Bakı. 22 iyun.
Ermənistan Dağlıq Qarabağ və ətraf rayonları işğal etdiyindən, Azərbaycan üçün düşmən dövlət sayılır. Deməli, bu torpaqların işğalda saxlayan ordu da işğalçıdır.
2016-cı ilin aprel döyüşlərində Azərbaycan hərbçiləri işğalçı ordunun “gücünü, qüdrətini” ifşa etməklə, Ermənistan Silahlı Qüvvələri barədə mifi dağıtdı. M.Qriqoryanın əməlləri isə bu ordunun və onun rəhbərlərinin mənəviyyatını açıb göstərdi. Onda Ermənistan ordusunun hərbçilərinin, zabit-əsgər korpusunun bütün ortaq cəhətləri cəmləşib.
Keçmiş Yuqoslaviyanın serb generalları Srebrenitsa soyqırımına görə, Beynəlxalq Haaqa Məhkəməsində mühakimə edildilər. Manvel Qriqoryan da Xocalıda və Azərbaycanın işğal altında olan başqa torpaqlarında törətdiyi vəhşiliklərə, cinayətlərə görə Haaqa Məhkəməsində mühakimə ediləsi çoxsaylı erməni hərbi cinayətkarlarından biridir. Öz hərbçilərinin payını oğurlayan bu general Xocalıda qadın, uşaq və qocalara verdiyi işgəncələrlə yadda qalıb. Dünya birliyi, Beynəlxalq Məhkəmə onun kimi erməni generallarının törətdiyi cinayətləri cəzasız qoyub.
Manvel Qriqoryan 1956-cı ildə Eçmiədzinin Arşaluys kəndində doğulub. Yerevan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Azərbaycan torpaqlarının qanlı işğalının fəal iştirakçılarındandır. O, Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıdan birini dörd il evində qul kimi saxladığını etiraf edib. M.Qriqoryanın dəstəsi Dağlıq Qarabağda azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib. O, Ermənistan silahlı qüvvələrinin hərbçisi kimi işğal altında olan Dağlıq Qarabağ bölgəsində müxtəlif hərbi hissələrdə komandirlik edib, Ermənistan ordusunda korpus komandiri işləyib. 1996-cı ildə general-mayor, 2000-ci ildə general-leytenant ali hərbi rütbəsi alıb. 2000-2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub. 2012 və 2017-ci illərdə Ermənistan Respublika Partiyasının proporsional siyahısından parlamentin deputatı seçilib. “Yerkrapa” könüllülər birliyinin sədridir. O, həbs olunduqdan sonra bu ictimai birliyə sədrlik etmək istəyən belə yoxdur. M.Qriqoryanın həbsindən sonra oğlu Eçmiədzin şəhər meri Karen Qriqoryan tutduğu vəzifədən istefa verib.
İyunun 16-da Milli Təhlükəsizlik Xidmətinin tutduğu M.Qriqoryan qanunsuz silah-sursat saxlamaqda, özgə əmlakını talamaqda təqsirli bilinir. Ona məxsus ev və ərazilərdən külli miqdarda silah-sursat, hərbi və xüsusi texnika, cəbhə bölgəsi üçün yığılmış tibbi ləvazimat, ərzaq aşkarlanıb. Onun “Əsgər payı” adlı ət konserv bankalarının bir hissəsini Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində gizlətdiyi məlum olub. Bildirilib ki, iyunun 20-də Dağlıq Qarabağda M.Qriqoryanın zəbt etdiyi “Ara ler” adlandırılan ərazidə axtarış-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində həmin yerdən ət konserv bankaları ilə yanaşı, satış üçün nəzərdə tutulmayan başqa ərzaq məhsulları və mallar aşkarlanıb. Deputatın ailəsi cinayətkarlıqla məşğul olub. Ermənistanın keçmiş müdafiə nazirinin müavini, deputat Manvel Qriqoryanın həyat yoldaşı Nazik Amiryan əsgərlər üçün nəzərdə tutulan 3 minə yaxın ət konserv bankasını gizlətməyə cəhd edib. Müdafiə nazirinin keçmiş müavininin törətdiyi əməllər o qədər iyrəncdir ki, hətta, vəkil Qrant Ananyan ona hüquqi yardım göstərməkdən imtina edib. Xocalı soyqırımı həmmüəlliflərindən biri olan M.Qriqoryanla bağlı cinayət işində keçmiş müdafiə naziri Seyran Ohanyanın da adı hallanır. 2016-cı ilin aprel döyüşləri zamanı məlum olub ki, erməni silahlılarının yemək, geyim və digər təlabat mallarına ehtiyacı var. Onda ermənilər sosial şəbəkələrdə yaydığı plakatlarda orduya lazım olan ərzaq və başqa ləvazimatların toplanmasına başlamışdılar. O vaxt yayılan elanlarda bildirildi ki, orduda ilkin tibbi yardım çantalarına, yataq ləvazimatına, ədyal, su üçün qab, corab, alt paltarları, içməli su, şirələr, kolbasa, çay, qəhvə, konservləşdirilmiş ət və s. ehtiyac var.
Bu ölkədə hakimiyyətə gələnlər Dağlıq Qarabağ kartından istifadə edərək, illərdir ABŞ, Rusiya, Fransa və Çindən müxtəlif layihə adı ilə maliyyə vəsaiti və başqa yardımlar alırlar. Erməni ekspertləri isə dəfələrlə bu yardımların başqa məqsədlərə sərf edildiyini bəyan ediblər. İyunun 13-də Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanı Dövlət Gəlirlər Komitəsi istintaqa çağırıb. O, dövlət sifarişləri və hərbi obyektlərin tikilməsi sahəsində baş verən qanun pozuntularına görə cavab verməlidir. Orduda törədilən qanun pozuntularına görə keçmiş müdafiə naziri ilə yanaşı, başqa sabiq məmurlar və hazırda orduda xidmət edən şəxslər də istintaqa cəlb ediliblər. S.Ohanyan 2008-ci il aprelin 14-dən 2016-cı il oktyabrın 3-dək Ermənistanın müdafiə naziri olub.
"Transparency International"ın Antikorrupsiya Mərkəzinin 2016-cı ilin fevralında yaydığı hesabatda bildirilirdi ki, keçirilən yoxlama zamanı Ermənistanın Müdafiə Nazirliyində böyük məbləğdə maliyyə vəsaitlərinin təyinatı üzrə xərclənmədiyi məlum olub: "Müdafiə naziri və nazirliyin ayrı-ayrı əməkdaşları maliyyə fəaliyyəti şəffaf olmayan bir sıra ticarət mərkəzlərinin sahibidir, yaxud aksiyalarda payları var".
Hesabatda qeyd edilirdi ki, nazirin ailə üzvləri, yaxınları yoxlama aparan məmurları "dilə tutur", onlardan qanun pozuntularına göz yummalarını istəyirlər. Deməli, Manvel Qriqroyanın və Seyran Ohanyanla bağlı çoxlu sayda cinayət faktlarının olduğu məlum imiş. Ancaq onlara cinayət işinin başlanmasına keçmiş prezident və 30 günlük baş nazir Serj Sarqsyan mane olurmuş.
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə 86 dəfə qanunsuz gələn Britaniya krallığı lordlar palatasının üzvü baronessa Koks da Manvel Qriqoryanın ən yaxın tanışlarından olub. İngilis baronessanın Qarabağa gəlişində onu Qriqoryan müşayiət edib. Bu həm də o deməkdir ki, baronessa Qriqoryanın törətdiyi cinayətlərə ortaqdır və onun himayədarıdır. Onda belə nəticəyə gəlmək olar ki, kokslar, Ermənistanın Dağlıq Qarabağı işğalını müdafiə edənlər, Xocalı soyqırımına göz yumanlar Manvel Qriqoryanla əməkdaşlıq ediblər. Bu isə generalın ordudan oğurladığı payları pula çevirərək, Ermənistanın xaricdəki himayədarlarına rüşvət verdiyini ehtimal etməyə də əsas verir. Bu həm də həmin himayədarların erməni məktəblisinin orduya etdiyi yardımı mənimsəməsi deməkdir. Bir neçə ay əvvəl “Tsarukyan” blokundan deputat Napoleon Əzizyan Ermənistan ordusunu belə xarakterizə etmişdi: “Ermənistan ordusu döyüş qabiliyyətini ancaq Rusiyanın hesabına saxlayır. Bu gün bizim döyüş qabiliyyətli ordumuz var fikri sizə nəsə demir? Bu cür məhdud büdcə şəraitində döyüş qabiliyyətli ordumuzun olmasında Rusiya faktoru əsas rol oynayır”.
Beləliklə, Qriqoryan məsələsi Ermənistan ordusunun mövcud vəziyyətinin göstərdi. Bu ölkənin hərbçilərinin mənəvi cəhətdən deqradasiya olduğu aşkarlandı. Bir daha məlum oldu ki, yalnız belə mənəviyyata sahib bir ölkə qonşu dövlətin torpaqlarına göz dikib, onu işğal altında saxlayar. Yeri gəlmişkən, Seyran Ohanyan, Serj Sarqsyan, Manvel Qriqoryan Azərbaycan torpaqlarında törətdikləri vəhşilikləri özbaşına etməyiblər. Deməli, onların ordudakı oğurluğundan Rusiya da xəbərsiz olmayıb. Oğruluq etmələri Kremlin onlara təzyiq etməsi üçün vasitə də olduğunu ehtimal etmək olar. Rusiyanın Seyran Ohanyanı, Serj Sarqsyanı dolayı yolla, gizlincə də olsa, müdafiə etdiyi hiss edilir. Onda təbii olaraq, belə bir sual yaranır - Manvel Qriqroryan Moskvanın müdafiə çətiri altına gətiriləcəkmi?! Axı, keçmiş nazir müavinin də o biriləri kimi Rusiyanın 366-cı motoatıcı alayının tərkibində Xocalı soyqırımını törədənlərdəndir. Ermənistan KİV-in yaydığı məlumata əsasən, bu ölkədə sosial vəziyyət gün-gündən ağırlaşır. “Paşinyan inqilabı” ilə onu düzəltməyə, yaxud parçalanmış cəmiyyəti birləşdirməyə çalışırlar. Adətən belə vəziyyətdə bir günah keçisi də tapılır və bütün günahları onun boynuna qoyulur. Bu dəfə Ermənistanda hələ ki iki günah keçisi tapılıb Serj Sarqsyan və Manvel Qriqoryan.