Ermənistanın baş naziri Nikol Paşinyan növbəti bəyanatı ilə gündəm olub. O, Qərbdən aldığı plan və tapşırıqlara uyğun olaraq anti-Rusiya ritorikasını gücləndirməkdədir. Bu gün parlamentdə çıxışında ölkə ərazisindəki Rusiya hərbçilərinin çıxarılması məsələsini gündəmə gətirib və bu istiqamətdə müvafiq bəyanatlar səsləndirib.
O bildirib ki, ölkəsi 9 noyabr 2020-ci il tarixli üçtərəfli (Azərbaycan, Ermənistan, Rusiya) bəyanata görə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı yola nəzarət etmək üçün Rusiya sərhədçilərinin iştirakı ilə bağlı öhdəlik götürməyib:
“9 noyabr tarixli sənədin 9-cu bəndində qeyd olunan müddəa o demək deyil ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin qüvvələri Azərbaycanı Naxçıvanla birləşdirən yolda olmalıdır. Rusiya sərhəd qoşunlarının Ermənistanda olması Ermənistanın həll etməli olduğu vəzifədir. Sabah Ermənistan qərar versə ki, onlar olmamalıdır, onlar da olmayacaq”.
Baş nazir son açıqlaması ilə Rusiyanın ölkə ərazisində iştirakı məsələsində mövqeyini qətiləşdirir, Rusiya sərhədçilərinin gələcəkdə İran və Türkiyə ilə sərhəddən çıxarılmasını gündəmə gətirir, aktuallaşdırır. Bu, Ermənistanın real məqsədi, əsas hədəfini üzə çıxarır. Söhbət Rusiyanın hərbi mövcudluğunun Ermənistandan tamamilə çıxarılmasından gedir.
Rusiya tərəfi dünənki bəyanatında da bu narahatlığını ifadə edib. İttihamları Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova dünənki brifinqində səsləndirib. O bildirib ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan ölkəsinin baş nazirinin Rusiya hərbçilərinin İran və Türkiyə ilə sərhədə yerləşdirilməsi zərurətinə yenidən baxılması ilə bağlı bəyanatlarına etinasız yanaşır. Qeyd edib ki, Rusiya sərhəd qoşunlarının Ermənistandakı statusunu tənzimləyən əsas sənəd müddətsiz xarakter daşıyır: “30 ildən artıqdır ki, Rusiya sərhədçiləri Ermənistanın sərhədlərini qoruyur. Onların mövcudluğuna olan tələbat xüsusən də sərhədi qanunsuz keçmənin və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını aldıqları zaman təsdiqlənib”.
M.Zaxarova onu da qeyd edib ki, Ermənistan parlamentinin spikeri belə məsələləri müzakirə etmək üçün kifayət qədər səriştəli deyil. Onun sözlərinə görə, bu məsələdə həqiqətən Ermənistanın sərhədini qoruyan, yumşaq kreslolarda oturmayanlara söz vermək lazımdır.
Şübhə yeri yoxdur ki, Rusiya sərhədçilərinin çıxarılması tələbini Ermənistan hökuməti qarşısında Qərb, xüsusilə Birləşmiş Ştatlar qoyub. Ermənistana şirnikləndirici vədlər verilir, hətta USAİD kimi yardım agentlikləri tərəfindən milyonlarla dollar ayrılır.
Bu çirkin planın əsası isə bu il aprelin 5-də qoyulub və artıq reallaşmaq üzrədir. Qeyd edək ki, Brüsseldə üçtərəfli ABŞ-Avropa Komissiyası-Ermənistan görüşündə qonşu dövlətə hərtərəfli yardımlar ayrılması qərara alınıb. Rəsmi Bakı etirazında bəyan etdi ki, görüş bölgədə sülh və təhlükəsizlik baxımından inklüziv deyil, Ermənistan sabitlik əleyhinə addımlarla şirnikləndirilir, gözlənilən neqativ nəticələr üçün məsuliyyət İrəvan və onun bu format üzrə tərəfdaşlarının üzərinə düşür. Dəqiq mövqedir.
Təəccüblü olan məqam odur ki, adətən Azərbaycanla İsrail arasında hər hansı bir xırda razılaşmaya reaksiya verən İran bu üçtərəfli razılaşmaya reaksiya vermədi. Sadəcə, İran İrəvandakı səfirinin dili ilə ümumi, qorxaq, müqəssiri dəqiq göstərməyən bəyanatla kifayətləndi.
Bu hələ harasıdır? Ardınca daha təhlükəli xəbər yayıldı. Azərbaycan mediası öz mənbələrinə istinadən Zəngəzurda ABŞ hərbi texnika və heyətinin yerləşdiyi barədə sensassion xəbərlər və fotolar paylaşdı. Bu da Blinkenin “üçtərəfli görüş Cənubi Qafqazda sülh və əmin-amanlıq yaratmağa xidmət edir” bəyanatını alt-üst etdi. Bəlli oldu ki, ABŞ-nin məkrli planı Qafqazda sülh deyil, onu savaş meydanına çevirməkdir. Belə anlaşılır ki, aprelin 5-də törədilmiş Brüssel təxribatının müəllifləri - ABŞ və Aİ həmin qapalı toplantıda imzalanmış sənədlərin məxfi məzmun daşıyan hissəsinin icrasına artıq başlayıblar. Əldə edilən məlumatlara görə, ABŞ həmin məxfi anlaşmaya uyğun olaraq Ermənistan ordusu üçün müasir silahlar daşımaqdadır.
Ermənistan ordusuna verilən və ABŞ-də istehsal olunan yeni silahların hücum xarakteri daşıdığı və eyni zamanda, kəşfiyyat fəaliyyəti üçün nəzərdə tutulduğu da bildirilir. Və bütün bunlar Qərbin Ermənistandan bir çox istiqamətlər üzrə istifadə etməyə qərar verdiyini göstərir.
Bəzi məlumatlara görə, ABŞ buna qədər Ermənistan ordusuna indi İrəvana daşınan silahlardan istifadə məqsədilə təlimlər keçirib. Üstəlik, ABŞ-nin təlimlərinin nəticələrini müəyyən etmək üçün Ermənistan ordusu Azərbaycanla sərhəd bölgələrində vaxtaşırı hərbi təxribatlar da törədib.
Göründüyü kimi, ABŞ və Qərb Cənubi Qafqaz üzərində olduqca təhlükəli və məkrli hərbi ssenarilər qurmağa başlayıb. ABŞ hərbi kontingenti artıq Ermənistana - Zəngəzura yerləşdirilib. Yəni ABŞ-nin Ermənistanda hərbi bazası qeyri-leqal şəkildə fəaliyyətə də başlayıb. Və belə anlaşılır ki, ABŞ Ermənistan ərazisindən İrana qarşı da istifadə etmək niyyətinə düşüb.
Son olaraq qeyd edək ki, ABŞ Ermənistanı ağuşuna almaqla, ona dəstək verməklə Rusiya orbitindən uzaqlaşdırmağa çalışır. Bu, faktdır. Lakin unudur ki, kimlə iş görür. Ermənistan üçün müttəfiq anlayışı sadəcə mövcud deyil. Belə olmasaydı, mövcudluğuna görə qarşısında diz çökməli, hətta sitayiş etməli olduğu Rusiyaya xəyanət etməzdi. Necə deyərlər, bir dəfə satan, növbəti dəfə də bu addımı atacaq.