Ermənistan ordusunda xaos hökm sürür: əsgər qətli, intiharlar, təxribat

Ermənistan ordusunda xaos hökm sürür: əsgər qətli, intiharlar, təxribat Ordu dövlətin əsas atributlarından biri, hakimiyyətin və cəmiyyətin güzgüsüdür.
Analitika
13 Dekabr , 2021 15:51
Ermənistan ordusunda xaos hökm sürür: əsgər qətli, intiharlar, təxribat

Ordu dövlətin əsas atributlarından biri, hakimiyyətin və cəmiyyətin güzgüsüdür. Ordu bir ölkənin lakmus kağızıdır. Onun vəziyyəti ilə cəmiyyətin və hakimiyyətin halını müəyyən etmək olar.

Ötən il 44 günlük müharibə zamanı aldığı zərbədən işğalçı Ermənistan ordusu hələ də təşkilatlana bilmir. Müharibə bitəndən sonra 4 müdafiə nazirinin dəyişməsi bunu bir daha sübut edir. Qeyd edək ki, müharibə zamanı Ermənistanın müdafiə naziri postunu David Tonoyan tuturdu. O, 2020-ci il noyabrın 20-də işdən çıxarılıb. Həmin vəzifəyə Vaqarşak Arutyunyan təyin olunub. O, 2021-ci il iyulun 20-də vəzifəsindən azad olunub. Həmin il avqustun 2-də Arşak Karapetyan Ermənistanın müdafiə naziri təyin olunmuşdu. Noyabrın 15-də o, vəzifəsindən uzaqlaşdırılaraq yerinə Baş nazirin müavini Suren Papikyan təyin olunub. Onun da dəyişdiriləcəyi barədə söz-söhbət gəzməkdədir. İddia edilir ki, Suren Papikyan Ermənistan Silahlı Qüvvələrində narazı və hökumətə qarşı olanları təmizləməklə məşğul olacaq. Bu səbəbdən onun ordu ilə deyil, daha çox ölkədaxili siyasətlə məğul olduğu bildirilir. Bu isə Ermənistan ordusunda hərc-mərcliyin davam etdiyini deməyə əsas verir.

Son günlər Azərbaycan sərhədində törədilən təxribat və erməni əsgərlər arasında qarşıdurma da bunu təsdiqləyir. İki ölkə arasında atəşkəslə bağlı razılaşama olmasına baxmayaraq, Ermənistan hərbçiləri sərhəddə Azərbaycan əsgərinə hücum edir, yaxud Ermənistan vətəndaşları təxribat törətmək üçün Azərbaycan ərazisinə keçir. Rəsmi İrəvan bu başıpozuqluğu müxtəlif bəhanələrlə ört-basdır etməyə cəhd edir. Ancaq Ermənistan ordusunun mənəvi cəhətdən aşındığı göz önündədir. Dekabrın 9-u və 11-də yayılan iki xəbər bunu bir daha sübut edir. Dekabrın 9-da Ermənistan ordusunun hərbçisi öz əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində yaralanıb. Məlumata görə, dekabrın 8-də gecə saatlarında 2003-cü ildə anadan olan sıravi əsgər Senik Saakyan hərbçi yoldaşının açdığı atəş nəticəsində yaralanıb: “Hərbçinin vəziyyəti çox ağırdır”. Dekabrın 10-da isə Ermənistanda hərbi hissədə silahlı insident olub: bir hərbçi ölüb, 2-si yaralanıb. Hadisə Ermənistanın cənubunda yerləşən hərbi hissələrdən birində baş verib. Kimliyi açıqlanmayan əsgərin açdığı atəş nəticəsində 2002-ci il təvəllüdlü Senik Arzumanyan ölüb. Həmin hərbçiyə qarşı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə və hərbi hissədə qəsdən adam öldürməyə cəhd maddələri ilə cinayət işi açılıb. Dekabrın 13-də Ermənistan Silahlı Qüvəllərinin bir qrup yüksək rütbəli zabiti barəsində həbs qətimkan tədbiri seçilib. Ordunun deqradasiyası ölkədəki siyasilər tərəfindən də tənqid edilir. Deputat Tiqran Abrahamyan bildirib ki, silahlı qüvvələrdə baş verənlər kompleks problemlərin nəticəsidir. Onun sözlərinə görə, əsgərlərin intiharı, öz yoldaşlarını güllələyərək öldürməsi, təhlükəsizlik qaydalarına əməl edilməməsi kimi hadisələr nəticəsində baş verən ölüm halları orduda nizam-intizamın olmamasından xəbər verir. T.Abrahamyan iddia edir ki, Müdafiə Nazirliyi və Baş Qərargah daha çox daxili siyasət xarakterli işlərlə məşğul olduqlarından ordudakı problemləri həll etməyə vaxtları olmur.

Deməli, orduda baş verən hadisələr Ermənistandakı vəziyyətin güzgüsüdür. Siyasi qüvvələr daxilində hakimiyyət uğrunda çəkişmələrin silahlı qüvvələrə də nüfuz etdiyi istisna edilmir. Ötən il Ermənistan ordusunda generallar və yüksək rütbəli zabitlərin Baş nazir Nikol Paşinyanın istefasını tələb etməsi də bunu isbatlayır. Həmin zabitlərin böyük bir hissəsi hələ də ordu sıralarında xıdmət edir. Ordunun siyasi intriqalara qarışması silahlı qüvvələrin vahid komandanlığının zəif olduğunu deməyə əsas verir. Bu isə öz növbəsində sərhəddə təxribatlara, əsgərlər arasında nizam-intizamın zəif olmasına təsir göstərir. Belə çıxır, Ermənistan ordusunda ikihakimiyyətlilik mövcuddur. Onlardan birinin Ali Baş Komandanı Nikol Paşinyandır, o birinki isə hakimiyyətə bağlı deyil. Elə Tiqran Abrahamyan da orduda baş verən pozuculuq hadisələrinin bəzilərinin səbəbini açıqlamaq istəmədiyini bildirib. Bu da Ermənistan ordusunda başqa əllərin olduğundan xəbər verir. Ölkə iqtidarı və müxalifəti də oxşar vəziyyətdədir. Hökumət Rusiya ilə Qərb arasında vurnuxur, müxalifət isə revanş üçün Moskvanın dəstəyinə arxalanır. Cəmiyyətin güzgüsü olan Ermənistan ordusu həm də hakimiyyətin və cəmiyyətin törəməsidir.

Son xəbərlər

Orphus sistemi