Ermənistan Azərbaycanla sülhdən niyə qaçır? - Nazirdən Bakının tələbinə eyham - ŞƏRH

Ermənistan Azərbaycanla sülhdən niyə qaçır? - Nazirdən Bakının tələbinə eyham - ŞƏRH Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması uzun müddətdir gündəmdədir. Bu istiqamətdə bir çox əngəl artıq aradan qalxıb. Sülh sazişi üçün tarixi fürsət yaranıb. Hər iki tərəf bunu bildirir.
Analitika
30 Avqust , 2024 16:24
Ermənistan Azərbaycanla sülhdən niyə qaçır? - Nazirdən Bakının tələbinə eyham - ŞƏRH

Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması uzun müddətdir gündəmdədir. Bu istiqamətdə bir çox əngəl artıq aradan qalxıb. Sülh sazişi üçün tarixi fürsət yaranıb. Hər iki tərəf bunu bildirir.

Bu gün sülh sazişinə mane olan əsas məsələ Ermənistanın Azərbaycana qarşı ərazi iddialarıdır. Bu ərazi iddiaları Ermənistan konstitusiyasında öz əksini tapıb. Odur ki, rəsmi Bakı İrəvandan əsas qanunundakı sözügedən müddəanın dəyişdirilməsini tələb edir.

Azərbaycanın haqlı tələbi Ermənistan daxilində də ciddi ajiotaj yaradıb. Ermənistanın ədliyyə naziri Qriqor Minasyan avqustun 29-da deyib ki, 2027-ci ildə Ermənistanda konstitusiya referendumunun keçirilməsi planlaşdırılır.
“Bizə konstitusiya dəyişikliyi yox, yeni konstitusiya lazımdır. Biz bu məsələni müzakirə etdik və konsensusa gəldik”, – o, jurnalistlərə bildirib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyini bəyan edib.

Əgər Ermənistan konstitusiyasına dəyişiklik etməzdən əvvəl sülh sazişi imzalanarsa, bu, o deməkdir ki, İrəvan gələcəkdə qanunvericiliyinə əsaslanaraq yenə də revanş cəhdi edə bilər. Azərbaycan isə bunu istəmir və məsələni birdəfəlik həll etməyə çalışır.

Ermənistan konstitusiyasında həm də Türkiyəyə qarşı ərazi iddiaları var. Bu isə o deməkdir ki, Ermənistan konstitusiyanın dəyişdirilməsi həm də Ankaranın tələbidir. Bu baxımdan, Q.Minasyanın açıqlaması diqqət çəkir. O, “Bizə konstitusiya dəyişikliyi yox, yeni konstitusiya lazımdır” deməklə, yəqin ki, bir neçə məqama işarə vurmaq istəyib. Azərbaycanın tələbinin konstitusiya dəyişikliyi olduğunu bilən nazir, yəqin ki, bu açıqlama ilə demək istəyib ki, biz Bakının tələblərini yox, öz maraqlarımızı icra edirik. Bu kontekstdən sözügedən açıqlama daha çox daxili auditoriyaya hesablanıb.

İkincisi, nazir konstitusiya dəyişikliyi yox, məhz yeni konstitusiya məsələsini gündəmə gətirməklə, yəqin ki, bu prosesin vaxt alacağını bildirmək istəyib. Beləliklə, ola bilsin, həm də Ermənistan Azərbaycandan vaxt istəyir.

Ancaq bir məqamı nəzərə almaq lazımdır: əgər nazir yeni konstitusiyanı Bakının tələbi olan konstitusiya dəyişikliyinə alternativ olaraq nəzərdə tutursa və bunun üçün üç il sonranı göstərirsə, bu, Azərbaycanın maraqlarına uyğun deyil. Bu, o deməkdir ki, ən azı 2027-ci ilə qədər sülh sazişi imzalanmayacaq.

Beləliklə, belə nəticəyə gəlmək olar ki, Bakı ilə sülh sazişinin imzalanmasında və regional əməkdaşlıqda maraqlı olduğunu desə də, Ermənistan hakimiyyəti əməldə süni əngəllər yaradır. Rəsmi İrəvanın bunu havadarlarının diktəsi və təsiri ilə etməsi heç də istisna deyil.

Yeri gəlmişkən, qeyd edək ki, ABŞ və Fransa kimi Qərb dövlətlərinin, həmçinin Hindistanın Ermənistanı sürətlə silahlandırması bu dövlətə ürək-dirək vermək deməkdir. Mümkündür ki, İrəvan məhz havadarlarının da dəstəyi ilə konstruktiv mövqe ortaya qoymaqdan çəkinir.

Əgər Ermənistan yeni konstitusiya adı altında vaxt qazanmaq, prosesi uzatmaq istəyirsə, mütləq bu reallığı nəzərə almalıdır: Azərbaycana qarşı ərazi iddiaları aradan qalxmadıqca sülh sənədi imzalanmayacaq. Bu isə ən çox İrəvanın özünə ziyandır. Çünki bu gün Ermənistan Qərblə Rusiya arasında faktiki olaraq siyasi poliqona çevrilib. Hər iki tərəf Ermənistan hakimiyyətinə təsir göstərməyə çalışır. Gələcəkdə Ermənistanın Ukraynanın taleyini yaşaması, Qərblə Rusiya arasında hərbi poliqona çevrilməsi ehtimalı da var. Belə bir vəziyyətdə Ermənistanın yeni təhlükəsizlik çətirinə ehtiyacı var. Bunun üçün ən optimal variant ən qısa vaxtda Bakı və Ankara ilə münasibətlərin normallaşmasıdır. İrəvan özünü bu imkanlardan məhrum edərək gələcəyi ilə bağlı sualların sayını artırır.

Son xəbərlər

Orphus sistemi