Ermənistan Frankofoniya sammitində Azərbaycana qarşı təxribata cəhd edə bilər - ŞƏRH

Ermənistan Frankofoniya sammitində Azərbaycana qarşı təxribata cəhd edə bilər - ŞƏRH Bakı. 3 oktyabr. REPORT.AZ/ Ermənistanda sular hələ də durulmayıb. Ölkənin baş naziri Nikol Paşinayn parlamentin buraxılması, cari ilin dekabrın sonunadək növbədənkənar seçkilərin keçirilməsi təklifini irəli sürür.
Analitika
3 Oktyabr , 2018 15:58
Ermənistan Frankofoniya sammitində Azərbaycana qarşı təxribata cəhd edə bilər - ŞƏRH
0 : 00
0 : 00

Bakı. 3 oktyabr. REPORT.AZ/ Ermənistanda sular hələ də durulmayıb. Ölkənin baş naziri Nikol Paşinayn parlamentin buraxılması, cari ilin dekabrın sonunadək növbədənkənar seçkilərin keçirilməsi təklifini irəli sürür.

Onun bu təklifi hələ müqavimətlə qarşılanır.

Ermənistanda həyatının başqa sahələrini təftiş etmədən belə, bu ölkədə vəziyyətin heç də yaxşı olmadığını söyləmək olar. Belə bir vəziyyətdə isə Ermənistan Frankafoniya sammiti keçirməyə hazırlaşır. Bu tədbir oktyabrın 11-12-də Yerevanda baş tutacaq.

Sammitdə 100-dən çox yüksək vəzifəli nümayəndənin, o cümlədən Fransa prezidenti Emmanuel Makron və Kanadanın baş naziri Castin Trüdonun da qatılacağı gözlənilir.

Qeyd edək ki, Frankofoniya 58 ölkəni özündə birləşdirən fransız dillilərin beynəlxalq əməkdaşlıq təşkilatıdır. 26 ölkə bu qurumda müşahidəçi statusu daşıyır.

Frankofoniya indiki formada 1970-ci ildən fəaliyyət göstərir. Təşkilatın devizi belədir: bərabərlik, qarşılıqlı tamamlayıcılıq, həmrəylik.

Quruma üzvlük üçün əsas meyar heç də həmin ölkə əhalisinin fransız dilində danışması deyil (hərçənd bu hal alqışlanır), daha çox Fransa ilə uzun on illər, hətta əsrlərboyu mövcud olan mədəni əlaqələr götürülür.

İlk dəfə frankofoniya termini 1880-ci ildə fransız səyyah Onezim Reklü tərəfindən işlədilib. O, dünya əhalisinin dil üzrə elmi təsnifat apararkən bu ifadədən istifadə edib.

1968-ci ildə Frankofoniya lüğətə salınıb və iki mənada işlədilir: fransız dilində danışanlar, fransızca danışan xalqlardan ibarət cəmiyyət.

Nə qədər qəribə olsa da Ermənistan bu təşkilata 2008-ci ildə üzv qəbul edilib. Həmin il martın 1-də ölkədə baş tutan prezident seçkisinin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq paytaxt Yerevanda dinc aksiyalar keçirilmişdi. Ordu və polis mitinqi güc vasitəsilə dağıtmış və nəticədə 10 aksiya iştirakçısı öldürülmüş, onlarla insan yaralanmışdı.

Nikol Paşinyan hökuməti isə hadisələrlə bağlı o vaxt başlanılan cinayət işinə yenidən baxır. Həmin işlə bağlı artıq keçmiş prezident Robert Koçaryan barəsində cinayət işi başlanılıb, onun ölkədən çıxışına qadağa qoyulub. 

Belə bir hadisədən sonra Ermənistanın təşkilata üzv qəbul edilməsi Frankofoniya devizinə tam ziddir. Onda belə çıxır ki, bu qurumun rəhbərliyi Yerevanda dinc etiraz aksiya iştirakçılarının qanını tökənlərlə həmrəydir?! Bundan başqa humanizm, sülh, insan hüquq və azadlıqları kimi dəyərlər üzərində qurulmuş bir təşkilat 20-ci əsrin ən böyük faciələrindən birini – Xocalı soyqırımını törətmiş və bunu ən yüksək səviyyədə dəfələrlə utanmadan və qürur duyaraq etiraf etmiş bir dövləti bu quruma necə qəbul edib? Yoxsa Fankofoniya həmin cinayəti törədənlərlə həmrəy olub?!

Ona görə belə demək olar ki, beynəlxalq əməkdaşlıq təşkilatı Ermənistanda belə bir sammiti keçirməklə nəinki özünə, hətta bu dövləti üzvlüyə qəbul etməklə nizamnaməsinə xəyanət edib.

Fransa Azərbaycanın işğal altında olan torpaqlarının işğaldan azad edilməsində beynəlxalq vasitəçi rolunda çıxş edir. Bu dövlət ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən biridir. Sammitin Ermənistanda keçirilməsinə razılıq vermək, Fransa prezidentinin həmin tədbirdə iştirak etmək istəyi ilə rəsmi Paris münaqişənin həllində ədalətli mövqe tutacağına şübhəni artırır.

Fransa prezidenti Emmanuel Makron

Bundan başqa təşkilat üzvləri ayrı-ayrılıqda və ya beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını tanıyıb, bir çox hallarda bu faktı qəti şəkildə pisləyib. Frankofoniya üzvlərinin bir qismi Avropa Şurasında və bir hissəsi isə İslam Əməkdaşlıq Təşkilatında Dağlıq Qarabağın işğal faktını təsdiqləyib. Moldova kimi üzv dövlətin ərazisində də həll edilməmiş münaqişə mövcuddur.

Belə bir halda sammitin Yerevanda keçirilməsinə razılıq vermələri həmin dövlətlərin səbatsız mövqelərinin göstəricisi də sayıla bilər.

Onlar bu sayaq davranışıları ilə Ermənistanın işğalçı olmasına, Xocalı soyqrımını törətməsinə haqq qazandırmış kimi görünürlər.

Bir neçə kəlmədə sammitdə ev sahibliyi edəcək ölkədəki vəziyyət barədə.

Hazırda Ermənistanın iqtisadi cəhətdən vəziyyətinin ağır olduğunu demək yenilik deyil. Ermənistan bir ölkə olaraq, hazırda səfalət içərisində yaşayır. Rəsmi statistikaya görə ölkədə yoxsulluq 30 faizə, reallıqda isə 50 faizə çatır. Ağır sosial vəziyyət ucbatından Ermənistan əhalisi kütləvi şəkildə köç edir. İşsizlik, depopulyasiya və s. hallar ölkənin vəziyyətinin ağırlığından xəbər verir. Bu ölkəyə sərmayə qoymağa heç bir dövlət və iş adamı risk etmir. Yürütdüyü işğalçılıq siyasəti səbəbindən xarici bazarlara çıxışı məhduddur.

Ermənistanın sıravi vətəndaşları ailələrini dolandırmaq üçün xarici ölkələrə üz tutur, oralarda hər cür iş görməyə razılıq verirlər.

Bununla yanaşı demək olar ki, iqtisadiyyatı olmayan bu ölkə xarici ianələr hesabına mövcudluğunu davam etdirir.

Belə bir şəraitdə bu qədər xarici qonağı qəbul etməyə Ermənistanın nə maddi imkanı, nə də logistik şəraiti var. Nümayəndə heyətlərini qarşılamaq üçün xüsusi avtomobillər, həmçinin qonaqların yerləşdirilməsi üçün mehmanxana belə tapılmır.

Təhlükəsizlik baxımından da Ermənistan güvəniləsi ölkə deyil. Cari il sentyabrın 11-də internetdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan ilə Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryan arasında baş tutan telefon danışığının səs yazısı yayılıb. Onlar 8 dəqiqədən çox etdikləri söhbət zamanı Ermənistanın sabiq prezidenti Robert Koçaryanın həbs edilməsini, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov və ölkənin keçmiş müdafiə naziri Mikael Arutyunyana qarşı açılmış cinayət işlərini müzakirə ediblər.

Ölkənin əsas güc strukturlarından ikisinin rəhbərinin telefon danışığının dinlənilməsi Ermənistanda təhlükəsizliyinin təmin edilmədiyinin göstəricisidir.

Artur Vanetsyanın həyat yoldaşı və uşaqlarını bir neçə aydır ölkədən çıxarması da bunu təsdiqləyir. Məlum telefon danışığının gizli şəkildə yazılışı aşkarlandıqdan sonra Artur Vanetsyan ailəsi ilə bağlı təhlükəsizlik probleminin yarandığını bəyan etmişdi. Direktor təhlükəsizlik baxımından hökumətin bağ evinə köçüb. Artur Vanetsyan dar çərçivədə yaranmış vəziyyətdən narahat olduğunu gizlətməyib. O, ağır işi çiyninə götürdüyünü, bunun özünə və yaxın ətrafına başağrısı olacağını söyləyib.

Bu baxımdan Ermənistanda hərc-mərclik var. Kimin kimə və nəyə xidmət etdiyi məlum deyil. Öz vətəndaşlarının təhlükəsizliyini təmin edə bilməyən, hətta bu sahəyə cavabdeh qurum başçısını qorumaqda çətinliklə üzləşən bir dövlət Frankofoniya sammitinə gələn qonaqların təhlükəsizliyini necə təmin edə biləcək?

Ermənistan təkmillətli və təkdinli bir cəmiyyətdir. Ancaq Frankofoniyada fərqli etnik struktura, inanca, dünyagörüşünə malik insanlar var. Odur ki, Ermənistan həmin cəmiyyətlərin təmsilçilərinə dözümlülük göstərə biləcəkmi?

Ermənistan mahiyyətindən asılı olmayaraq, bir çox beynəlxalq tədbirləri siyasiləşdirməyə adət edib. Onlar adətən saxta “soyqırım” və Dağlıq Qarabağla bağlı cəfəng iddialar irəli sürürlər. Baş nazir Nikol Paşinyanın BMT Baş Assambleyasının 73-cü sessiyasındakı çıxışı da bunu təsdiqləyir.

Beynəlxalq təşkilatlarda təmsil olunanlar ermənilərin xislətinə artıq bələddirlər, onların hay-küyünə və vay-şüvəninə o qədər də məhəl qoyulmur. Yerevan sammitində iştirak edəcək dövlətlər arasında Azərbaycanla dost münasibətdə olan, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr, Avropa və Asiya dövlətləri də var.

Kanadanın baş naziri Castin Trüdo

Odur ki, Ermənistan yekun sənədə Azərbaycanın maraqlarına zidd olan müddəa təklif edərək, həmin ölkələrin Azərbaycanla münasibətlərinə də zərbə vurmağa çalışacaq. Ancaq təcrübə onu da göstərir ki, beynəlxalq qurumlarda və tədbirlərdə Ermənistanın Azərbaycana qarşı əsassız çıxış və iddiaları qəbul edilməyib. Ümid etmək olar ki, Avropa Şurası və İƏT-ə üzv, eləcə də başqa dost ölkələrin sammitdə iştirak etməsi həm tədbirin gedişində, həm də yekun sənəddə Ermənistanın hakim dairələrinin Azərbaycana qarşı təbliğat məqsədli addımına mane olacaq.

Frankofoniya təşkilatının lideri Fransa isə Minsk qrupunun həmsədri kimi neytrallığını, imicini və bir tərəfdaş kimi Azərbaycandakı iqtisadi maraqlarını qorumaq naminə Ermənistanın ehtimal olunan, yaxud mümkün təxribatçı addımını əngəlləyən əsas ölkə olmalıdır. 

Fransa ilə uzun illər əməkdaşlıq Frankofoniyanın əsas prinsiplərindəndir. Azərbaycan bu ölkə başda olmaqla quruma üzv (Ermənistan istisnadır) dövlətlərin hamısı ilə bu prinsipə uyğun davranır. Odur ki, təşkilat üzvlərinin əməkdaşlığa və qurumun prinsiplərinə zidd hərəkətləri arzuolunmaz nəticələrə səbəb ola bilər.

Son xəbərlər

Orphus sistemi