Ermənistan növbəti dəfə KTMT-ni boykot etdi - İrəvan gələn ay bloku tərk edə bilər - ŞƏRH

Ermənistan növbəti dəfə KTMT-ni boykot etdi - İrəvan gələn ay bloku tərk edə bilər - ŞƏRH Sentyabrın 1-dən 6-na kimi Belarusda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Döyüş qardaşlığı” adı altında təlimləri keçiriləcək. Üzv dövlətlərdən Rusiya, Tacikistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Özbəkistanın iştirak edəcəyi təsdiql
Analitika
24 Avqust , 2023 17:24
Ermənistan növbəti dəfə KTMT-ni boykot etdi - İrəvan gələn ay bloku tərk edə bilər - ŞƏRH

Sentyabrın 1-dən 6-na kimi Belarusda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Döyüş qardaşlığı” adı altında təlimləri keçiriləcək. Üzv dövlətlərdən Rusiya, Tacikistan, Qazaxıstan, Belarus və Qırğızıstanın iştirak edəcəyi təsdiqlənsə də, Ermənistan növbəti dəfə tədbirə qatılmaqdan imtina edib. Rusiya mediası yazır ki, İrəvan bununla artıq neçənci dəfədir ki, təşkilatın təlim və toplantılarını boykot edir. Bununla da, Ermənistanın təşkilatdan çıxması yenidən aktiv şəkildə gündəmə gətirilir. Erməni mediasında yer alan xəbərlərdə hətta konkret tarix də göstərilir. İddia olunur ki, Ermənistanın "Kollektiv Qərb"in təzyiqləri altında sentyabrın 13-də KTMT-dən çıxacaq. Xəbərlərə görə, bu təşkilatın İkinci Qarabağ müharibəsi və sonrakı müddətdə “passivliyi”ndən tutmuş bir çox məsələlər səbəb kimi göstərilir.

Ermənistan rəsmilərinin də dəfələrlə bu təşəbbüsü qaldırdıqlarını nəzərə alsaq, o zaman məsələni ciddi qarşılamaq olar. Rusiyaya yaxınlığı ilə seçilən və baş nazir Nikol Paşinyana müxalifliyi ilə diqqət çəkən “Qolos Armenii” qeyd edir ki, hakimiyyət kuluarlarında KTMT-də fəaliyyətin dondurulması barədə danışılır. Erməni tərəfinin iddiasına görə, 2022-ci il sentyabr hadisələri zamanı “Putin NATO”sundan lazımi dəstəyi görmədilər.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bəyanatını da yada salaq. Onun sözlərindən bəlli olmuşdu ki, hakim elita 2022-ci il sentyabr hadisələrindən sonra KTMT-ni tərk etməyi müzakirə edib. Erməni nəşri yazır ki, Qərb dövlətləri də kollektiv şəkildə Ermənistanın qurumu tərk etməsinə çalışır. Maraqlıdır ki, erməni tərəfi Laçın yolu ətrafında qaldırılan hay-küy kampaniyasında da KTMT və Rusiyanın rolunu kəskin tənqid edir. Nikol Paşinyanın təbliğat maşını bu fonda bütün gücü ilə Rusiya sülhməramlılarının üstünə düşüb. Belə bir tezis ortaya atılıb ki, Ermənistanın KTMT-ni tərk edəcəyinin ardınca Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının çıxarılması da gündəmə gətirilməlidir. Rusiyaya yaxınlığı ilə seçilən medianın qənaətincə, bundan sonra Qərb Ermənistanı silahla təchiz etməyə başlayacaq. Ukraynada olduğu kimi. Lakin bu da Ermənistan üçün ciddi risklər deməkdir.

Erməni tərəfinin Ukrayna analogiyasını həyasızlığın pik həddi hesab etmək olar. Ukrayna Rusiya işğalı ilə mübarizə aparır. Ermənistan isə suveren dövlətin ərazisinə müdaxilə edib. Qarşı tərəf də beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq ərazi bütövlüyünü bərpa edir. Bu səbəbdən də Azərbaycan və Ukraynanı birləşdirən ümumi dəyərlər var.

Yeri gəlmişkən, Rusiya nəzarəti altında olan erməni nəşri maraqlı bir məsələyə toxunub. KTMT-dən çıxmağın fəsadlarını analiz edən nəşr “Rəsmi İrəvan başa düşmür ki, Ermənistan KTMT-ni tərk etdikdən və Gümrüdəki 102-ci bazanın ləğvindən sonra Qərbin ona və Qarabağa marağı itəcək. Hər iki ərazi Bakı və Ankaranın himayəsinə düşəcək” deyə yazıb. Burada bir məsələyə də xüsusi diqqət yetirilir. Söhbət ABŞ-a Ermənistan ordusunun baş qərargah rəisi Eduard Asryanın və TŞ sədri Armen Qriqoryanın səfərlərindən gedir. Hər iki səfərdə erməni ordusunun Amerika standartlarına uyğunlaşdırılması müzakirə mövzusu olub. Bu da anti-KTMT düşərgə tərəfdarlarına dəstəkdən xəbər verir.

Rusiya mediasında Ermənistanla yanaşı, Qırğızıstanın da antirusiya fəaliyyəti kəskin tənqid edilib. “KTMT-də parçalanma - daha bir müttəfiq Rusiyanın kürəyinə xəncər vurur” başlıqlı məqalədə Ermənistanın ardınca Qırğızıstanın Rusiyaya zərbə vurmağa hazırlaşdığı vurğulanır. Qeyd edilir ki, belə getsə, KTMT ayrı-ayrı üzvlərin qərarları səbəbindən fəaliyyətini dayandıracaq. “Nəzərə alsaq ki, Ermənistan baş naziri Nikol Paşinyan indi Rusiyadan çox ABŞ, Fransa və Böyük Britaniyaya qulaq asır, Tacikistan isə Moskvanın əleyhdarları ilə "flört" etməkdən çəkinmir, bu halda KTMT-nin taleyi həyəcanlı olur. Böyük bir qarışıqlıq olarsa, yalnız Belarusun Rusiya Federasiyası ilə eyni səngərdə olacağı ehtimalı yüksəkdir. Səhv etməkdən məmnun olarıq”, - deyə Rusiyanın “vrubcovske.ru” portalı yazır.

Qeyd edək ki, rəsmi Bişkek son illərdə Rusiyanın Mərkəzi Asiyada əsas müttəfiqi olub. Yayılan məlumatlara görə, avqustun 18-də Bişkekdə Qırğızıstanın hərbi kəşfiyyatı ilə Ukraynanın Baş Kəşfiyyat İdarəsi arasında informasiya təhlükəsizliyi, ərazi bütövlüyünə təhdidlərə qarşı mübarizə, informasiyanın mühafizəsi və hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Bundan əlavə, tezliklə onun ərazisində Türkiyənin “Bayraktar TB2” və “TB3” pilotsuz uçuş aparatları üçün komponentlərin istehsalı zavodu yaranmalıdır. Bu məhsulların əsas istehlakçılarından biri isə Kiyev olacaq. Hazırda Bişkekdə Qırğızıstan vətəndaşları ilə Ukraynanın Baş Kəşfiyyat İdarəsi arasında üçüncü dövlətlər ərazisində əməkdaşlığın kriminallaşdırılmasına dair qanun layihəsi hazırlanır.

Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, Rusiyanın ən iri hərbi təşkilatı böhranlı günlərini yaşayır. İrəvan və Bişkekin fəaliyyəti bu ehtimalı daha da gücləndirir.

Son xəbərlər

Orphus sistemi