Ermənistanla Rusiya arasında münasibətlər pisləşən templə davam edir. Bunun əsas səbəbi Ermənistanın baş naziri Nikol Paşinyanın qərbmeyilli siyasət aparmasıdır. Belə ki, Ermənistanın mövcud hakimiyyəti ABŞ, Fransa kimi Qərb dövlətləri ilə əlaqələri gücləndirməklə yanaşı, həm də Rusiyadan uzaqlaşır. Bu isə rəsmi Moskvanın regiondakı təsir imkanlarının Qərbə satılması deməkdir.
Ermənistanın Rusiyadan uzaqlaşması özünü bu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilindəki əməkdaşlıqda da göstərir. Belə ki, həm Paşinyan, həm də digər rəsmilər dəfələrlə KTMT ilə bağlı tənqidi fikirlər səsləndiriblər.
Hələ bir neçə ay əvvəl, daha dəqiq desək fevralda Paşinyan Ermənistanın KTMT daxilindəki fəaliyyətini de-yure dayandırdığını elan etmişdi. O, həmin vaxt bunun du-yure ola biləcəyini də istisna etməmişdi.
Həmin vaxtdan bu yana rəsmi İrəvan KTMT-nin tədbirlərində, o cümlədən hərbi təlimlərində iştirakdən imtina edir. Bu, artıq adət halı alıb.
İyun ayında parlamentdə çıxışı zamanı isə hökumət başçısı söyləmişdi ki, növbəti addım KTMT-dən çıxmaq olacaq.
Beynəlxalq “Gallup” Assosiasiyasının Ermənistandakı rəsmi nümayəndəliyi iyulun 10-da məlumat yayıb ki, Ermənistanın KTMT-də qalmasını əhalinin cəmi 17 faizi istəyir.
“Ermənistan vətəndaşlarına ölkənin hansı təşkilata - KTMT-yə, yoxsa NATO-ya üzv olması ilə bağlı sual verilib. Respondentlərin 44,3 faizinin fikrincə, Ermənistan neytral ölkə olmalıdır. Bununla yanaşı, rəyi soruşulanların 16,9 faizi KTMT-yə, 29 faizi isə NATO-ya üzvlüyü dəstəkləyib. Fevral ayından bəri KTMT tərəfdarlarının sayı 10 faiz azalıb, ölkənin NATO-ya üzv olmasını istəyənlərin sayı isə 7 faiz artıb”, - deyə assosiasiyanın yerli nümayəndəsi Aram Navasardyan bildirib.
Həmçinin rəyi soruşulan vətəndaşların 56,7 faizi Ermənistanın Avropa İttifaqına daxil olmasının lehinə, 32,8 faizi isə əleyhinə çıxıb.
Eyni zamanda, sorğuda iştirak edən sakinlərin 80,3 faizi baş nazir Nikol Paşinyan və komandasının hazırda fəal şəkildə hazırlaşdığı konstitusiya dəyişikliyinin əleyhinədir. Onlardan yalnız 3,3 faizi ölkənin əsas qanunun dəyişdirilməsinə müsbət yanaşdığını ifadə edib.
Sorğunun nəticələri əslində Ermənistanın Qərblə Rusiya arasında siyasi poliqona çevrilməsinin təzahürüdür. Niyə məhz Rusiya? Çünki KTMT-nin leytmotivi rəsmi Moskvadır.
Ermənistan əhalinin cəmi 17 faizinin Rusiyanın KTMT-də qalmasını dəstəkləməsi o deməkdir ki, xalqın əksər hissəsi hakimiyyətin siyasətini dəstəkləyir. Görünür, iqtidar KTMT-ni ittiham edən çıxışlarla ictimai rəyi formalaşdırmağı bacarıb.
Yeri gəlmişkən, etiraf etmək lazımdır ki, Paşinyan ictimai rəylə işləməyi bacarır. Bu, əvvəllər də bir neçə dəfə özünü göstərib.
Ermənistanın perspektivdə KTMT-dən çıxması Rusiya üçün birbaşa anlamda o qədər də əhəmiyyətli deyil. Çünki faktiki olaraq İrəvan təşkilatın, bəlkə də, ən zəif üzvüdür. Yəni Ermənistanı KTMT-ni tərk etməsi ilə qurum nə isə itirməyəcək, zəifləməyəcək. Amma “medalın görünməyən tərəfi” də var.
Məsələ burasındadır ki, Ermənistan KTMT-dən çıxmaqla Rusiyanın bölgədəki təsir “rıçaklarını” daha da zəiflədə bilər. Çünki bu gün həm Qərb, həm də Rusiya məhz bölgənin ən zəif bəndi olan Ermənistan vasitəsilə regiondakı maraqlarını təmin etməyə çalışırlar.
Bu nöqteyi- nəzərdən düşünmək olar ki, Ermənistanın KTMT-dən çıxması, bəlkə də, Qərbin tələbidir. Hər halda bu yolla Rusiyanın regional imkanlarının zəifləməsi ABŞ və Fransanın maraqlarına uyğundur.
Ermənistanla Qərb dövlətləri və təşkilatları, o cümlədən NATO arasında artan əməkdaşlıq, həmçinin ABŞ ilə keçirilən birgə hərbi təlimlər bu ehtimalı daha da gücləndirir.
Ermənistanın gələcəkdə KTMT-dən hüquqi baxımdan da çıxması istisna deyil. Hərçənd İrəvan, yəqin ki, bunun üçün tələsməyəcək. Çünki Ermənistanın təşkilat daxilindəki fəaliyyəti onsuz da dayandırılıb.
Ermənistan KTMT-dən de-yure çıxmaqla Rusiyanın növbəti dəfə “damarına basmış olacaq”. Rusiya bunu Ermənistan hakimiyyətinə bağışlayarmı? Bu, ciddi sualdır.
Hər halda ABŞ-nin Şərqi Avropada etdiyi göz önündədir: Ukraynanı təhrik edərək, bölgəni cəhənnəmə, rəsmi Kiyevi qurbana çevirdi. İndi eyni ssenari Ermənistanda da təkrarlana bilər. Qərbin təhriki ilə İrəvanın KTMT-dən çıxması və Rusiyaya meydan oxumaq cəhdləri perspektivdə Ermənistanın iki tərəf arasında hərbi poliqona çevrilməsi ilə nəticələnə bilər.