Ermənistanda antirusiya ovqatı - daşnakları əvəzləyən “Sasna tsrer” - ŞƏRH

Ermənistanda antirusiya ovqatı - daşnakları əvəzləyən “Sasna tsrer” - ŞƏRH Hadisələr paşinyançıların daşnakları aldatdıqlarını deməyə əsas verir
Analitika
23 Noyabr , 2018 16:08
Ermənistanda antirusiya ovqatı - daşnakları əvəzləyən “Sasna tsrer” - ŞƏRH

Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün Cənub Qafqazda yalnız Ermənistanda Rusiyanın hərbi bazası var. Ona görə də Yerevan özünü Moskvanın bölgədəki başlıca strateji müttəfiqi sayır. Ancaq son on ildə Ermənistanda antirusiya ovqatı artmaqdadır. Bu, özünü ölkədə keçirilən müxtəlif etiraz aksiyalarında açıq-aşkar göstərib. Ölkənin o vaxtkı dövlət başçısı Robert Koçaryan 2008-ci ildə keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə etiraz edən dinc nümayişçilərə martın 1-də güc tətbiq etmişdi. Nəticədə 10-dan çox dinc aksiyaçı öldürülmüş, xeyli sayda iştirakçı yaralanmış və həbs edilmişdi. Etirazlara baxmayaraq, Serj Sarqsyan ölkənin prezidenti elan olundu. Həmin aksiyalardan sonra Ermənistan ictimaiyyəti Moskvaya qarşı kökləndi. Aksiyalarda “İşğalçı Rusiya Ermənistandan çıx!” kimi şüarlar irəli sürüldü. 2013-cü ildən isə iki ölkə arasında müəyyən gərginliyin yaşandığı açıq-aşkar görünməyə başladı. 2015-ci ilin yayında Ermənistanda elektrik enerjisinin qiymətlərinin qaldırılmasına etiraz olaraq aksiya keçirildi. Bu, təkcə qiymət artımına qarşı aksiya sayılmırdı. Yürüşlər həm də Ermənistanın energetika sahəsinə Rusiyanın nəzarət etməsinə qarşı etiraz idi. Onlar hakimiyyətdən Rusiyanın elektrik enerjisi tariflərinin növbəti dəfə qaldırılacağını bəyan edən Ermənistan elektrik şəbəkəsi (EEŞ) şirkətinin özbaşınalığına son qoymağı tələb edirdilər. Həmin aksiyalardan sonra vəziyyət normallaşmadı.

Əslində, beynəlxalq ictimaiyyət çox gözəl bilir ki, Ermənistan dövləti Rusiyanın layihəsidir. Bu ölkədə energetika və dəmir yolları da daxil olmaqla ölkə iqtisadiyyatının əksər hissəsinə Kreml nəzarət edir. Yeri gəlmişkən, 2016-cı ildə “Sasna tsrer” adlı silahlı qruplaşmanın polisə hücumu zamanı da antirusiya məsələsi gündəlikdən düşmədi. Bu qrup polis bölmələrindən birinə hücum zamanı asayiş keşikçilərini girov götürmüşdü. Sakinlər silahlı qruplaşma ilə həmrəyliyini nümayiş etdirmək üçün hər axşam etiraz aksiyası keçirirdi. Həmin vaxt aksiya iştirakçılarının çoxu Rusiyanı Ermənistanın daxili işlərinə qarışmaqda qınayırdı. “Sasna tsrer”in liderlərindən biri Tiqran Xzmalyan bildirirdi: “Bu gün ölkədəki bütün proseslər xaricdən idarə olunur. Mən Rusiyanı nəzərdə tuturam”. O deyirdi ki, etirazların ən mühüm şüarı, qrupun “Rusiya müstəmləkəçiliyinə son qoyması”dır: “Ermənilərin çoxu əsl düşmənin Moskva tərəfindən manipulyasiya edilən yerli hakimiyyət deyil, Kremlin və onun DTK-sının (keçmiş Dövlət Təhlükəsizlik Komitəsini nəzərdə tutur - S.İ. ) olduğunu başa düşüblər”. “Sasna tsrer” qrupu polis bölməsindən göndərdiyi mesajda öz mübarizəsini belə xarakterizə edirdi: “Bu, Rusiya müstəmləkəçiliyinə qarşı milli azadlıq hərəkatıdır. Bunu hər kəsin, beynəlxaq ictimaiyyətin dərk etməsini istəyirik”. Onlar açıq şəkildə Ermənistanın Rusiyanın quberniyası olmasına etiraz etdiklərini vurğulayırdılar. 

Erməni təhlilçilər hesab edirlər ki, “Sasna”nın mübarizəsi Rusiya müstəmləkəçiliyinə qarşı mübarizənin birinci mərhələsidir. Qrup üzvlərinin müqaviməti uzun sürmədi. Onlar həbs edildi. O zaman həbsdəki “sasna”çıların o vaxt deputat olan Nikol Paşinyan da ziyarətinə gedir və hüquqlarını müdafiə edirdi. 2018-ci ilin mayındakı hakimiyyət çevrilişindən sonra Nikol Paşinyan hökuməti onları da əfv siyahısına daxil etdi. Bununla da Rusiyanı müstəmləkəçi sayan və onun Ermənistandakı fəaliyyətinə qarşı mübarizə aparan bir qrupa "yaşıl işıq" yandırıldı. Bu həm də hakimiyyətə gələn yeni siyasi qüvvənin antimoskva ovqatında olduğunun bariz göstəricisi idi. Erməni təhlilçilərin fikrini inkişaf etdirsək, belə çıxır ki, Paşinyanın başçılıq etdiyi “inqilab” “müstəmləkəçiliyə” qarşı mübarizənin ikinci mərhələsidir. Ermənilər “Sasna tsrer" qrupunu Ermənistanın “xilaskar"ı adlandırırlar. Onda Nikol Paşinyan və başçılıq etdiyi hərəkat da bu mərhələnin bir elementidir.

Beləliklə, dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu siyasi kampaniyada 2 blok və 7 siyasi partiya - Nikol Paşinyanın başçılıq etdiyi əsasını Vətəndaş Müqaviləsi Partiyası təşkil edən “Mənim addımım”, Respublika və Azad Demokratlar partiyalarından formalaşan “Biz” blokları, keçmiş hakim Respublikaçılar Partiyası, Çiçəklənən Ermənistan, İşıqlı Ermənistan, “Sasna tsrer”, “Orinats Yerkir” (“Hüquqi ölkə”), Daşnaksütyun, Dirçəliş Xristian-Demokratik, Milli Tərəqqi və Vətəndaşın Qərarı Sosial Demokrat partiyaları iştirak edir. Serj Sarqsyanın başçılıq etdiyi Respublikaçılar Partiyası istisna olmaqla qalan 1 blok və 6 partiya daha çox may hadisələrinin, başqa sözlə, Rusiyaya qarşı mübarizənin ikinci mərhələsinin iştirakçılarıdır. Onların arasında “Sasna tsrer” sürpriz sayılır. Çünki bu təşkilat qonşu dövlətlərə qarşı ərazi iddiası etməklə yanaşı, qatı Rusiya əleyhdarıdır. Onlar iddia edirlər ki, hakimiyyətə gələcəkləri təqdirdə “dekommunizmləşmə”, “desovetləşmə”, habelə “deruslaşma” proqramını həyata keçirəcəklər. Təşkilat Ermənistanın Rusiyanın təşəbbüsü ilə yaradılan MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi İttifaqından çıxmasının tərəfdarıdır. Bu ilin sentyabrında keçirilən qurultayında “Sasna”nın yeni proqramı qəbul edildi. Orada təşkilatın qarşısına qoyduğu məsələlərdən biri “Ermənistanın Rusiyanın müstəmləkəçilyindən azad edilməsi"nin gerçəkləşdirilməsidir. Həmin sənədə əsasən, ilk növbədə, Rusiyanın sərhəd qoşunları Ermənistan ərazisindən çıxmalı, mühafizə etdiyi ərazi Ermənistanın sərhəd qoşununa təhvil verilməldir. Proqramda Ermənistanla Rusiyanın Hava Hücumundan Müdafiə sistemlərinin birləşdirilməsi qanunsuz elan edilib. Təşkilat Rusiyanın 102 saylı hərbi bazasının Ermənistandan çıxarılması təklifini də irəli sürüb. “Sasna” ABŞ və İranla strateji tərəfkeşliyin qurulmasını, Avropa İttifaqı, Gürcüstan, Ukrayna, Çin və Hindistanla münasibətlərin yeni səviyyəyə qaldırılmasını vacib sayır. Onlar hesab edirlər ki, Gürcüstanla dövlət sərhədinə ehtiyac yoxdur. “Sasna”çıların qənaətincə, bu yolla Gürcüstanın Cavaxetiya bölgəsi ilə bağlı məsələni də həll edəcəklər. 

Deməli, Azərbaycan torpaqlarının işğalında iştirak etmiş “Sasna tsreri”n lideri Sefilyan bildirib ki, Qarabağda Azərbaycanın atdığı güllədən hər il onlarla erməni əsgərinin öldüyü “sürünmə müharibəsini kəsmək üçün təcili tədbirlər görülməlidir”. Ona izah ediblər ki, qəti addımlar nəticəsində minlərlə erməni ölə bilər: “Qərbin Ermənistana “hörmət etməsi”, ayrı-ayrı şəxslərin patoloji rusofobiyası xatirinə bu tədbirlər ölkəyə qəbuledilməz ziyan vura bilər. Bu ziyan yerli iqtisadiyyatın son kollapsı və onsuz da az olan insan resurslarının tükənməsi ilə nəticələnə bilər”.

Ümumiyyətlə, bu radikal milliyyətçi təşkilat həm də Ermənistandakı Rusiyaya qarşı ovqatın təmsilçisidir. Düzdür, əvvəllər bu rolu daşnaklar oynayırdı. Ancaq solyönümlü sayılan Erməni İnqilabi Federasiyası (Daşnaksütyun Partiyası) Moskvaya qarşı çıxmırdı. Əksinə, fəaliyyətində Kremlin imkanlarından yararlanırdı. Son illər bu “inqilabçılar” Ermənistandakı siyasi proseslərdə hakimiyyətin yardımçısı rolunda çıxış edirdi. May hadisələrində isə mövqelərini tez dəyişərək Nikol Paşinyanın hərəkatını müdafiə etməyə başladılar. Bununla da yeni hökumətdə yer alacaqlarına ümid bəsləyirdilər. Ancaq sonrakı hadisələr paşinyançıların onları aldatdıqlarını deməyə əsas verir. Görünür, daşnakların istifadə müddəti başa çatdığından ermənilərin quracağı yeni siyasi səhnədə radikal millətçilər rolu “Sasna tsrer”ə verilir. Rusiyadan asılı qalan Ermənistanda Moskvaya qarşı belə çıxış üçün mütləq daha güclü sponsora sahib olmaq lazımdır. Əks halda, daşnaklar bazardan belə asanlıqla sıxışdırılmazdı. 

Son xəbərlər

Orphus sistemi