş verənlərdən duyuq düşdüyünü göstərir. Ancaq Ermənistanda qapını növbədənkənar seçkilər döyür. Nikol Paşinyan və onun hökumətinə verilən möhlət hər gün azalır. Bu saatda qumun azalmasına da oxşayır. 20 ildən artıqdır formalaşmış, arxasında Rusiya dayanan bir sistemi yeni hökumət dağıdıb yerində yenisini qura biləcəkmi?! On gün tamam olmamış ölkədə baş verən etiraz aksiyaları inqilabın davam etdiyini deməyə əsas verir. Nəzərə almaq lazımdır ki, keçmiş hakim Respublikaçılar Partiyası müxalifətdədir. Etiraz aksiyaları zamanı onlar öz qüvvələrindən istifadə etmədilər. Onların maliyyəsi və himayədarı da var. Paşinyançıların zəifləməsi, yaxud baş verənlərə etinasızlığı revanşistlər üçün şərait yarada bilər. Bu isə inqilabın məxməridən məxmirəyə keçməsi deməkdir.