Ermənistanda bir il əvvəl başlamış dəyişikliklər prosesi davam edir. Belə ki, mayın 19-da ölkənin baş naziri Nikol Paşinyan vətəndaşlara müraciət edərək bütün məhkəmə binalarının giriş və çıxışını bağlamağa çağırıb. O, ədliyyə sahəsində də inqilab edəcəklərini vurğulayıb. Baş nazirin günorta saatlarında məhkəmə sistemi ilə bağlı çıxış edəcəyi gözlənilir.
Etirazçılar mayın 20-də "Ədalətli məhkəmə adına!” şüarı altında səhər saatlarından Yerevan da daxil olmaqla ölkədəki məhkəmə binalarını mühasirəyə alıb, giriş və çıxışı bağlayıblar. Aksiya iştirakçıları Ermənistan
Əslində, Ermənistanın keçimiş prezidenti Robert Koçaryan barəsində həbs qətimkan tədbirinin ləğvi məhkəmə sistemində dəyişikliklərin edilməsi ilə bağlı aksiyaların başlaması üçün qığılcım da sayıla bilər. İnqilab nəzərdə tutduğu hədəflərə bütün sistemi dəyişdiyi halda çata, yaxud həmin istiqamətdə uğur əldə edə bilər. Ermənistanda bir il əvvəlki hadisələr fonunda parlament seçkiləri keçirildi. Nikol Paşinyanı dəstəkləyən siyasi qüvvələr bu kampaniyadan qalib çıxdılar. Ancaq Ermənistanda hakimiyyətin üç qolundan ikisinə onlar nəzarət etsələr də, məhkəmə sistemi köhnə rejimdən qalmadır. Paşinyan da xalqa bugünkü müraciətində ədliyyə sistemini qeyri-legitim adlandıraraq onu köhnə rejimin mirası sayıb. Ona görə də bu sistemdə inqilabın tələblərinə uyğun olaraq dəyişikliklərin aparılmasının vacibliyi gündəliyə çıxıb.
Yeri gəlmişkən, Robert Koçaryanın həbsi məsələsi Ermənistan üçün adi hadisə olmadığı kimi, zaminə buraxılması da sıradan bir hadisə deyil. 2008-ci il martın 1-də baş vermiş hadisələrlə bağlı 2018-ci il iyulun 27-də onun barəsində həbs qətimkan tədbiri seçilib. Onda bu hadisə Rusiya-Ermənistan münasibətlərinin daha da gərginləşməsinə təsir göstərdi.
Başqa sözlə, Nikol Paşinyan hökumətinin bu addımı Ermənistanın xarici siyasi kursu üçün təyinedici, istiqamətverici hadisə də sayıla bilərdi. Elə buna görə də yeni hakim elitanın Kremldənqaçan qüvvə olaraq təqdim edilməsi təsadüfi deyildi. Sonrakı dövr ərzində rəsmi Yerevan Moskva ilə münasibətlərini normallaşdırmaq üçün çox canfəşanlıq etsə də, hələlik etimadı qazana bilməyib. Ötən il Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfərini təxirə salmasına da bunun təsir etdiyi istisna edilmir. Onun cari il oktyabrın 1-də Yerevana rəsmi səfəri ilə bağlı bu yaxınlarda xəbər yayılıb. Robert Koçaryanın zaminə buraxılmasını Rusiya prezidentinə hədiyyə də saymaq olar. Hətta həbsdə olarkən Vladimir Putin Ermənistanın keçmiş prezidentinə məktub yazmış, onu “dost”u adlandırmışdı.
Hər halda Putinin dostunun zaminə buraxılması məhkəmə sistemində problemin olması kimi təqdim olunub. Onda belə çıxır ki, Ermənistanın ədliyyə sistemi birmənalı olaraq öz dövlətinin maraqlarından çıxış etmir. Bu isə Koçaryanla eyni maddələr üzrə ittiham olunan keçmiş müdafiə naziri Seyran Ohanyan, Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi, general-polkovnik Yuri Xaçaturov, baş nazirin keçmiş müavini Armen Gevorkyanın məhkəmə işinə baxılan zaman müəyyən güzəştlərin ediləcəyini ehtimal etməyə əsas verir. Xatırladaq ki, 2008-ci il fevralın 19-da prezident seçkisinin nəticələrinin Serj Sarkisyanın xeyrinə saxtalaşdırılmasına etiraz olaraq martın 1-i və 2-də aksiya keçirilmişdi. Fasiləsiz etiraz aksiyalarının hakimiyyət qüvvələri tərəfindən dağıdılması nəticəsində 10 nəfər, o cümlədən 2 polis əməkdaşı ölmüş, 200-dən çox aksiyaçı xəsarət almışdı. Yeri gəlmişkən, onların ittiham edildikləri maddələr üzrə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Onlar konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə mühakimə olunurlar.
Belə ehtimal etmək olar ki, Paşinyanın məhkəmə sistemində isahatların aparılmasına gücü çatmır. Məsələn, Robert Koçaryanın məhkəməsinin hakimi David Qriqoryan barəsində bir neçə ay əvvəl inzibati cəza verilmişdi. Keçmiş prezidentin məhkəmə prosesini aparmaq üçün bir müddət hakim tapılmadı. Sonra bu iş Qriqoryana həvalə olundu. O, da “işinin öhdəsindən” gəldi və Koçrayanı min dollar girov qarşılığında zaminə buraxdı. Halbuki Yuri Xaçaturovun zaminə buraxılması üçün 10 min dollardan çox girov qoyulmuşdu.
Bu baxımdan, ədliyyə sistemində də başıpozuqluğun qarşısını almaq üçün Paşinyan ölkə vətəndaşlarını aksiyaya çağırıb. Bu sahədə islahatların aparılmaması bir il əvvəl başlamış proseslərin dayanmasına və ya qurulan yeni idarəetmə sisteminin dağılmasına, nəhayət, Paşinyan hökumətinin iflasına səbəb ola bilər. Odur ki, Paşinyan və onu dəstəkləyən siyasi qüvvələr ali qanunverici və icraedici orqanla yanaşı, məhkəmə sisteminə də tam nəzarəti ələ almağa çalışır. Bundan sonra iki mərhələdə də başa çatması daha məqsədəuyğun olardı: prezidentin dəyişməsi və yeni konstitusiya. Hazırda ölkə xaricində işgüzar səfərdə olan prezident Armen Sarkisyan ölkədə yaranmış vəziyyətlə əlaqədar xalqa müraciət edib. O, qanunverici, icraedici və məhkəmə sisteminin konstitusiyaya xidmət etməsinin vacibliyini vurğulayıb. Prosesin davam etməsi üçün narazı prezident Armen Sarkisyanın gələcək siyasi karyerası öz həllini tapmasa, Paşinyana müxalif qüvvələr onun ətrafında toplaşıb sonradan meydana çıxa bilər. Bu kütləvi etiraz aksiyası başqa bir məsələyə də aydınlıq gətirib. Bir il əvvəl milyarder-deputat Qaqik Sarukyanın başçılıq etdiyi Çiçəklənən Ermənistan Partiyası Nikol Paşinyanı müdafiə edirdi. Məhkəmə sistemi ilə bağlı aksiyalarda onun tərəfdarları görünməyib. Bu siyasi qurum Nikol Paşinyanı başladığı etiraz aksiyasını dayandırmağa çağırıb. Bu isə onu göstərir ki, Paşinyanın Sarukyana qarşı başladığı proses öz nəticəsini verməkdədir. Ermənistanın ombudsmanı Arman Tatoyan da baş naziri ölkə konstitusiyasına qarşı fəaliyyət göstərməkdə ittiham edib.
Nəhayət, Koçaryanın zaminə buraxılması Qarabağ klanının da gücünü göstərdi. Məlum olduğu kimi, Robert Koçaryan Azərbaycanın keçmiş vətəndaşıdır və Xocalı soyqrımının törədilməsinə rəhbərlik edənlərdəndir. Onun həbsdən buraxılması üçün Qarabağdakı separatçı rejimin indiki başçısı Bako Saakyan və keçmiş başçısı Arkadi Qukasyan zamin durub. Nəzərə almaq lazımdır ki, Qarabağdakı erməni separatçıları bir qayda olaraq Moskvanın çubuğu ilə idarə olunurlar. O zaman belə ehtimal etmək olar ki, Koçaryana Moskva da zamin durub. Onda təbii olaraq belə bir sual yaranır: Vladimir Putini oktyabrda Yerevanda dostu Robert Koçaryan hansı statusla qarşılayacaq? Keçmiş prezidentin həbsdən buraxılması Rusiyanın Ermənistanla bağlı başladığı yeni kurs deyil?
Beləliklə, Ermənistanın “Adekvad” İctimai Birliyinin Avropa İttifaqının Yerevandakı nümayəndəliyinin qarşısında etiraz aksiyası keçirməsi yeni hadisələrin baş verəcəyini ehtimal etməyə əsas verir. Aksiya iştirakçıları əlində üzərində “Take your puppets back!” (“Kuklalarınızı götürün!”), “Armenia under occupation!” (“İşğal edilmiş Ermənistan!”) yazılmış plakatlar tutublar. Təşkilat bildirib ki, Nikol Paşinyan Ermənistanı dövlətçilik itkisinə aparan sabotajın yalnız ifaçısıdır, idarəetmənin əsas rıçaqları isə xarici agentlər şəbəkəsi vasitəsilə gizli sahiblərin əlindədir. Ötən il isə aksiya iştirakçıları Rusiyanı işğalçı adlandırır, əllərində belə bir şüar yazılan plakat tuturdular. Bütün hallarda Nikol Paşinyan və onu dəstəkləyən siyasi qüvvə yeni imtahan qarşısındadır. Ölkə ictimaiyyəti artıq cəbhələşib: Avropa, qərbyönlülər və Rusiyasevərlər, Rusiyayönlülər. Onlar arasında ixtilaf yeni qarşıdurma üçün çox güclü əsas ola bilər.