Ermənistan bir neçə gündür Qarabağa "humanitar yük” göndərmək ətrafında çirkin kampaniyaya start verib və özünəxas formada şou yaratmağa çalışır. Süni gərginlik yaradıb beynəlxalq diqqəti özünə cəlb etməklə yanaşı, “humanitar yük” adı altında Azərbaycana qarşı sərhəd təxribatı aparmağa çalışır. Erməni lobbisi və havadarlarının köməyi ilə Azərbaycana qarşı təzyiq kampaniyasında Fransa və Avropa İttifaqına daxil olan digər dövlətlərin köməyinə ümid edir. Əvvəla, Ermənistan və havadarlarının Azərbaycana qarşı digər təzyiq vasitələri kimi, bu cəhdi də uğursuzluğa düçar olacaq. Çünki Azərbaycanın mövqeyi beynəlxalq hüquqdan qaynaqlanır. Məsələnin digər tərəfi ondadır ki, Ermənistan ən yüksək səviyyədə Azərbaycan ərazisi kimi tanıdığı Qarabağa humanitar yük göndərmək barədə Bakıya hər hansı bir müraciət etməyib. Bu səbəbdən də haqlı olaraq sərhəddə yaşananlar planlaşdırılmış təxribat hesab olunmalıdır.
Digər bir məsələ isə ondan ibarətdir ki, Qarabağda yaşayan ermənilərin humanitar ehtiyaclarının təmin edilməsi üçün Azərbaycan Ağdam-Xankəndi marşrutu təklifini irəli sürüb. Ermənistanın baş naziri Nikol Paşinyan da Brüsseldə keçirilən son görüşdə buna razılıq verib. Azərbaycan və Ermənistan liderlərinin danışıqlarından sonra bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də rəsmən bəyan edib. Maraqlıdır, görəsən, həmin danışıqlar ərzində Ermənistan nədən indiki kimi yüklərin Laçın yolu ilə keçməsində israr etmirdi? Deməli, bu, planlaşdırılmış təxribatdır.
Yeri gəlmişkən, Ermənistanı daha çox özündən çıxaran hal ondan ibarətdir ki, Qarabağda sülhyaratma missiyasını yerinə yetirən Rusiya və daha çox onun mediası, siyasiləri “problem”ə diqqət yetirmir. Ermənistan mediasında dərc olunan materiallarda Rusiya mediasının Qarabağda yaşananlara biganəliyi qabardılır. Rusiyanın populyar qəzetləri – “Pravda”, “İzvestiya”, “Komsomolskaya pravda” kimi nəşrlərində Qarabağla bağlı hər hansı bir xəbərin dərc edilməməsi sərt tənqid edilir. Rusiya mediasının bu susqunluğu hətta “ölüm sükutu” kimi qələmə verilir. Ermənistan hətta ona yaxınlığı ilə seçilən “Regnum”u tənqid etməkdən də çəkinməyib. Nəşrdə son səkkiz ayda Qarabağla bağlı bir xəbər belə getmədiyi tənqid olunur. Maraqlı olan həm də odur ki, bu tip məlumatların getməməsində “Azərbaycanın dostu Mixail Qusmanın əli” olduğu iddia edilir. “Hər halda bu şəxs TASS-ın baş direktorunun müavinidir”, - deyə erməni mediası yazır. Buna səbəb kimi “maraqlı arqument” də irəli sürürlər - “ya Rusiya KİV-nin ermənilərə marağı azalıb, ya da Azərbaycan haqqında pis nəsə yazmaq olmaz”. Erməni mediasının ortaya qoyduğu arqument maraqlıdır. İddia edirlər ki, bu məsələdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə dostluğu da mühüm rol oynayır. “Belə təəssürat yaranır ki, Moskvada Ermənistan və Qarabağda vəziyyət barədə məlumatları Rusiya XİN-in rəsmisi Mariya Zaxarova və yaxud Ermənistandakı relokantları (Ermənistanda yaşayan Rusiya vətəndaşları) vasitəsilə xəbər tutur”, - erməni mediası yazır.
Rusiyanın Ermənistana biganə və laqeyd münasibətini erməni politoloqları da xüsusi vurğulayırlar. Məsələn, politoloq Artur Xaçikyan Laçın yolundan ermənilərin yoxlama olmadan keçmələrində Rusiya və Qərbin fəaliyyətsizliyini qabardır. Onun sözlərinə görə, Rusiya Azərbaycana bu məsələdə təzyiq göstərməlidir. Rusiyanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə də günahlandırıb. Ümidsiz vəziyyətdə “Ermənistanın heç kimə lazım deyil, maraq kəsb etmir” deyib. Bunun səbəbini də Ermənistan hakimiyyətinin qərbyönümlü, anti-Rusiya siyasətinin nəticəsi olduğunu deyib. Rusiyanı öz funksiyalarını yerinə yetirməməkdə ittiham edən politoloq “ruslar Qarabağdan çəkilsə, bu, rusların bizim təhlükəsizliyimizə təminat verə bilmədiyi və Ermənistanı tərk etməli olduğu faktı kimi təqdim olunacaq” deyib.
Bəs Ermənistan hakimiyyətinin media və siyasiləri vasitəsilə iddia etdikləri bu ittihamların əsası varmı? Sözsüz ki, Rusiya baş verənlərdən çox gözəl xəbərdardır və susqunluq nümayiş etdirməsinin də səbəbləri var. Birincisi, Kreml bölgədə baş verən hadisələri və “humanitar yük” adı ətrafında ermənilərin qaldırdığı hay-küyü gözəl başa düşür. Bu şou sadəcə Rusiyanın bölgədən sıxışdırılıb çıxarılması və Qarabağda rus sülhməramlılarını fəaliyyətsizlikdə ittiham etmək üçün hazırlanmış sыenari hesab edilir. İkincisi, Rusiya mediasının bu mövqeyi heç də Azərbaycanın mövqeyindən çıxış etməsi ilə bağlı deyil. Kremlə yaxın media Qarabağı “Dağlıq Qarabağ” kimi qələmə verməklə yanaşı, Qarabağda Azərbaycan vətəndaşı olan ermənilərin guya problemlər yaşadıqlarını irəli sürüb. İndi də “humanitar şou”ya diqqət ayırmaması sadəcə erməni sevgisini itirməsi ilə bağlı deyil. Sadəcə müəyyən əmr və göstəriş gözləyir. Kreml strateqlərinin susqunluğu həm də bölgədə ciddi oyunların getməsi ilə bağlıdır. Qərb artıq bu istiqamətdə planını işə salıb və hər vəchlə onu reallaşdırmağa çalışır.
Beləliklə, növbəti dəfə Ermənistan və havadarları Qarabağda “humanitar böhran”, “fəlakət” yaşandığını iddia edərək siyasi manipulyasiya ilə məşğul olmaqdadır. Ziddiyyətli bəyanatlar verərək gah Qarabağın Azərbaycan ərazisi olduğunu bildirir, gah da bölgədə qeyd olunan gərginliyi yaratmağa çalışır. Bu da onun qeyri-müəyyən və sözünün üstündə durmayan dövlət olduğunu bir daha təsdiqləyir.