Ermənistan sülhdən danışır, amma real addım atmır: İrəvanın ritorikasının pərdəarxası - TƏHLİL

Ermənistan sülhdən danışır, amma real addım atmır: İrəvanın ritorikasının pərdəarxası - TƏHLİL Artıq bir neçə ildir ki, Azərbaycanın xarici siyasətində yeni konsepsiyalar müşahidə olunur. Belə ki, 2020-ci ili ilə kimi prioriteti ərazi bütövlüyünün təmin edilməsi olan rəsmi Bakı indi Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq mühitinin təmin olunm
Analitika
25 Sentyabr , 2024 13:23
Ermənistan sülhdən danışır, amma real addım atmır: İrəvanın ritorikasının pərdəarxası - TƏHLİL

Artıq bir neçə ildir ki Azərbaycanın xarici siyasətində yeni konsepsiyalar müşahidə olunur. Belə ki, 2020-ci ilə kimi prioriteti ərazi bütövlüyünün təmin edilməsi olan rəsmi Bakı indi Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq mühitinin təmin olunması üçün çalışır. Xüsusilə, 2023-cü ildə birgünlük antiterror tədbirləri nəticəsində Qarabağda xunta rejiminin varlığına son qoyulandan sonra Azərbaycan Ermənistanla sülh sazişinin imzalanmasına çalışır.

Müşahidələr, hər iki tərəfdən verilən açıqlamalar da göstərir ki, münasibətlərin normallaşması istiqamətində kifayət qədər ciddi yol qət olunub. Buna baxmayaraq, deyə bilərik ki, proses məhdud səviyyəyə qədər inkişaf edəcək. Bunun əsas səbəbi isə Ermənistanın ritorikasındakı ziddiyyətlərdir. Belə ki, rəsmi İrəvan bir tərəfdən sülhdə maraqlı olduğunu deyir, digər tərəfdən isə destruktiv mövqeyini davam etdirir. Bu, onu deməyə əsas verir ki, Ermənistanın sözü ilə əməli üst-üstə düşmür.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan sentyabrın 24-də Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri və Malta Parlamentinin üzvü İan Borqla görüşü zamanı deyib ki, ölkəsi Cənubi Qafqazda sabitliyin bərqərar olmasında maraqlıdır və Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamağa hazırdır.

İndiyə kimi belə bəyanatlar dəfələrlə verilib. Tarixi təcrübə, müşahidələr onu deməyə əsas verir ki, Ermənistan rəsmilərinin səsləndirdiyi oxşar məzmunlu açıqlamalar sadəcə olaraq beynəlxalq ictimaiyyəti çaşdırmağa hesablanıb. Əks halda Ermənistan sülh sazişi ilə bağlı səmimi səylər ortaya qoyardı. Və, bəlkə də, sülh sazişi çoxdan imzalanmış olardı.

Rəsmi Bakının dəfələrlə bəyan etdiyi kimi, hazırda sülh sazişinə mane olan əsas məsələ Ermənistanın Azərbaycana qarşı davam edən ərazi iddialarıdır. Bu iddialar Ermənistan konstitusiyasında da öz əksini tapıb. Əgər Ermənistan konstitusiyasına müvafiq dəyişikliyi etməzdən əvvəl sülh sazişi imzalanarsa, gələcəkdə qarşı tərəf əsas qanuna istinad edərək yenidən Qarabağa iddialarla çıxış edə bilər. Bu isə Azərbaycanın maraqlarına uyğun deyil. Rəsmi Bakı bölgədə daimi və davamlı sülhdə maraqlıdır.

İkincisi, Ermənistan son zamanlar hərbi təxribatlarını intensivləşdirib. Müxtəlif istiqamətlərdə Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulur. Bu, gələcəkdə yeni gərginliyin yaranması ehtimalını artırır.

Üçüncüsü, Ermənistan daxilində revanşist cəhdlər güclənməkdədir. Nəinki müxalifət, həm də iqtidar nümayəndələri Azərbaycana qarşı əsassız iddialarla çıxış edir, Qarabağ məsələsini yenidən gündəmə gətirməyə çalışırlar.

Şübhəsiz ki, bütün bunlar Qərbin təsiri, təhriki və təzyiqi ilə həyata keçirilir. Bölgədə təsir imkanlarını qorumaq istəyən ABŞ və Fransa kimi dövlətlər başa düşürlər ki, mümkün sülh üçüncü qüvvələrin regiona müdaxiləsinin qarşısını alacaq. Ona görə də gərginliyin davamlı olmasına çalışırlar. Bunun üçün isə Ermənistandan istifadə olunur.

Ermənistan hakimiyyəti də başa düşür ki, regional sülhün alternativi yoxdur. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistanın dövlətçiliyi üçün yeganə ciddi təminatdır. Çünki hazırda Ermənistan Qərblə Rusiya arasında qalıb. Ermənistan üzərindən aparılan oyun isə bu dövlət üçün ciddi təhdid vəd edir. Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası, yəqin ki, bütün bunları anlayır. Buna baxmayaraq, lazımi siyasi iradə ortaya qoya bilmir.

Hər ötən gün Ermənistan hakimiyyətinin işi daha da çətinləşir. Əgər rəsmi İrəvan indi sülh istiqamətində müvafiq addımları atmasa, gələcəkdə vəziyyət daha ciddi, çətin olacaq. Odur ki, Ermənistan beynəlxalq ictimaiyyəti aldatmağa cəhd etmək əvəzinə, sülh istiqamətində real addımlar atmalıdır.

Son xəbərlər

Orphus sistemi