İyulun 30-da Türkiyə və Ermənistanın normallaşma üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubenyan arasında növbəti, sayca beşinci görüş keçirildi. Tərəflər təxminən iki ildən sonra yenidən bir araya gəldilər.
Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsindən sonra ərazi bütövlüyünü təmin etdi və bununla da, Cənubi Qafqazda yeni reallıqlar yarandı. Bu reallıqların bir təzahürü də Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin bərpası istiqamətində işlərin başlanması idi.
Bəlli olduğu kimi, Türkiyənin Ermənistanla diplomatik münasibətlərini kəsməsinin əsas səbəbi Azərbaycan torpaqlarının işğalı faktı olub. Buna son qoyulduqdan sonra münasibətlərin normallaşmasına maneə olan əsas problem də aradan qalxdı. Yəni münasibətlərin normallaşması üçün hansısa əngəl qalmadı.
Amma rəsmi Ankaranın konkret şərtləri də var: bu proses İrəvanla Bakı arasında münasibətlərin normallaşması ilə paralel getməlidir. Başqa sözlə desək, Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirməlidir.
Hazırda Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan üçün kritik əhəmiyyətlidir. Çünki rəsmi İrəvan bu gün Rusiya ilə Qərb arasında sıxılır. Ermənistan faktiki olaraq siyasi poliqona çevrilib və gələcəkdə hərbi meydana çevrilməsi də istisna deyil. Belə bir şəraitdə Ermənistana yeni təhlükəsizlik çətiri lazımdır. Bunun üçün ən optimal variant regional əməkdaşlıq mühitinin təmin olunması, o cümlədən Türkiyə ilə münasibətlərin bərpasıdır. Bu, həm də Ermənistan iqtisadiyyatı üçün dividentlər vəd edir.
Amma Ermənistan Türkiyə ilə münasibətləri, həqiqətən, normallaşdırmaq istəyirsə, səmimi addımlar atmalıdır.
Dünənki görüşdə tərəflər arasında ciddi razılıqlar əldə olunub. Belə ki, S.Kılıç və R.Rubenyan diplomatik/rəsmi pasport sahibləri üçün qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq barədə razılığa gəliblər. Vurğulanıb ki, onlar normallaşma prosesini heç bir ilkin şərt irəli sürülmədən davam etdirməyə razı olduqlarını təsdiqləyiblər.
Eyni zamanda xüsusi nümayəndələr əvvəlki görüşlərində razılaşdırılmış məsələləri təsdiqləyiblər.
Xüsusi nümayəndələr həmçinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək barədə də razılığa gəliblər.
Bu da o deməkdir ki, Ermənistan, həqiqətən, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Amma bu, Azərbaycana qarşı ərazi iddialarının davam etməsi ilə mümkün deyil.
Türkiyə ilə Ermənistan arasında dünən əldə olunan razılıq əslində müsbət haldır. Bu prosesin gələcəkdə də davam edəcəyini düşünmək olar. Amma Türkiyə ilə Ermənistan arasında münasibətlərin indiki şəraitdə sona qədər davam etməsi mümkün deyil.
Birincisi ona görə ki, Ermənistan hərbi-siyasi təxribatlarından əl çəkmir. Bu isə Türkiyənin Azərbaycanla bağlı şərtlərinə uyğun deyil.
İkincisi, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Bu da perspektivdə yenidən “suların bulanması” və regional təhlükəsizliyə təhdid yaranması üçün ciddi əsasdır.
Üçüncüsü, konstitusiyada həm də Türkiyəyə qarşı ərazi iddiaları var. Bu da Türkiyənin milli təhlükəsizliyi üçün ciddi məsələdir.
Yəni Ermənistan təkcə Azərbaycanla yox, həm də Türkiyə ilə münasibətlərin normallaşmasına nail olmaq üçün konstitusiya dəyişikliyinə getməlidir.
Dördüncüsü, Ermənistan Türkiyə ilə bir çox hallarda əks qütblərdə olan və Ankaranın təhlükəsizlik və milli maraqlarını görməzdən gələn ABŞ və Avropa İttifaqının “çaldığı havaya oynamağa” davam edir.
Bütün bunlar onu deməyə əsas verir ki, Türkiyə sadəcə olaraq Ermənistana jest edir və əl uzadır. Ermənistan isə bu əli tutmazdan əvvəl əlini çirkdən, palçıqdan təmizləməlidir. Bu isə yuxarıda sadaladığımız məqamların reallaşmasını nəzərdə tutur.