2020-ci ildə İkinci Qarabağ müharibəsindən və 2023-cü ildə birgünlük antiterror tədbirlərindən sonra Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Müəllifinin rəsmi Bakı olduğu bu reallıqlar bölgədə sülh və sabitliyin, əməkdaşlıq mühitinin təmin olunmasını şərtləndirir.
Azərbaycan öz ərazi bütövlüyünü təmin edəndən sonra tarixdə nadir rast gəlinən humanistlik sərgilədi: qalib tərəf olmasına baxmayaraq, sülh təklifi ilə çıxış etdi. İndi Azərbaycanın əsas prioriteti Ermənistanla sülh sazişinin imzalanması və regional əməkdaşlıq mühitinin təmin olunmasıdır.
Hər iki tərəfdən verilən məlumata görə, bu istiqamətdə müəyyən irəliləyiş əldə olunub. Məhz Bakının siyasi iradəsi, diplomatik cəhdləri nəticəsində bölgədə “sular tədricən durulur”. Müşahidələr göstərir ki, bu, daha çox ikitərəfli təmaslar nəticəsində mümkün olur.
Bu gün sülh sazişinə mane olan əsas məsələ Ermənistanın Azərbaycanla bağlı ərazi iddialarıdır. Belə ki, Ermənistan hakimiyyəti Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bildirsə də, bunu konstitusiyasında təsbit etmir.
Təkcə azərbaycanlı mütəxəssislər yox, əcnəbi ekspertlər də təsdiq edirlər ki, indiki mərhələdə Ermənistanın konstitusiyasına müvafiq dəyişikliyi etməsi zərurətdir. Məsələn, Ankara Avrasiya Araşdırmaları Mərkəzinin (AVİM) ekspertləri Tuğçe Tecimer və Selenay Erva Yalçının “Ermənistan konstitusiyasına dəyişikliklər gündəmdə olan aktual məsələ olaraq qalır” sərlövhəli analitik məqaləsində qeyd olunub ki, Ermənistan konstitusiyasının hazırkı variantı ilə bağlı problem həll edilmədən Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması perspektivi çətin olacaq.
Ekspertlər diqqəti Ermənistanın əsas qanununda yer alan müstəqillik bəyannaməsinin məzmununa yönəldiblər: “1990-cı il bəyannaməsi Azərbaycanın ərazi bütövlüyünü birbaşa rədd edir. Ona görə də Bakının Ermənistan konstitusiyasına dəyişiklik tələbləri tamamilə haqlıdır”.
Mərkəzin analitikləri qeyd edirlər ki, bu, Ermənistanın daxili məsələsi çərçivəsindən kənara çıxır.
AVİM ekspertləri 2009-cu ildə Sürixdə imzalanmış Ermənistan-Türkiyə protokollarının taleyini xatırladıblar: “Ermənistan konstitusiya Məhkəməsinin protokollarla bağlı qərarı Bakının tələblərinin əsassız olduğunu iddia edən hər kəsə ən yaxşı cavabdır”.
Analitiklər hesab edirlər ki, Bakı İrəvanla sülh sazişinin uzunömürlülüyünə zəmanət verməyə çalışır.
“Bu gün Azərbaycan ilə Ermənistan arasında davamlı sülh sazişinin əsasını gücləndirmək üçün danışıqların və diplomatik addımların daha fəal olması vacibdir. Bu prosesdə problemlərin aradan qaldırılması məqsədilə bütün regionun maraqlarına cavab verən Ermənistanın hazırkı konstitusiyasının dəyişdirilməsi labüddür”, - Tecimer və Yalçın vurğulayıblar.
Məsələ ondan ibarətdir ki, rəsmi Bakının əsas istəyi sülhün davamlı, əbədi olmasıdır. Ermənistanın riyakar siyasəti tarixdən məlumdur. İstisna deyil ki, rəsmi İrəvan bir neçə ildən sonra özünü buna hazır edəndə konstitusiyasına istinadən revanşa cəhd edə bilər. Bu, Azərbaycanın maraqlarına uyğun versiya deyil. Odur ki, haqlı olaraq Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qalxması tələb olunur.
Nəzərə almaq lazımdır ki, Ermənistan konstitusiyasına müvafiq dəyişikliyi etmədikcə Türkiyə ilə münasibətlər də məhdud səviyyəyə qədər inkişaf edəcək. Birincisi, ona görə ki, Ankara İrəvanla münasibətlərin normallaşmasında Bakının maraqlarını xüsusi nəzərə alır. İkincisi isə Ermənistan konstitusiyasında təkcə Azərbaycan yox, həm də Türkiyə ilə bağlı ərazi iddiaları var.
Azərbaycan sülhün tərəfdarıdır. Amma bu gün sülh Bakıdan daha çox İrəvana lazımdır. Çünki Azərbaycan artıq öz ərazi bütövlüyünü təmin edib və müstəqil siyasət yeridir. Ermənistan isə bir tərəfdən Qərbin, bir tərəfdən isə Rusiyanın təsiri altındadır. Hazırda iki böyük güc arasında siyasi poliqona çevrilmiş Ermənistanın gələcəkdə Ukraynanın taleyini yaşayaraq hərbi poliqona da çevrilməsi an məsələsidir. Belə bir şəraitdə Ermənistana yeni təhlükəsizlik çətiri lazımdır. Bu isə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını nəzərdə tutur. Amma Ermənistan ərazi iddialarından əl çəkdiyini konstitusiya səviyyəsində təsbit etmədikcə, bu, mümkün olmayacaq.
Beləliklə, sülh hazırda birbaşa olaraq Ermənistanın ritorikasından asılıdır. İşıq gələn tərəf konstitusiya dəyişikliyindən keçir.