Ermənistanın regional xarici siyasətinin ən spesifik xüsusiyyətlərindən biri ikibaşlı hərəkətlərdir. Belə ki, rəsmi İrəvan bir tərəfdən sülhdə, sabitlikdə maraqlı olduğunu deyir, digər tərəfdənsə prosesi uzatmağa çalışır. Bu, aydın görünür. Məsələ burasındadır ki, Ermənistan baş naziri Nikol Paşinyan və digər rəsmilər Azərbaycanla münasibətlərin normallaşması üçün bütün lazımi addımları atdıqlarını iddia edirlər. Digər tərəfdən, sülh üçün lazımi iradəyə sahib olmadıqlarını özləri də etiraf edirlər. N.Paşinyan yanvarın 28-də demişdi ki, İrəvan sülh müqaviləsinin imzalanmasının gözləniləndən daha çox vaxt aparacağı təqdirdə, Bakıya hücum etməmək haqqında paktı bağlamağa dəvət edib.
“Biz Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmini, habelə sülh müqaviləsinin bağlanmasının gecikdiriləcəyi təqdirdə, hücum etməmək haqqında paktı imzalamağı təklif etmişik” - deyə bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi bu təklifə operativ münasibət bildirərək bəyan etdi ki, bu, sülh prosesindən fikir yayındırmaq məqsədi daşıyır.
Yanvarın 31-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bu barədə danışdı. O dedi ki, Cənubi Qafqazda sülhün ən yaxşı təminatı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin əldə etdikləri üçtərəfli razılaşmaların prinsiplərindən istifadə edilməsidir.
M.Zaxarovanın sözlərinə görə, bu razılaşmalara Bakı və İrəvan arasında barışıq üçün alternativ olmayan yol xəritəsi, eləcə də ölkələr arasında sülh sazişinin hazırlanması daxildir.
2020-ci ilin noyabrında Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanat, ən azından sənəddə əksini tapan müəyyən maddələr, doğrudan da, sülhə töhfə verə bilərdi. Əgər İrəvan bu maddələrə əməl etsə idi...Məsələn, sözügedən sənədin tələblərinə görə, Rusiya sülhməramlıların Qarabağa girməsi ilə paralel olaraq erməni silahlı birləşmələri ərazini tərk etməli idi. Amma Ermənistan bu maddəni yerinə yetirməkdən imtina etdi. Səbəb aydın idi: revanşa cəhd, separat meyillərdən əl çəkməmək. Nəticə etibarı ilə rəsmi Bakı yenə öz işini özü gördü: bir günlük antiterror tədbirləri ilə Qarabağda tam suverenliyi bərpa etdi. İkinci bir tərəfdən, sənəddə kommunikasiya xətlərinin açılması nəzərdə tutulurdu. Lakin gedişat göstərdi ki, Ermənistan bu məsələdə, həmçinin Zəngəzur dəhlizinin açılmasında da səmimi deyil.
Beləliklə, Ermənistanın üçtərəfli bəyanatı pozması, N.Paşinyanın öz imzasına hörmət etməməsi artıq çoxlarına, o cümlədən rəsmi Moskvaya məlumdur.
N.Paşinyan yaxşı bilir ki, kənar güclərin təsiri altındadır. ABŞ, Fransa kimi dövlətlər Ermənistanın “beynini yumaqla” həm də sülh gündəliyinə zərbə vururlar. Bunu Kreml də başa düşür.
Təhlükəsizliklə bağlı pakt əslində həm də Ermənistanın acizliyinin, iradəsizliyinin etirafı idi. Sual yaranır: əgər Ermənistanın gündəliyində sülh varsa, onda belə bir pakta nə ehtiyac? Onsuz da sülh sazişinin imzalanması həm də təhlükəsizliyə təminat verir.
M.Zaxarovanın açıqlaması onu göstərdi ki, bu təklif Rusiya üçün də absurddur. Çünki artıq mexanizm var. Belədirsə, yenidən “Amerika kəşf etməyə” ehtiyac varmı?
Aydın məsələdir ki, Ermənistan həm də Rusiyadan uzaqlaşmağa, Moskvanın proseslərə təsirini azaltmağa çalışır. Və bunu məhz Qərbin diktəsi ilə həyata keçirir. Məqsəd regionda Rusiyanın mövqeyini əvəz etməkdir. Bu isə əlbəttə, Moskvanın çoxillik planlarına uyğun deyil. Rusiya XİN rəsmisi üçtərəfli bəyanatı boş yerinə xatırlatmadı. Fikrimizcə, bu, həm də Ermənistana xəbərdarlıq kimi qiymətləndirilə bilər.
Tarixi təcrübə göstərir ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün Moskva daha yaxşı platformadır, nəinki Brüssel və Vaşinqton. M.Zaxarovanın dediyi kimi, üçtərəfli bəyanat əslində sülh sazişi üçün yol xəritəsidir. Yetər ki, Ermənistan hakimiyyəti reallıqları düzgün qiymətləndirsin.
Düşünmək olar ki, Ermənistanın “orijinal” təklifləri İrəvan-Moskva münasibətlərinin daha da gərginləşməsinə səbəb olacaq. Çünki bu təşəbbüslər təkcə sülh gündəliyindən yayınmağa yox, həm də Rusiyanın regional təsir imkanlarını azaltmağa hesablanıb.
Ermənistan bu ampluasını davam etdirərsə, yaxın gələcəkdə sülh sazişinin imzalanması real görünmür. Çünki qarşı tərəf yaranan münbit şəraitdən istifadə etmək əvəzinə, geri çəkilir.
Onu da demək yerinə düşər ki, Rusiya regionun aparıcı aktorlarından biri olmaqla yanaşı, həm də normallaşma əlaqələrinin fəal iştirakçıdır. Belə olan halda Ermənistanın maraqlarına zidd davranması heç də sülhə töhfə vermir, əksinə, yeni maneələr ortaya çıxarır.
İrəvanın Moskvanın iradəsindən kənar sülh istiqamətində irəliləyişə doğru addım ata bilməsi inandırıcı görünmür. Qərb regionda təsir gücünü qorumaq üçün gərginliyin qorunmasını istəyir. Rəsmi İrəvan isə Qərbin “sifarişlərini” yerinə yetirir, Rusiyanın ortaya qoyduğu sülh mexanizmindən yayınır. Belə olan halda necə konstruktiv mövqe haqqında danışa bilərik?
Beləliklə, Ermənistan hakimiyyəti “oturduğu budağı kəsir”. Bu isə rəsmi İrəvanı çoxdan qorxduğu vətəndaş müharibəsinə doğru aparır. Çünki hakimiyyət konkret siyasi iradə ortaya qoya bilmədikcə, müxalifət fəallaşır, ölkədə qütbləşmə yaranır.