Ermənistan XİN başçısının şifrəli mesajı - sülhə mane olan baryerlər - ŞƏRH

Ermənistan XİN başçısının şifrəli mesajı - sülhə mane olan baryerlər - ŞƏRH Formalaşmaqda olan yeni dünya nizamında ən çətin vəziyyətdə olan dövlətlər özlərinin müstəqil xarici siyasət kursunu seçə bilməyənlər, daha böyük oyunçuların təsiri ilə hərəkət edənlərdir. Belə aktorlardan biri də Ermənistandadır. Rəsmi İrəvan bu gün Qər
Analitika
24 Yanvar , 2024 14:16
Ermənistan XİN başçısının şifrəli mesajı - sülhə mane olan baryerlər - ŞƏRH
Ararat Mirzoyan

Formalaşmaqda olan yeni dünya düzənində ən çətin vəziyyətdə olan dövlətlər özlərinin müstəqil xarici siyasət kursunu seçə bilməyənlər, daha böyük oyunçuların təsiri ilə hərəkət edənlərdir. Belə dövlətlərdən biri də Ermənistandadır. Rəsmi İrəvan bu gün Qərblə Rusiya arasındakı “məngənə”də sıxılmaqdadır.

Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistan 2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakının sülh təkliflərinə adekvat cavab vermir. Nəzərə almaq lazımdır ki, 44 günlük savaş və 2023-cü ildəki birgünlük antiterror tədbirləri nəticəsində regionda sülh üçün yeni imkanlar yaranıb. Amma İrəvan bunu qiymətləndirmir. Beləliklə, öz işini daha da çətinləşdirir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 23-də keçirdiyi geniş mətbuat konfransında bu məsələlərə, o cümlədən Azərbaycanla münasibətlərin normallaşması məsələsinə toxundu. Nazirin bir neçə fikrini ayrılıqda təhlil etməyə çalışaq.

Birincisi, o, minalı ərazilərin xəritəsinin Ermənistanda olduğunu etiraf edib. A.Mirzoyan söyləyib ki, İrəvanın gələcəkdə bu xəritələri Bakıya təhvil verməsi mümkündür.

30 il davam edən işğal dövründə Ermənistan Azərbaycan ərazilərini minalayıb. Hazırda həmin ərazilərdə minatəmizləmə işləri aparılır. Azad olunmuş ərazilərdə indiyə kimi 49 mindən çox mina, 60 mindən çox partlamamış hərbi sursat aşkarlanıb, 342 nəfər mina terrorunun qurbanı olub.

Azərbaycan xeyli vaxtdır ki Ermənistandan minalı ərazilərin xəritəsini tələb edir. Buna baxmayaraq, İrəvan dəqiq xəritələri verməkdən imtina edir. Minalı ərazilərin xəritəsinin hələ də Azərbaycana verilməməsi sülh gündəliyinə, həmçinin qarşılıqlı etimad mühitinin yaranmasına zərbə vurur. Ola bilsin ki İrəvan minalı ərazilərin xəritəsini özü üçün “kozır” hesab edirdi və bunu alış-veriş predmetinə çevirmək istəyirdi. Amma, artıq həqiqəti anlayıb və başa düşüb ki, həmin xəritələrin Azərbaycana təhvil verilməməsi Ermənistanın xeyrinə deyil.

Ermənistan rəsmiləri dəfələrlə bildiriblər ki, onlar sülh istəyirlər. Bu, özlüyündə müsbət qiymətdirilməli bəyanatdır. Amma sözdə deyilənləri əməldə də təsdiqləmək lazımdır. Minalı ərazilərin xəritələrinin Bakıya təhvil verilməsi məhz bu baxımdan yaxşı fürsət ola bilər.

Ehtimal etmək olar ki, Ermənistanın indiyədək bu məsələdə inadkarlıq göstərməsində üçüncü tərəflərin də müəyyən rolu var. Onlar İrəvanı silahlandıraraq bu dövlətin radikal mövqedə qalmasına şərait yaradırlar. Amma bunun nəticəsi olmur. Əksinə, revanşist davranışlar İrəvanın özü üçün yeni problemlər yaradır. Bu baxımdan, ümid etmək olar ki, gələcəkdə Ermənistanın baş naziri Nikol Paşinyan hökuməti minalı ərazilərin dəqiq xəritəsini Azərbaycana verəcək. Və bundan sonra sülh sazişi istiqamətindəki daha bir maneə aradan qalxacaq.

Başqa bir məqam A.Mirzoyanın Ermənistanın özünün təhlükəsizliyi üçün yeni müttəfiqlərə ehtiyacı olması barədə dedikləridir. Nazir bildirib ki, Ermənistan müttəfiq mexanizmlərinin ümidləri doğrultmadığı vəziyyəti ilə üzləşib. Beləliklə, XİN başçısı ölkəsinin çətin vəziyyətdə olduğunu etiraf edib. Belə bir şəraitdə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması, bölgədə əməkdaşlıq mühitinin təmin olunması İrəvana “məlhəm” ola bilər. Çünki məhz regional əməkdaşlıq nəticəsində Ermənistan üçün yeni təhlükəsizlik “çətiri” yaranacaq və bu dövlətə kənar güclərin təsiri azalacaq.

Ermənistanla- Rusiya arasında münasibətlərin getdikcə gərginləşməsi isə onu deməyə əsas verir ki, Paşinyan administrasiyası Qərblə yaxınlaşmağa davam edəcək. Hərçənd, bu, İrəvanın “odla oynaması” deməkdir. Bunu Ermənistan iqtidarı da bilir. Xüsusilə, ABŞ və Fransanın ayrı-ayrı regionlarda, o cümlədən Ukraynada, Suriyada etdikləri Ermənistan üçün də istisna deyil. Bu dövlətlər gələcəkdə İrəvanı da yarıyolda qoya bilərlər.

Növbəti məqam Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlıdır. Xarici işlər naziri diqqətə çatdırıb ki, konstitusiya dəyişikliyi məsələsi həm də xarici əlaqələrlə bağlıdır. “Həm Ermənistan, həm də Azərbaycan sülhün nizamlanması prosesində hüquqi problemləri görüb və qarşı tərəfə təqdim ediblər. Amma bu məsələnin ancaq nizamlanma ilə bağlı olduğunu demək mübaliğə olar, mən bu fikirlə razılaşmıram”, - o söyləyib.

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da ölkədə yeni konstitusiyaya ehtiyac olduğunu demişdi.

Ermənistan KİV-i yazır ki, bu dəyişiklik məhz İrəvanın regional siyasəti ilə bağlıdır. Məsələ ondan ibarətdir ki, Ermənistanın hazırkı konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Bu, münasibətlərin normallaşması istiqamətində baryerdir. Bunu Ermənistan hakimiyyəti də bilir. Odur ki, yaxın gələcəkdə Ermənistanda yeni konstitusiyanın qəbul olunacağını və ərazi iddialarına dair maddələrin çıxarılmasını ehtimal etmək olar. Bu proses müəyyən qədər ağrılı ola bilər. Amma İrəvanın nicatı üçün şərtdir.

Nəhayət, nazir Azərbaycanla sülh sazişi üçün üç əsas prinsipin olduğunu deyib. O qeyd edib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalıdır: “Sərhəd SSRİ-nin səlahiyyətli orqanları tərəfindən yaradılmış və möhkəm hüquqi bazaya malik xəritələr əsasında müəyyən edilməlidir. Bu reallığı əks etdirən ən yeni xəritələr 1974-78-ci illərdəki xəritələrdir. Həmçinin, kommunikasiya xətləri suverenlik prinsipləri əsasında açılmalıdır”.

Mirzoyan bildirib ki, Ermənistanla Azərbaycan arasında birbaşa təmaslar təkcə liderlər yox, həm də nazirlik və digər idarələr səviyyəsində gedir: “Nazirliyin xətti ilə sülh sazişi üzrə təkliflərin mübadiləsi aparılır. Yanvarın əvvəlində İrəvan yeddinci təkliflər paketini Bakıya təqdim edib. İrəvan üçün önəmli olan vasitəçilərin olması deyil, danışıqların məzmunudur”.

Faktiki olaraq, həm rəsmi Bakı, həm də rəsmi İrəvan bu üç prinsiplə bağlı razılıq əldə edib. Yəni, əslində, əsas məsələ həllini tapıb. İndi lazım olan Ermənistan XİN başçısının haqqında danışdığı bir sıra maneələrin aradan qaldırılmasıdır. Azərbaycan öhdəsinə düşəni edib; Qarabağda qondarma rejim artıq yoxdur. İndi növbə İrəvanındır...

Son xəbərlər

Orphus sistemi